Avropa Atletlərinin VIII Forumu və Assambleyası keçirilib

post-img

Noyabrın 12-dən 13-nə qədər İngiltərənin paytaxtı Londonda Avropa Atletlərinin VIII Forumu və Assambleyası keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, forumun əsas məqsədi 49 Avropa MOK-larının Atletlər Komissiyalarının nümayəndələrini həm canlı, həm də onlayn formada bir araya gətirərək, idmançıların üzləşdiyi çağırışlar və imkanları müzakirə etməyə imkan verməkdən ibarət olub. 

İdmançılar Komissiyalarının rollarını və onların AOK və BOK tərəfindən Olimpiya Həmrəyliyi vasitəsilə aldıqları dəstəyi izah edən təqdimatlardan sonra, onlar gün ərzində bir neçə bölmə sessiyalarında iştirak ediblər.

Bu sessiyaların əsas məqsədi yarış manipulyasiyasının qarşısının alınması, Atletlər Komissiyalarının sosial mediadan necə istifadə edə biləcəyi, həmçinin BOK-un “Gələcəyə Hazır” (Fit For The Future) prosesi və Ümumdünya Antidopinq Agentliyinin Atletlər Şurası haqqında müzakirələri əhatə edib.

Daha sonra video müraciət vasitəsilə çıxış edən BOK prezidenti Kristi Koventri idmançıların səsinin Olimpiya Hərəkatı daxilində heç vaxt bu qədər güclü olmadığını vurğulayıb.

“Son Beynəlxalq Atletlər Forumunda çoxunuzla görüşmək mənim üçün böyük zövq idi. O zaldakı enerji tam şəkildə göstərdi ki, idmançıların səsi heç vaxt indiki qədər güclü olmayıb. Buna görə də bu Forum kimi görüşlər çox vacibdir. Bu məkan sizin üçündür–fikirlərinizi demək, ideyalarınızı bölüşmək və sizin üçün ən vacib məsələlərdə səsinizin eşidilməsini təmin etmək üçündür.  Biz birlikdə Olimpiya Hərəkatımız üçün daha güclü gələcək formalaşdıra bilərik”, – deyə BOK prezidenti bildirib.

AOK Prezidenti Spiros Kapralos qeyd edib ki, Olimpiya Hərəkatında keçmiş idmançıların təmsilçiliyi, o cümlədən AOK İcraiyyə Komitəsində əhəmiyyətli dərəcədə artıb və bu çox böyük rol oynayır.

“Mənim Olimpiyaçı olduğum dövrlə müqayisədə bu gün idmançılar Olimpiya Hərəkatının mərkəzindədir. Etdiyimiz hər şeydə idmançıları düşünürük”, – deyə AOK prezidenti bildirib.

Hesabatlar, komissiya və namizədlər haqında məlumat verildikdən sonra Avropa Olimpiya Komitələrinin Atletlər Komissiyasına yay və qış idman növlərindən namizədlər seçilib. 

Assambleyada ölkəmizi Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü, yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov təmsil edib.

O, Avropadan komissiya üzvlüyünə 18 namizəd arasında yer alıb.

Qabil YUSİFOĞLU
XQ



İdman