Dünən ölkənin elmi-mədəni və ədəbi-bədii ictimaiyyəti XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin anadan olmasının 116-cı ildönümünü dərin ehtiram və qədirbilənliklə qeyd etdi.
Unudulmaz ədibin yaşadığı və fəaliyyət göstərdiyi, xatirəsini yaşadan ünvanlarda keçirilən müxtəlif anım tədbirlərində milli ədəbiyyatımızın Mir Cəlal fenomeninə ətraflı nəzər salındı, onun istedadlı ədib, görkəmli alim və çoxsaylı davamçılarını yetirmiş pedaqoq kimi tarixi xidmətləri yüksək qiymətləndirildi.
Milli ədəbiyyatımızın inkişafında misilsiz xidmətlər göstərmiş yazıçı-ədəbiyyatşünasın bir zamanlar paytaxtda yaşadığı və son illərdə onun zəngin irsini toplayıb tədqiq və təbliğ edən mərkəzə çevrilmiş “Ədibin evi”ndə keçirilən mərasimdə də Mir Cəlalın milli varlığımıza dərin köklərlə bağlı olan həyat və yaradıcılığına sevgi-sayğı ilə nəzər salındı. Bu ünvanda fəaliyyət göstərən “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva Mir Cəlal irsinin ümummilli önəmindən söz açaraq bildirdi ki, “Ədibin evi” yazıçının 1929–1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi istifadəyə verilib.
Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov Mir Cəlal Paşayevin xalqına xidmətdə keçmiş şərəfli və mənalı həyatından və çoxcəhətli yaradıcılığından söz açıb, onun XX əsr milli ədəbiyyatımızın ölməz klassiki olduğunu vurğuladı. Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Təhsin Mütəllimov və Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına, elminə müstəsna xidmətlər göstərdiyini söylədilər. Yetirmələri bildirdilər ki, Mir Cəlal Paşayev fəaliyyəti, yaradıcılığı ilə ölkəmizdə ədəbiyyatın, təhsilin inkişafına böyük töhfələr verib, alim və müəllim kimi tələbələrinə dəstək olması ilə bənzərsiz bir örnək yaradıb.
Sonra ADA Universitetinin rektoru, professor Hafiz Paşayev atasının öz övladlarını xalqa sevgi və milli ideallara sədaqət ruhunda böyütdüyünü, ailədə həmişə onun pak əməlləri ilə iftixar duyulduğunu söylədi, xatirələrini bölüşdü. Hafiz Paşayev Mir Cəlalın ən yaxşı əsərlərini bu ünvanda yazdığını, “Ədibin evi”nin yaradılmasında da məqsədin bu yeri mədəniyyət ocağına çevirmək və bununla da Mir Cəlal irsini xalqa daha yaxşı çatdırmaq olduğunu qeyd etdi.
Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova bu ali məktəbin rəhbəri, Mir Cəlalın oğlu, akademik Arif Paşayevin atasının xatirəsinə göstərilən ehtirama görə iştirakçılara ünvanlanmış razılığını çatdırdı. Akademiyanın tələbələri Mir Cəlal Paşayevin xatirəsinə həsr olunan şeir və musiqilərlə, səhnəciklərlə mərasimə xoş ovqat və təntənə gətirdilər.
Azərbaycan Milli Kitabxanasında isə ədəbiyyatşünas-alim, professor, Əməkdar elm xadimi, Mir Cəlal Paşayevin həyat və yaradıcılığını özündə əks etdirən “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi və “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası yaradılıb.
Virtual sərgidə rəsmi sənədlər, ədibin əsərləri, ədəbi və ictimai fəaliyyəti haqqında nəşr olunan müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mir_Celal/index.htm linkindən istifadə edə bilərlər.
Elektron məlumat bazasında isə “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Mir Cəlal haqqında”, “Mir Cəlalın müdrik kəlamları”, “Mir Cəlal görkəmli şəxslər və ədəbiyyatımız haqqında”, “Mükafatları”, “Mir Cəlal dünya kitabxanalarında”, “Əsərləri“, “Haqqında (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar)” və bir sıra materiallar nümayiş olunub.
Tahir AYDINOĞLU
XQ