Dünya şöhrətli avstraliyalı pianoçu David Helfqottun qardaşı Less onun haqqında mətbuata danışarkən belə söyləyib: “Qardaşım Davidin xəstəliyi kritik həddə çatmışdı. O, görünməz qüvvələrlə danışır, anlaşılmaz söhbətlər edir, yaddaşını itirir, tez-tez evdən yoxa çıxırdı. 1983-cü ildə uzun müddət evə qayıtmayan Davidi şəhərdə axtarmağa başladım. Onun hərdən şərab içməsini xatırlayıb “Pert-Rikardo” şərab evinə girdim. Zənnimdə yanılmamışdım, barın bir küncündə oturub şərab içirdi.
Barın xidmətçisi Davidin barda ilk dəfə necə peyda olması haqda danışarkən dedi ki, bir axşamüstü saç-saqqalı, damağında siqaret bir səfil bara girdi.
Küncdə oturub özünə şərab sifariş etdi. Biz ona candərdi xidmət göstərdik. Şərabdan qurtumladaraq öz-özünə danışan bu adam ağır həyat keçirmiş birinə bənzəyirdi. Birdən o, əlini irəli uzadaraq səhnədəki fortepianoya tərəf cumdu. Biz ona mane olmağa çalışsaq da, o, artıq stulda əyləşmişdi. Musiqi alətini zədələməsindən qorxsaq da, barmaqlarının piano dilləri üzərində uçuşu hər birimizi heyran elədi. Sonradan bildik ki, bomj saydığımız bu qəribə kişi məşhur musiqiçi David Helfqottdur… Qardaşım bir ildən sonra, 1984-cü ildə elə həmin barda tanış olduğu pərəstişkarı, astroloq Culian Morreylə evləndi”.
Bu yazımız şizofreniya xəstəliyindən əziyyət çəkən məşhur avstraliyalı pianoçu David Helfqott haqdadır. David Helfqott 1947-ci ildə polyak əsilli yəhudi ailəsində dünyaya göz açıb.
David maraqlı davranışları ilə lap balacalığından qeyri-adi istedada malik olduğunu büruzə verir. Atası ona beş yaşından başlayaraq fortepianoda ifa etməyi öyrədir. On yaşına çatdıqdan sonra David məşhur pianoçu Frenk Arndtdan musiqi dərsləri almağa başlayır. O, bacısı Marqaret ilə, bəzən də tək çıxış edərək müxtəlif musiqi yarışlarının qalibi olur.
Uşaq yaşlarından populyarlaşan, insanlara vunderkind təsiri bağışlayan on dörd yaşlı Davidə ABŞ-ın nüfuzlu musiqi məktəblərinin birindən dəvət gəlir. ABŞ-da təhsilini davam etdirmək üçün maddi imkanı yetərli olmayan balaca musiqiçiyə yazıçı Katerina Priçard öz yardımını təklif edir. Lakin oğlunun getdikcə qabaran əqli problemlərindən narahat olan atası onun bu səfərinə mane olur. Musiqi fəaliyyətini Avstraliyada davam etdirən David ölkəsinin Gənc Performansçılar Simpoziumunda iştirak edərək altı dəfə ardıcıl birincilik qazanır.
Gənc pianoçu 19 yaşında təhsilini davam etdirmək üçün London Kral Musiqi Akademiyasına dəvət alır və tanınmış musiqiçi Sirill Smitə üç il şagirdlik edir.
David Helfqott kollecdə Sergey Raxmaninovun rəhbərlik etdiyi orkestrdəki parlaq çıxışına görə “Dannreuther” prizinə layiq görülür.
Adətən, dağınıq fikirli görünən və kütlə içində olmağı sevməyən Helfqott, bütün bu uğurlarına baxmayaraq, psixi, əqli pozuntulardan əziyyət çəkirdi. O, bir neçə dəfə musiqi müəlliminə belə demişdi: “Pianonun arxasına keçən kimi tanımadığım məxluqlar başıma yığılıb mənimlə söhbət etməyə çalışır, fikrimi yayındırırlar”.
David Helfqott konsert verərkən səhnəyə, öz adəti üzrə qaça-qaça, çox sevdiyi qırmızı köynəyində çıxır. Pişiyi ilə oynamağı sevir, dediyinə görə, sevimli pişiyi onu stresslərdən xilas edir.
David 1970-ci ildə ruhi müvazinətini, qismən də olsa, düzəltmək üçün Pert şəhərinə qayıdır. Burada Klara Papp adlı bir qadın onunla xüsusi olaraq maraqlanır. Sənətinin vurğunu olan qadınla onun arasında qısa bir zamanda isti münasibət yaranır. Aralarındakı böyük yaş fərqinə və Klaranın 4 uşaq anası olmasına baxmayaraq, onlar evlənirlər. Bu evlilikdən bir müddət sonra onların arasında ziddiyyətlər yaranır. Nəticədə o xəstəliyi getdikcə şiddətlənən David psixi dispanserdə müalicə almalı olur. Müalicə dönəmində Klara ondan ayrıldığını birbaşa palatada sərt şəkildə bəyan edir. Pianoçu mütəmadi olaraq 10 il həmin xəstəxanada müxtəlif psixotrop dərmanlar və elektrosudurğa terapiyası qəbul edir.
Sonralar pianoçu haqda film çəkildiyini eşidən Klara belə demişdi: “David heç də brilyant musiqiçi deyil. Nüfuzlu konsert salonlarında çıxış etmək üçün onun nə əqli, nə də fiziki qabiliyyəti var!”
1996-cı ildə əfsanəvi pianoçunun həyatını və şizofreniya xəstəliyi ilə apardığı mübarizəsini əks etdirən “Shine” (Parıltı) adlı film çəkilir. Filmdə David Helfqottu canlandıran aktyor Geofrey Ruş ən yaxşı kişi roluna görə “Oskar” mükafatı alır.
Helfqottun dramatik yaşantılarını canlandıran film tənqidçilər tərəfindən birmənalı qarşılanmır. Üstəlik, Davidin bacısı Marqaret filmdə canlandırılan diktator ata obrazının həddən artıq şişirdildiyini, bunun gerçəyə uyğun olmadığını iddia edir.
Son zamanlar pianoçu Musorqski, Raxmaninov, Şopen, List, Şuman və Rimski-Korsakovun bəstələrini ifa edərək 2 albom buraxıb. Albomlar onun fanatları tərəfindən böyük məhəbbətlə qarşılanıb.
Davit Helfqott hazırda, onu öz sevgisi ilə dəlilikdən xilas edən həyat yoldaşı astroloq Culian Morreylə Uelsdəki malikanəsində yaşayır. Böyük konsertlərdən imtina edən dahi pianoçu arzu edənlər üçün öz evində hərdən mini performanslar təşkil edir.
Murad KÖHNƏQALA