Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.
BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbiri rektor Yaqub Piriyev açaraq, builki konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında yer tutduğunu bildirib. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın yaşıl enerji zonası elan edildiyinə, həmin ərazilərdə görülən işlərə diqqət çəkən rektor yaşıl enerjinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib. Noyabr ayında paytaxtımızın COP29 kimi mötəbər tədbirə evsahibliyi edəcəyini deyən Y. Piriyev bunun beynəlxalq səviyyədə Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb. Rektor əsas mövzuları Böyük Qayıdış konsepsiyası, yaşıl enerji, süni intellekt olan konfransın ekoloji problemlər, yaşıl enerji ilə bağlı elmi baxışların bölüşdürülməsi üçün böyük fürsət olduğunu bildirib.
Beynəlxalq tədbirə 9 ölkədən ümumilikdə müxtəlif elm sahələri üzrə 700-ə yaxın tezis və məqalə göndərildiyi, onlardan 548-nin konfransın proqramına daxil edildiyi qeyd olunub.
Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi irsinin gənc tədqiqatçılar üçün böyük araşdırma mənbəyi olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində qazanılan şanlı zəfərdən sonra intellektual potensialın gücləndirilməsinə diqqətin daha da artırılmasının vacibliyini bildirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dövlətin həyata keçirdiyi uğurlu ekoloji siyasətdən söz açıb. Bu sahədə davamlı tədqiqatların vacibliyini də vurğulayan millət vəkili ekoloji tarazlığın qorunması istiqamətində görülə biləcək işləri sadalayıb, o cümlədən yaşıl texnologiyaların tətbiqi, alternativ və bərpa olunan enerji mənbələri kimi məsələləri nəzərə çatdırıb.
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov isə konfransın əhatə etdiyi sahələrin davamlı inkişafı istiqamətində son illər atılan addımlar, eləcə də ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən bəhs edib.
Çıxışlardan sonra plenar iclasda elmi məruzələr dinlənilib və sonda məruzəçilərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, ikigünlük konfransda gənc tədqiqatçılar əsas istiqamətlər üzrə seksiyalarda məruzələrlə çıxış edəcəklər.
Qabil YUSİFOĞLU
XQ