Səhnədə “Əsrə bərabər gün”

post-img

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxış olub.

Teatrdan bildirilib ki, ta­maşanın təqdimatında TÜRK­SOY-un Baş katibi Sultan Raev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Azər­baycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rekto­ru, professor Ceyran Mahmudo­va, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və ADA Universitetinin kollekti­vi iştirak edib.

Səhnə əsərini yüksək qiy­mətləndirən qonaqlar tamaşanın türkdilli ölkələrdə keçirilən teatr festivallarında nümayişini təklif edib, qastrol səfərlərinin təşkili ilə bağlı müzakirə aparılıb.

“Əsrə bərabər gün” tamaşa­sının müəllifi və quruluşçu rejis­soru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluş­çu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Tamaşa Çingiz xandan Çin­giz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşa­dığımız əsrə baxış adlandırıla bilər.

Səhnə əsəri Boranlı stansi­yasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qə­dim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atala­rını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə in­sanların heç sonsuz qalaktikada da yeri olmayacaq.

Tamaşa bağlanmış yol – “gi­riş qadağandır” əmrilə yaranmış kolliziya ətrafında keçmiş rə­vayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını iti­rib manqurta çevrilən nəslin fa­ciəsindən, qədim yurd yerlərin­də salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edil­məsinin fərqində olmayan, ge­netik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Laləzar Mustafayeva, Cəfər Namiq Kamal, Bəsti Cəfərova, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əməkdar ar­tistlər Abbas Qəhrəmanov, Elşən Rüstəmov, Anar Heybətov, Vəfa Rzayeva, aktyorlar Şəhla Əliqı­zı, İlyas Əhmədov, Afət Məm­mədova, Rüstəm Rüstəmov, Cavidan Novruzov və başqaları iştirak ediblər.

XQ

Mədəniyyət