Sülhə qarşı axına çağırış

post-img

Erməni lobbisi reallıqdan qopub, xəyali cəbhələrdə mübarizə aparır

Beynəlxalq münasibətlər sisteminin dərin transformasiya keçirdiyi, köhnə münaqişələrin həll olunduğu və yeni güc mərkəzlərinin formalaşdığı dövrdə bəzi siyasi qüvvələr hələ də məğlubiyyət psixologiyası ilə yaşamaqda davam edir. ABŞ-dakı erməni diasporunun lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbərliyi ilə Azərbaycana qarşı başladılan yeni təbliğat kampaniyası məhz həmin tarixi reallıqlardan qopmağın və siyasi iflasın ən bariz nümunəsidir.

Donald Trampın Yaxın Şərq sülh planı çərçivəsində Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üçün Azərbaycan sülhməramlı qüvvələrinin cəlb edilməsi ilə bağlı beynəlxalq səviyyədə müzakirə olunan təşəbbüsü erməni lobbisinin növbəti anti-Azərbaycan isteriyası dalğası üçün bəhanəyə çevrildi. ANCA-nın tələsik şəkildə 18 qeyri-hökumət təşkilatından ibarət koalisiya formalaşdıraraq Azərbaycanın həmin potensial missiyada iştirakına qarşı çıxması ilk baxışda Yaxın Şərqdəki mürəkkəb proseslərə müdaxilə cəhdi kimi görünsə də, əslində, Cənubi Qafqazda biabırçı məğlubiyyətlə üzləşən təxribatçı qüvvələrin mübarizəni tamamilə fərqli coğrafiyaya ixrac etmək və Azərbaycanın artan beynəlxalq nüfuzuna kölgə salmaq üçün göstərdiyi miskin cəhddir. Həmin kampaniya məntiqi əsaslarının absurdluğu, arqumentlərinin zəifliyi və hədəflərinin qeyri-reallığı ilə erməni diasporunun ideoloji böhranının dərinliyini və müasir geosiyasi reallıqları anlamaqda acizliyini nümayiş etdirir.

Bu məsələnin mahiyyətini dərindən anlamaq üçün, ilk növbədə, Azərbaycanın adının Qəzza ilə bağlı sülhyaratma prosesində hallanmasının səbəblərini və bunun arxasında dayanan strateji məntiqi bilmək lazımdır. Tramp administrasiyasının irəli sürdüyü Sülh Planının ikinci mərhələsi HƏMAS-ın silahsızlaşdırılması və girovların qaytarılmasından sonra Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq sabitləşdirmə missiyasının yerləşdirilməsini nəzərdə tutur. Həmin missiyada iştirak edəcək kontingentin tərkibi son dərəcə həssas məsələdir. Tərəflər arasında etimad yaratmaq üçün seçiləcək ölkələr həm neytral statusa həm də çətin mühitdə sülhü qorumaq üçün kifayət qədər peşəkar hərbi hazırlığa və təcrübəyə sahib olmalıdırlar. Məhz həmin kriteriyalar baxımından Azərbaycan unikal və əvəzolunmaz namizəd kimi önə çıxır. Azərbaycan Ordusu Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda illərlə fəaliyyət göstərərək NATO standartlarına uyğun peşəkarlıq və etibarlılıq nümayiş etdirib.

Bundan daha vacib amil isə Azərbaycanın unikal geosiyasi mövqeyidir. Müsəlman dünyasının fəal üzvü olan, eyni zamanda, İsrail dövləti ilə strateji tərəfdaşlıq səviyyəsində yüksək münasibətlərə malik Azərbaycan Qərb ölkələri və ərəb dünyası arasında körpü rolunu oynamaq qabiliyyətinə malik nadir ölkələrdəndir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin məsələsinə beynəlxalq hüquq çərçivəsində verdiyi ardıcıl dəstək onun ərəb dünyasındakı mövqelərini gücləndirib. Eyni zamanda, İsraillə hərbi-texniki və təhlükəsizlik sahəsindəki dərin əməkdaşlığı, Təl-Əvivin Bakıya olan etimadının göstəricisidir. Məhz bu balanslı və çoxşaxəli xarici siyasət Azərbaycanı Qəzza kimi münaqişə ocağında tərəflər arasında etimad yarada biləcək ideal vasitəçiyə və sülh qarantına çevirir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Erik Kuperin bir neçə həftə əvvəl Bakıya səfəri və Prezident İlham Əliyevlə apardığı danışıqlara da həmin kontekstdə yanaşmaq zəruridir. Yaxın Şərqdəki əməliyyatlara birbaşa məsul olan CENTCOM rəhbərinin səfəri Bakını geniş regionda təhlükəsizliyin təminatında mühüm tərəfdaş kimi gördüyünü təsdiqləyir.

