Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində “Biz tarixi torpaqlara qayıtmalıyıq” mövzusunda konfrans keçirilib.
Elmi məclisdə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Qərbi Azərbaycan İcması fəalı Mahirə Hüseynova, Sosial Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, mərkəzin bölmə müdiri, fəlsəfə doktoru Əfqan Vəliyev, ADPU-nun elmi-təşkilat şöbəsinin müdiri, professor İbrahim Bayramov Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının gerçəkləşdirilməsi ilə bağlı atılan addımlardan, qarşıda duran vəzifələrdən söhbət açıblar.
Müzakirələrdə Atatürk Mərkəzinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru Nazir Əhmədli, AMEA Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan şöbəsinin müdiri, dosent Cəbi Bəhramov torpaqlarımızda yaradılmış Ermənistan ərazisinin türk tarixinin mükəmməl elmi mənzərəsinin yaradılması ilə bağlı aktual məsələlərə diqqət yetiriblər.
Konfransda Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının və beynəlxalq aləmə tanıdılmasının zəruriliyi vurğulanıb. Bu mövzuda yeni yazılmış “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” və “Qərbi Azərbaycana Qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabları iştirakçılara təqdim edilib. Sonda Qərbi Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilib.
Kəmalə ABDİNOVA
XQ