Dünyada özünə güvənli, iqtisadi cəhətdən pis-yaxşı ayaqüstə dayanmağı bacaran, təqribən, 40 dövlət var. Qalanları nisbətən zəif və kiçik ölkələrdir. Təhlükəsizlik Şurasında təmsil olunan 5 dövlət (ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa) dünyanın siyasi-iqtisadi sistemindəki yeni reallıqları qəbul etmək istəmir. Məhz bu səbəbdən yerdə qalan böyüklü-kiçikli əksər ölkələr qlobal iqtisadi-siyasi sistemin idarəetmə mexanizmindən narazıdır.
Bu narazılıq zaman keçdikcə artır ki, azalmır. Bu parçalanma, ilk növbədə, ümumbəşəri dəyərlərə və əxlaqi normalara ədalətsiz, qeyri-bərabər və laqeyd münasibətlərdən qaynaqlanır. Yəni, “5”-lər, özlərini, necə deyərlər, “burada mənəm, Bağdadda kor xəlifə” kimi aparırlar.
Görünən budur ki, TŞ-nin daimi üzvləri bir vaxtlar öz əlləri ilə yazdıqları beynəlxalq norma və qaydaları gözardı edirlər. Bu məsələdə “5”-lərin ən cığalı sayılan Makron Fransası xüsusilə fərqlənir. “Sahel Afrikası”ndan biabırcasına qovulan Fransa TŞ-də “haqqın və ədalətin düşməni” kimi bədnam ad çıxarıb. “Xoruzlar ölkəsi” son zamanlar xüsusilə tez-tez özünü gülünc vəziyyətə salır. Paris indi də Cənubi Qafqazı qarışdırmaq xəyalına düşüb. Təbii ki, bu səylər əbəsdir!
“Balıq başdan iylənər” deyib atalarımız. Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədli hesab edir ki, çağdaş dünya nizamına xaos və qarışıqlıq gətirənlər daha çox əlahiddə səlahiyyətləri olan TŞ-nin daimi üzvləridir. Onlar yeni reallıqlarla barışmaq istəməyərək dünyanın idarə ounmasını digər dövlətlərlə paylaşmağı özlərinə rəva görmürlər.
Məsələ təkcə BMT-nin əsas və köməkçi strukturları ilə də bitmir. Son 15 ildə “5”lərin təkəbbürlü və üstün mövqeli idarəçiliyi onların rəhbərliyində təmsil olunduğu beynəlxalq təşkilatların nüfuzunu da əhəmiyyətli dərəcədə aşağı salıb və qlobal iqtisadi-siyasi sistemə inamı sarsıdıb.
İki qara “qu quşu”, yəni COVID-19 pandemiyası və Rusiya–Ukrayna müharibəsi, üstəlik, son 7 ayda humanitar fəlakət həddinə çatan Qəzza böhranı milyonlarla insanı “5”lərin utancverici eqoizminin səbəb olduğu qəbuledilməz şərtlərə dözməyə vadar edir.
İstər ərzaq təminatı, istərsə də enerji təhlükəsizliyi, eləcə də pandemiya ilə mübarizədə buraxılan kobud səhvlər qlobal idarəçiliyə inamı kəskin azaldıb. Sivil, demokratik dəyərlərə sadiq qaldıqlarını iddia edən ölkələrdə elə utancverici haqsızlıqlar baş verir ki, insanlar bu barədə məlumat alanda, sadəcə, şoka düşürlər. Güclü dövlətlərin zəif qonşularına münasibətdə nümayiş etdirdikləri haqsızlıq, riyakarlıq adi həyat normasına çevrilir.
Sülh, təhlükəsizlik, inkişaf, firavanlıq, insan haqları, ətraf mühit, sağlamlıq, miqrasiya və terrorizm – bütün bu və s. məsələlər qlobal idarəetmə sisteminin struktur və normativ problemləri üzündən sanki tərk edilmiş vəziyyətdədir.
