İsveçrənin Bazel şəhərində "Azərbaycan İsveçrə ilə Xəzərdən Alp dağlarınadək hərəkətlərin ahəngində qovuşur - Mədəniyyətlər Körpüsü" (“Azerbaijan Meets Switzerland in Harmony of Movements – From the Caspian to the Alps, Bridge of Cultures”) adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə iştirak edib.
XQ xəbər verir ki, komitə sədri çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi diaspor siyasətinin çoxşaxəliliyini və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımızın milli mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi, bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Qərblə Şərqin qovşağında yerləşən Azərbaycanın bu iki böyük mədəniyyəti ahəngdar şəkildə sintez etdiyini, multikulturalizmin, tolerantlığın örnək məkanına çevrildiyini vurğulayıb.
Tədbirdə İsveçrədə və ümumilikdə Avropada yaşayan soydaşlarımızın təşəbbüsü ilə həyata keçirilən mədəni proqramların Azərbaycan haqqında obyektiv təsəvvürlərin formalaşmasına və ölkəmizin mədəni diplomatiyasının daha da güclənməsinə mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan da keçirilən tədbirin adında Xəzər dənizindən Alp dağlarına qədər geniş bir coğrafiyanın əhatə edilməsinin təsadüf olmadığına diqqət çəkilib. Bununla yanaşı 8 Noyabr – Zəfər Günündən bəhs olunaraq şanlı Zəfərimizin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı, bu Qələbənin xalqımızın birlik, iradə və qəhrəmanlığının ən parlaq təcəssümü kimi nəsillərə örnək olduğu vurğulanıb.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Azərbaycan ilə İsveçrə arasında qurulan bu mədəniyyət körpüsünün incəsənətlə yanaşı, xalqlarımız arasında qarşılıqlı hörmətin, anlaşmanın və dostluğun da gücünü nümayiş etdirdiyini söyləyib.
“Buta” Rəqs Dərnəyinin rəhbəri Arzu Əliyeva Bodmer çıxışında İsveçrədə Azərbaycan mədəniyyətinin təbliği, xalqlar arasında qarşılıqlı anlayış və dostluğun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, Xəzərdən Alp dağlarına uzanan mədəniyyət körpüsünün xalqları birləşdirən ortaq dəyərlərə söykəndiyini deyib.
Tədbir çərçivəsində fotoqraf Andre Jabalinin Azərbaycanın tarixini, mədəni irsini və təbiət gözəlliklərini əks etdirən fotosərgisi nümayiş olunub. İştirakçılar sərgini, eləcə də ölkəmizin rəngarəng gözəlliklərini heyranlıqla izləyiblər.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycandan “Ritm” rəqs qrupu, Avstriyada yaşayan vokal ifaçısı Orxan Cəlilov, bəstəkar və pianoçu Vasif Hüseynin ifasında bir-birindən ecazkar Azərbaycan milli rəqs və musiqiləri zövq oxşayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirin təşkilatçısı “Azərbaycan Dostları” Birliyi və beş ildir birliyin nəzdində fəaliyyət göstərən “Buta” Rəqs Dərnəyidir.