Erməni diasporunun kampaniyası məhz Azərbaycanın həmin müsbət və konstruktiv imicini hədəfə alır. ANCA və onun ətrafında cəmləşən təşkilatların “Politico” kimi nüfuzlu nəşrdə dərc etdirdikləri bəyanatın arqumentasiyası absurdluluq həddində primitivdir, beynəlxalq hüquq və sülhməramlılıq fəaliyyətinin təməl prinsipləri haqqında elementar məlumatsızlıqdan, yaxud həmin prinsipləri qəsdən təhrif etmək cəhdindən xəbər verir. Onların əsas iddiası ondan ibarətdir ki, Azərbaycanın İsraillə sıx hərbi və kəşfiyyat əməkdaşlığı guya “qaçılmaz maraq toqquşması” yaradır və Bakının Qəzzada neytral tərəf kimi çıxışını qeyri-mümkün edir. ANCA-nın bəyanatında yer alan “Bakı atəşkəsin pozulması halında qərar qəbul edib zərbə endirəcək, yoxsa, əslində, İsrail Müdafiə Ordusunun etibarlı tərəfdaşı kimi çıxış edəcək?” sualı siyasi təxribat olmaqla yanaşı, həm də dərin cəhalətin təzahürüdür.

Birincisi, dünyada heç bir sülhməramlı missiyanın mandatı atəşkəsi pozan tərəfə qarşı “zərbə endirmək” kimi cəzalandırıcı tədbirləri nəzərdə tutmur. Sülhməramlıların funksiyası tərəflər arasında bufer zonası yaratmaq, atəşkəs rejiminə monitorinq aparmaq, humanitar yardımın çatdırılmasına kömək etmək və etimad quruculuğu tədbirlərini dəstəkləməkdən ibarətdir. Onlar gücdən yalnız özünümüdafiə və ya mandatlarının icrasına birbaşa maneə yaradıldığı müstəsna hallarda istifadə edə bilərlər. ANCA-nın qəsdən ortaya atdığı həmin saxta dilemma Qərb ictimaiyyətini çaşdırmaq və Azərbaycan Ordusunun potensial fəaliyyətini qeyri-insani kontekstdə təqdim etmək məqsədi güdür.

İkincisi, Qəzzada hər hansı sülhməramlı missiyanın yaradılması son dərəcə hipotetik məsələdir. Potensial iştirakçılardan biri olan İndoneziyanın qüvvələrin yalnız BMT Təhlükəsizlik Şurasının mandatı əsasında yerləşdirilməsində israr etməsi məsələnin nə qədər qəliz olduğunu göstərir. Hazırkı geosiyasi şəraitdə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında mövcud olan dərin ziddiyyətlər fonunda belə qətnamənin qəbul edilməsi demək olar, mümkün deyil. Bundan başqa, rəsmi Bakı son dərəcə məsuliyyətli və aydın mövqe nümayiş etdirərək bildirib ki, Azərbaycanın missiyada iştirakı yalnız Qəzzada tam və dayanıqlı atəşkəs rejimi qurulduqdan sonra mümkün ola bilər.

Diasporun digər arqumenti ermənilərlə fələstinlilər arasındakı “ənənəvi yaxınlıq” iddiası isə siyasi manipulyasiyanın nümunəsidir. Tarixi-dini bağlara və Qüdsdəki erməni icmasına istinad edilərək yaradılmağa çalışılan mənzərə Ermənistan dövlətinin Fələstin məsələsindəki real siyasəti ilə heç bir əlaqəyə malik deyil. Ermənistan heç vaxt Fələstin xalqının hüquqlarının müdafiəsində fəal rol oynamayıb, onlara əhəmiyyətli siyasi və ya humanitar dəstək göstərməyib. Bunun əksinə olaraq, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi ardıcıl olaraq Fələstin dövlətinin beynəlxalq hüquq əsasında tanınması və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən mövqedən çıxış edib. ANCA-nın həmin sentimental və reallıqdanuzaq arqumenti, sadəcə olaraq, Yaxın Şərqdəki ərəb ictimaiyyətinin rəğbətini qazanmaq və Azərbaycanı guya “ərəb işinə xəyanət edən” tərəf kimi göstərmək məqsədi daşıyan yöndəmsiz cəhddir.

Bütün bu arqumentlərin belə nəticəyə gəlmək olar ki, erməni diasporunun əsl məqsədi Fələstin xalqının taleyi və ya Qəzzada sülhün bərqərar olması ilə bağlı deyil. Onların hədəfində birbaşa Azərbaycan dövləti və onun beynəlxalq aləmdəki mövqeləri dayanır.

Əsas hədəflərdən birincisi Azərbaycanın beynəlxalq reputasiyasına xələl gətirməkdir. 44 günlük Vətən müharibəsindəki Zəfərdən və bütün ərazilər üzərində suverenliyin tam bərpasından sonra ölkəmiz beynəlxalq hüququ öz gücü ilə təmin edən, etibarlı və proqnozlaşdırılabilən tərəfdaş kimi imicini möhkəmləndirib. Onun sülhməramlı missiyaya potensial namizəd kimi nəzərdən keçirilməsi də həmin imicin təzahürüdür. Erməni diasporu isə illərdir Azərbaycanı “təcavüzkar” kimi təqdim etməyə çalışır. Azərbaycanın beynəlxalq sülhyaratma prosesində iştirakı yalançı təbliğat maşınını tamamilə darmadağın edir. Məhz buna görə də onlar Azərbaycanın istənilən müsbət beynəlxalq təşəbbüsdə iştirakının qarşısını almağa çalışırlar. Həmin destruktiv fəaliyyət birbaşa məğlubiyyətin əvəzini çıxmaq cəhdindən irəli gəlir.

Kampaniyanın ABŞ-da aparılması və “Politico” kimi Vaşinqton isteblişmentinin (idarə və yaxud təsisatı) yaxından izlədiyi nəşrdə məqalə dərc etdirilməsi təsadüfi deyil, çünki digər mühüm hədəf ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməkdir. Əsas məqsəd ABŞ-ın siyasi dairələrində Azərbaycanın guya etibarsız və qərəzli tərəfdaş olduğu barədə rəy formalaşdırmaqdır. Xüsusilə, admiral Kuperin səfərindən sonra dərinləşən hərbi-siyasi dialoq fonunda diaspor müsbət dinamikanı pozmağa cəhd göstərir. Bütün siyasi təxribatların arxasında dayanan sonuncu, lakin mühüm səbəb isə maliyyə və siyasi kapitalı qorumaq instinktidir. Erməni lobbi təşkilatlarının fəaliyyəti birbaşa maliyyə ianələrinə və siyasi dəstəyə bağlıdır. Qarabağ münaqişəsinin bitməsi ilə onların “Azərbaycan təhlükəsi” adı altında vəsait toplamaq imkanları kəskin şəkildə məhdudlaşıb. Buna görə də onlar daima gərginlik və münaqişə görüntüsü yaratmağa, yeni “cəbhələr” açmağa çalışırlar ki, mövcudluqlarını və maliyyə axınlarını təmin edə bilsinlər.

ANCA-nın rəhbərlik etdiyi anti-Azərbaycan kampaniyası erməni diasporunun siyasi düşüncəsinin nə qədər köhnəldiyini, reallıqdan uzaqlaşdığını və destruktiv mahiyyət daşıdığını göstərən növbəti hadisədir. Azərbaycanın beynəlxalq sülhyaratma prosesində potensial iştirakına qarşı çıxmaqla regionda sülh və sabitliyin bərqərar olmasına qarşı çıxdıqlarını nümayiş etdirirlər. Lakin onların cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur. Çünki müasir beynəlxalq münasibətlər dövlətlərin real gücü, strateji mövqeyi və etibarlı tərəfdaşlıqları ilə müəyyən olunur. Erməni diasporunun səs-küylü, amma məzmunca boş kampaniyası Azərbaycanın beynəlxalq statusunu zəiflətməyəcək, əksinə, düşmənlərinin nə qədər aciz vəziyyətə düşdüyünü göstərərək, ölkənin uğurlarının əhəmiyyətini bir daha vurğulayacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət