AMEA-nın Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq bildirib ki, Abdulla Şaiqin Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərtib etdiyi “Türk çələngi” dərsliyinin yenidən nəşri klassik irsimizə qayğının bariz nümunəsidir. Azərbaycan maarifçi hərəkatının inkişafında və ədəbiyyat tarixində Abdulla Şaiqin böyük xidmətlərinin olduğu qeyd edilib.
Sonra Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə çıxış edib. O, muzeydə Şaiq irsinin qorunub saxlanması və araşdırılması ilə bağlı görülən işlərdən söhbət açıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Hacıyeva “Abdulla Şaiq irsində “Türk çələngi”nin yeri” mövzusunda məruzə edib.
Ədəbiyyat İnstitutunun alimlərindən professorlar İslam Qəribli, Asif Rüstəmli, Tahirə Məmməd, dosentlər Aygün Bağırlı, Lütviyyə Əsgərzadə və Eşqanə Babayeva Abdulla Şaiq irsinin ümumtürk hərəkatına töhfəsindən söz açıblar.
Qabil YUSİFOĞLU
XQ