79 il əvvəl İkinci Cahan savaşının qalibi olan beş ölkə tərəfindən qəbul edilən və hələ də davam etdirilən “Soyuq müharibə fantastikası” hesab edilən TŞ-nin veto mexanizmi indi müxtəlif qlobal forumlarda daimi tənqid, etiraz obyektidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə BMT Baş Assambleyasında ilk dəfə səsləndirdiyi “Dünya beşdən böyükdür” şüarı qlobal idarəetmə sistemində köhnəlmiş “Soyuq müharibə doktrinası”nın həyat qabiliyyətini inkar və rədd edir. Həqiqət budur ki, inkişaf etməkdə olan iqtisadiyyatlar və “Qlobal Cənub” ölkələri iqtisadi-siyasi sistemin qərar qəbuletmə mexanizmində layiq olduqları haqlı mövqeyə çatana qədər qlobal sistemə inam çətin olaraq qalır.
Yeri gəlmişkən, “G-20”lərin xarici işlər nazirlərinin son sammitində prezident Ərdoğanın məlum şüarını təkrarlayan Türkiyənin xarici işlər naziri Hakan Fidan “Qlobal idarəetmə islahatı” sessiyasında TŞ-nin bir çox mövzuda, xüsusilə də Qəzza problemi ilə bağlı fəaliyyətsizliyini kəskin pisləyib.
Prezident Ərdoğanın “Daha adil bir dünya mümkün” kitabında vurğulanır ki, bu gün dünyanın bütün dövlətlərinin maraqlarına səmərəli şəkildə xidmət edəcək qlobal idarəçilik sisteminin qurulmasına zərurət yaranıb. Türkiyə lideri həmçinin böhranlara tez reaksiya verilməsinin tərəfdarıdır və ölkələr üçün daha ədalətli və hesabatlı nümayəndəlik strukturunun yaradılmasını müdafiə edir.
Artıq “soyuq müharibə” dövrünün idarəetmə sisteminə qarşı geniş yayılmış narazılıq indi qlobal bir fenomenə çevrilib. Bu inkişaf kökündən müsbətdir, çünki biz qlobal idarəetmə sisteminin yenidən qurulması zərurətindən yaranan böhranları yalnız kollektiv narazılıq vasitəsilə həll edə bilərik. Tomas Edisonun sözləri ilə desək, “Narazılıq tərəqqinin birinci zərurətidir”.
Rüfət RÜSTƏMOV,
BDU-nun Türk filologiyası kafedrasının müdiri, professor
Dünya bərqərar olandan çeşidli sivilizasiyalar meydana çıxaraq tarixin müəyyən dövrlərində başqa xalqlar və dövlətlər üçün cəlbedici ola bilmişlər. Türklər 26 imperiya və qüdrətli dövlət quran xalqdır və türk mədəniyyəti böyük bir coğrafi məkanda həlledici güc kimi yenidən boy verir.
Türkün heç kimin torpağında gözü yoxdur. Amma öz torpağının bir qarışını da düşmənə verən deyil. Türk mədəniyyəti bu gün həm də “yumşaq güc” rolunda çıxış edir. Çünki haqqın və ədalətin təntənəsi naminə çalışır.
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti dünyanın ən böyük güc mərkəzlərindən birinə çevrilib. Mən bütün varlığımla Türkiyə başda olmaqla Böyük Turanın parlaq gələcəyinə inanıram. Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı hürr və sabitliyin müjdəsi anlamına gəlir.
Türklərin çağdaş tarix səhnəsində ön sırada yer alması rəqiblərimizi və bədxahlarımızı ciddi narahat edir. Lakin onlar zamanın inkişaf təkərini geri döndərmək gücündə deyillər. Turanın quru yolla birləşməsi üçün Zəngəzur dəhlizinin açılması çox vacibdir və bu, zaman məsələsidir.
Sevindirici haldır ki, tarixdə türk dövlətlərinin sıx inteqrasiyası üçün böyük şanslar açılmışdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqının və Ordusunun son 4 ildəki parlaq qələbələri bütün türk dünyası üçün qürurverici hadisədir və güclü səfərbəredici rola malikdir. Gəlin, heç vaxt unutmayaq: Biz birlikdə güclüyük!
Məsaim ABDULLAYEV
XQ