Qardaşlığın mədəni körpüsü

post-img

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olu­nan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri və s. mədəni əməkdaşlığın göstəriciləridir.

Bakıda başlanan Tacikistan Mədəniy­yəti Günləri ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına yeni töhfədir. Mayın 20-də Heydər Əliyev Mərkəzində “Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri” sərgisi açılıb. Bir qədər sonra isə Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib, qonaq ölkənin incəsənət ustalarının qala-kon­serti təqdim olunub. 

Kino günlərinin bağlanışı mayın 23-də “Güzgü” filmi ilə olacaq. Həmin gün axşam isə qədim Nizami yurdunda – F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları konsert proqramı təqdim edəcəklər. 

Qeyd edək ki, Azərbaycan–Tacikistan münasibətlərinin qədim tarixi var və bir­gəlik ənənələri bu gün də yaşadılır. Hazırda dövlətlərimiz arasında əməkdaşlıq bir çox is­tiqamətlər üzrə uğurla inkişaf edir. 

Vaxtilə taciklər üçün həyati əhəmiyyəti olan “Nurek” Su Elektrik Stansiyasının ti­kintisinə sovet rəhbərliyi etiraz etsə də, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyev layihəni sonadək dəstəkləyib. Həmin su elektrik stansiyası bu gün də Tacikistanın sosial-iqtisadi inkişafında mühüm rol oynayır və əksər əraziləri elektrik enerjisi ilə təmin edir. Tacikistan dövləti və xalqı Heydər Əli­yevin bu ölkə üçün etdiklərini unutmur və minnətdarlıqla xatırlayır. Başqa sözlə desək, Nurekin yaydığı nur xalqlarımızın mədəni əlaqələrinə də güclü işıq salır.

Hələ ötən əsrin 60-cı illərində azərbay­canlı heykəltaraş, Stalin mükafatı laureatı olan Xalq rəssamı Fuad Əbdürrəhmanov tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsini yaradıb və o abidə Düşənbədə qoyulub. Digər məşhur Azərbaycan heykəltaraşı, AMEA-nın həqiqi üzvü, Dövlət mükafatları laureatı, Xalq rəssamı Ömər Eldarov isə Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Elə bu fakt­lar böyük etimad, dostluq, qardaşlıq deməkdir.

Düz 32 il əvvəl – mayın son günlərində müstəqil ölkələrimiz arasında möhkəm təməl üzərində diplomatik münasibətlər qurulub. Dövlət başçılarımızın rəsmi və işgüzar səfər­ləri münasibətləri daha da yaxınlaşıdırıb. Qar­şılıqlı mədəniyyət günləri və kino həftələrinin keçirilməsi ənənə halını alıb. 2007-ci ildə Azərbaycanda Tacikistan Mədəniyyət Gün­ləri, bir il sonra isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci ildə Bakıda Tacikistan kinosu günləri baş tutub. Ədəbiyyatların tərcümə mübadilələri də həya­ta keçirilir.

Ötən ilin aprelində Prezident İlham Əliyev Tacıkistana dövlət səfəri uğurla keçib. Orada imzalanan sənədlər arasında Mədəniyyət na­zirliklərinin və dövlət turizm qurumlarının əməkdaşlıq haqqında Anlaşma memorandum­ları, eləcə də “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İs­fara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da olub. Onu da xatırladaq ki, Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum var. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir. 

Bəli, bu gün möhkəm mədəni bünövrə Azərbaycanla Tacikistan arasında bütün is­tiqamətlər üzrə fəal qarşılıqlı əlaqələri təmin edir. İnanırıq ki, Tacikistan Mədəniyyəti Gün­ləri də qardaşlığımıza önəmli töhfələr verəcək.

***

Azərbaycanda Tacikistan Mədəniy­yət Günləri çərçivəsində “Nizami” Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi olub. 

Azərbaycan Dövlət Film Fondunun direk­toru, Əməkdar incəsənət xadimi Cəmil Quli­yev bildirib ki, qardaş və dost respublikaları­mız coğrafi baxımdan uzaq olsa da, uzun illər ərzində iki ölkə çox yaxın əməkdaşlıq edib. O əlavə edib ki, kinematoqraflarımız arasında həmişə sıx münasibətlər olub.

“Tacikfilm”in baş direktoru Mahmadsaid Şoxiyon qeyd edib ki, müstəqillik illərində Tacikistan və Azərbaycan arasında diplomatik münasibətlər dinamik inkişaf edib və bu gün qardaş xalqlarımızın xeyrinə mühüm nəticələr əldə olunub. 

Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodovun sözlərinə görə, iki qardaş ölkə arasında əməkdaşlığın mədəniy­yət günləri çərçivəsində davam etməsi sevin­dirici haldır. 

Sonda “Rüstəm və Sohrab” filmi nümayiş etdirilib.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət