Azərbaycan Naşirlərinin Forumu

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Nəşriyyatları Assosiasi­yası, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akade­mik İsa Həbibbəyli elm və texnologiyanın inkişafı ilə baş vermiş dünya sənaye inqilab­larından danışaraq qeyd edib ki, bu tərəqqi sayəsində elektron kitab və kitabxanalar mey­dana gəlsə də, ənənəvi kitablar da öz oxucu­sunu qoruyub saxlaya bilib, hətta son illərdə kitab dövriyyəsində artım müşahidə edilib. Akademik bildirib ki, Azərbaycan kitabçıları və naşirləri öz fəaliyyətlərini həm real, həm də virtual bazarın tələblərinə uyğun qurmalı, kağız kitabların qalmasında, həmçinin elekt­ron kitabların inkişafında maraqlı olmalıdır­lar. 

Azərbaycanda elektron kitabxana işinin təşkilində müəyyən problemlərin olduğunu deyən AMEA prezidenti naşir və kitabçı­larımızın dünyaya çıxması baxımından bu istiqamətin təkmilləşdirilməsinin vacib ol­duğunu söyləyib. İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumunun AMEA-da keçirilməsi bu sahədəki redaktor, korrektor, kitab menecmentliyi kimi mövcud problemlərin müzakirəsinə və həlli yollarına öz töhfəsini verəcək. 

Azərbaycan Nəşriyyatları Assosiasiyası­nın sədri, Naşirlər Forumu və “Oxu günü”nün layihə rəhbəri Şəmil Sadiq deyib ki, Azərbay­can Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektoru­nun bir növ hesabatlılığını, ümumi problem­lərin həlli ilə bağlı təkliflərin formalaşmasını, yeni layihələrin hazırlanması üçün şəbəkələş­mənin təmin olunmasını hədəfləyir. Assosia­siyanın hesabatını təqdim edən natiq hazırda bu birliyin 28 üzvü birləşdirdiyini, nəşriyyat işinin sistemləşdirmək, nəşriyyatlararası əlaqələr yaratmaq və dünya kitab festivalla­rında iştirak baxımından mühüm rol oynadı­ğını diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib ki, forum Azər­baycan cəmiyyətinin kitaba olan diqqətini ar­tırmaq baxımından çox önəmlidir. O bildirib ki, bu gün ölkəmizdə müəyyən nəşr problem­ləri olduğu kimi, oxucu problemi də var və bunların aradan qaldırılması ilə bərabər, kita­ba olan marağı artırmaqla oxucu kütləsini də qorumaq lazımdır. Komitə sədri kitaba olan marağı artırmaq üçün kitabların reklamının ödənişsiz olmasının vacibliyini bildirib, həm­çinin kitabın zəruri ehtiyac malları kateqori­yasına daxil edilməsinin önəmini vurğulayıb. 

Məclisdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mus­tafa Karagüllüoğlu və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da müa­sir naşrlik sahəsinin təkmilləşdirilməsi, ki­tabın cəmiyyətdə təbliği baxımından önəmli məsələləri vurğulayıblar.

Forum öz işini “Nəşriyyat menecmentliyi və kitab marketinqi”, “Redaktə və tərcümə problemləri”, “Müəllif hüquqları və bey­nəlxalq əməkdaşlıqlar”, “Tərtibat, dizayn və qrafika”, “Uşaq nəşrləri və yeni yanaşma” mövzusunda panellərlə davam etdirib.

Forum çərçivəsində aprelin 27–28-də Milli Elmlər Akademiyasının həyətində “Oxu günü-10” sərgi-yarmarkası təşkil olunacaq.

XQ

Mədəniyyət