“Biz bir torpağın övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub

post-img

Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda “Biz bir torpağın övladlarıyıq” adlı tədbir keçirilib.

Xalqlar arasında dostluğa aid tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusların və Daşkənddəki mədəniyyət mərkəzlərinin nümayəndələri, jurnalistlər, yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. 

Tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

İnstitutun elm və innovasiyalar üzrə prorektoru Azamat Eşonkulov tədbir iştirakçılarını və qonaqları salamlayaraq Özbəkistanda yaşayan xalqlar arasında sülhün və tolerantlığın qorunmasının ölkənin daxili siyasətinin əsasını təşkil etdiyini vurğulayıb.

 AMM-nin nümayəndəsi Yusif Məmmədov Azərbaycan və özbək xalqlarının  ortaq dəyərlərindən danışıb, həm Azərbaycan, həm də Özbəkistanda müxtəlif millətlərin və dini konfessiya nümayəndələrinin multikultural dəyərlərə hörmət, sülh, əmin-amanlıq şəraitində yaşadığını qeyd edib. O deyib ki, Azərbaycan xalqı başqa xalqların mədəniyyətinə həmişə hörmətlə yanaşıb. 

Tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzi üçüb ayrılan guşədə ölkəmizin mədəniyyəti, ədəbiyyatı, incəsənətini əks etdirən kitab sərgisi, həmçinin ağac, saxsı və digər materiallardan hazırlanan suvenirlərlə tanış olublar.

Tədbirin bədii hissəsində müxtəlif ölkələrin nümayəndələri, o cümlədən AMM nəzdindəki  “Azərbaycan” rəqs ansamblının üzvləri öz xalqlarının milli rəqslərini ifa ediblər.

Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Qulamdan Taqayeva dostluq, vətənpərvərlik haqqında şeirlər oxuyub.

Tədbirdə fəal iştirakına görə Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri Fərman və xatirə hədiyyələrlə  təltif edilib.

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 









Mədəniyyət