Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına orta ixtisas musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş milli musiqi alətləri ifaçıları və xanəndələrinin respublika festival – müsabiqəsi keçirilib.
Müsabiqə respublikada gənc istedadların inkişafının dəstəklənməsi, ifaçılıq sənətininin inkişafı məqsədi ilə təşkil olunub. Respublikanın müxtəlif rayon və şəhərlərindən uşaq musiqi və incəsənət məktəblərinin qatıldığı bu müsabiqədə 420 nəfər iştirak edərək, diplom və fəxri fərmanlarla təltif edilib. Müsabiqənin son günü Beynəlxalq Muğam Mərkəzində qaliblərin ifasında qala-konsert keçirilib və onlara diplom və fəxri fərmanlar təqdim edilib.
Müsabiqədə 1-ci yer tutanlar arasında Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin xanəndəlik sinfinin 3-cü sinif şagirdi 10 yaşlı Elay Əliyevin fikirlərini öyrəndik.
– Müsabiqədə 2-ci dəfə iştirak edirəm. Keçənilki müsabiqədə qalib gələ bilməmişdim. Amma hazırlaşdım və budəfəki müsabiqədə qalib oldum. Yarışın münsifləri arasında Əməkdar artist Nuriyyə Hüseynova da var idi. Həyəcanlı olsam da, sözləri Zeynal Cabbarzadəyə, musiqisi Cahangir Cahangirova məxsus olan “Ay qız” mahnısını ifa etdim və münsiflər tərəfindən bəyənildi. Qalib olmağım məni daha da həvəsləndirdi. Növbəti müsabiqələrdə yenə də xalq musiqilərimizə müraciət edəcək və daha da yaxşı oxumağa çalışacağam.
Qeyd edək ki, Elay Əliyev Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin müəllimi Şirazi Quliyevin tələbəsidir.
XQ