Müşfiqdən dərs almış səhnə fədaisi

post-img

Məhəmməd Burcəliyev – 110

Xalq artisti Məhəmməd Burcəliyev səmərəli fəaliyyəti ilə Azərbaycanın teatr və kino mədəniyyətində iz qoymuş sənətkarlardandır. Düz 30 il əvvəl – 80 yaşında dünyasını dəyişsə də, tez-tez xatırlanır, gənc nəslə nümunə göstərilir. 

Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhə­rində anadan olub.16 yaşında Bakıya gə­lib və fabrik-zavod məktəbində oxuyub. Ədəbiyyat müəllimi şair Mikayıl Müşfiq olub. Elə sənətə də şairin şeirlərinin tə­siri ilə könül verib. Sonra Fəhlə Pedaqoji Texnikumunda təhsil alıb. Məzun günün­də təşkil olunan konsert proqramında gənc Məhəmmədin çıxışını bəyənən Sa­bit Rəhman onu Şəki Dövlət Dram Teat­rına dəvət edib. Bir neçə ildən sonra o, Gəncə teatrında çalışmağa başlayıb və ömrünün sonuna qədər orada parlaq ob­razlar qalereyası yaradıb. 

Bir müddət əvvəl “XQ”-də Məhəm­məd Burcəliyevin teatr və kino yaradı­cılığı haqqında onun oğlu Anar Ərtoğrul Burcəliyevin qələmə aldığı “Gəncənin unudulmaz şəkili aktyoru” adlı xatirə oçer­ki dərc edilib. Buna görə də unudulmaz sənətkarın yubileyi günündə onun zəngin yaradıcılıq yolunun yalnız bəzi ibrətamiz məqamlarını xatırladırıq. 

…Məhəmməd Burcəliyev 1944-1945-ci illərdə Fikrət Əmirovla birlikdə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını ya­radaraq buranın direktoru kimi də fəaliy­yət göstərib. 

…O, həmçinin, 1950-1955-ci illər ərzində Gəncə Dövlət Dram Teatrının direktoru olub. Görkəmli aktyor 1955-ci ildə respublikanın Əməkdar artisti, daha 3 il sonra isə Xalq artisti fəxri adlarına layiq görülüb. 

… Vaxtilə “Kommunist”in (indiki “Xalq qəzeti”) müxbiri olmuş yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev 1989-cu ildə yazırdi: “Əsl el adamıdır. Kim­sənin xeyrindən-şərindən qalmaz. Elə ki, qəlbini açdın, qayğı-kömək umdun, o dəqiqə qabağa düşür, ərki çatan yerə məsləhətə, minnətə gedir. Özünün min bir qayğısı var. Yaşa dolub, oğul-uşağı da çox. Özgə dərdinə isə laqeyd qala bil­mir. İllah da ki, aktyor ola, rejissor ola! 50 ildən çoxdur səhnəyə bağlanıb. Aktyor kimi, rejissor kimi. Bir silsilə komik obraz­lar qalereyası yaradıb. Hamının sevimli­si, ağsaqqalı olub. Gəncə Dövlət Dram Teatrının səlnaməsinə adı əbədilik yazı­lıb. Xalq artisti Məhəmməd Burcəliyev”. 

…Bu isə Məhəmməd Burcəliyevin öz xatirələrindəndir: “1951-ci ilin soyuq yanvar ayı idi. Bir gün xəbər gəldi ki, Mir Cəfər Bağırov Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasına baxacaq. Mən də teatrın direktoruyam, həm də baş rollardan birini oynayıram. Fikrim bu oldu ki, Mir Cəfər Bağırovdan teatrın təmir olunmasını xahiş edim. İşıqçılara tapşırdım ki, Bağırov rolunu ifa edən aktyor, Xalq artisti Əşrəf Yusif­zadə səhnəyə çıxan kimi projektorları tuşlasınlar lojada oturmuş katib Mir Cəfər Bağırovun üstünə. Ümid edirdim ki, bu, ona xoş gələr, mən də, fursətkən teatrın dərdlərini deyə bilərəm. Tamaşa qurtar­dı, qulbeçələrdən biri rəngi qaçmış hal­da qrim otağına gəlib dedi ki, Burcəliyev, “Kişi” səni çağırır. Onun sifətində mən öz faciəmi oxudum. Dedim, axı hələ qrimi­mi silməmişəm. Doğrusu, minlərlə ada­mı gedər-gəlməzə göndərən, elə bizim teatrdan Ələkbər Seyfini sürgün etdirən Bağırovla üz-üzə gəlməyə qorxdum. Qul­beçə getdi, bir azdan sonra daha qayı­dıb bildirdi ki, Bağırov deyir, eybi yoxdur, qrimdə gəlsin. Sanki Sibirin şaxtası don­durdu burnumu…” 

Mir Cəfər Bağırov onu xeyli süz­dükdən sonra, gülümsünərək: “Təbrik edirəm, – deyib. – Yaxşı tamaşadır. Bəs teatrın binası niyə soyuqdur?” Direktor cəsarətə gəlib vəziyyəti izah edəndən sonra “Yoldaş Bağırovu”un tapşırığı ilə elə ertəsi gün teatrda təmir işləri başla­nıb. 

Bax, belə ürəkli kişi olub Məhəmməd Burcəliyev. Düz 61 il səhnədə oynayıb, həyatda isə heç vaxt, necə deyərlər, rola girməyib. Elə buna görə də hamının se­vimlisi olub, indi də adı böyük hörmət-iz­zətlə çəkilir. 

İndi isə onun oğlu Anar Ərtoğrulun atası haqqında dediklərini yada salaq: “Onun bir çox fikrini cib dəftərçəmə qeyd edirdim. Bir dəfə dedi: – Tamaşaçı teat­ra hər şeydən əvvəl aktyor yaradıcılığı­na baxmağa gəlir. O teatr bədbəxtdir ki, onun kollektivində tamaşaçı tərəfindən sevilən aktyoru yoxdur. O aktyor xoşbəxt­dir ki, onun öz tamaşaçısı var. Keçmişdə teatr sahibləri tamaşaçı tərəfindən sevil­məyən aktyorları işə götürməzdilər… Ta­maşa maraqlı, məzmunlu olanda həmişə gəlirlər, baxırlar, xoş sözlər də deyirlər. Budur, Altay Məmmədovun “Kişilər” və ya Əfqanın “Qız atası” komediyaları 30 il­dən çoxdur ki, oynanılır. Həmişə də salon adamla dolu olur… 

Atam təkcə Gəncə Dövlət Dram Te­atrının səhnəsində Əfqanın “Qız atası” komediyasında Cavad kişi obrazı ilə 35 ildə 3000 dəfədən artıq çıxış edib. Bu, hər sənətkara qismət olan rekord deyil”. 

Unudulmaz sənətkar olan Xalq artisti Məhəmməd Burcəliyev hələ çox-çox illər öz xatirələrinin işığında uzun bir yol ge­dəcək. Ruhu şad olsun! 

Ə.ƏLİYEV
XQ

Mədəniyyət