Azərbaycan romanları tarixində torpağa bağlılıq, xalqa arxalanmaq, milli-mənəvi dəyərlərə təəssübkeş münasibət motivi güclü olmuşdur. Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, “Dumanlı Təbriz”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, Zeynalabdinin “Səyahətnamə”, İsmayıl Şıxlının “Ayrılan yollar”, Mirzə İbrahimovun “Böyük dayaq” əsərlərində bu ideya həmin romanların tarixləşməsi üçün bir vəsilə olmuşdur.
Torpağa bağlılıq, dogma yurdlarından didərgin salınanların mənəvi dünyası ixtisasca iqtisadçı-alim olsa da, bədii əsərlərə də imza qoyan professor İsmayıl Feyzullabəylinin “İgidin ürəyi haçalı olar” romanının da əsas süjet xəttini təşkil edir.
1990-cı illərdə üç adda (“Fani dünyanın laməzhəbləri”, “İgidin ürəyi haçalı olar” və “Yol ayrıcında”) çıxan romanında sovet rejiminin yaratdığı bir sıra problemlər, o cümlədən 3 dəfə (1918–1920, 1948–1953, 1988–1989) Azərbaycanın Qərb torpaqlarından sıxışdırılıb köçə məcbur edilmiş soydaşlarımızın taleyi romanın süjet xəttində önəmli yer alır. Bu taleyi yaşayanlardan biri də doğma şəhəri İrəvanı tərk etməyə məcbur edilərək Gəncədə məskunlaşan, gəncliyini orada yaşayan və sonra uzun illər Azərbaycan Dövlət İqtisad Universitetinin professoru olan İsmayıl Feyzullabəyli, onun ailəsi və qohum-əqrabası idi.
Köçə məcbur edilən bir ailənin oğlu olan İsmayıl Feyzullabəyli orta təhsilini Gəncədə almış, 1943-cü ildən ordu sıralarına çağrılmış, tərxis olunduqdan sonra Ali İqtisad İnstitutunda oxumuş, 1964-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru adını almışdır. “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə layiq görülmüş professor İsmayıl Feyzullabəyli 26 adda kitabın, 200-dən artıq məqalənin müəllifi olmuş, uzun illər Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarətin iqtisadiyyatı” kafedrasının müdiri işləmişdir.
“İgidin ürəyi haçalı olar” tarixi romanı görkəmli alimin uğurlu bədii yaradıcılıq nümunəsidir. Romanda Azərbaycan torpaqlarına göz dikən erməni laməzhəbləri – daşnaklar və onların tör-töküntülərinin nankor xisləti oxuculara dönə-dönə xatırladılır. 1930–1940-cı və sonrakı illərin acı həqiqətləri içərisində yaşayan müəllif bunları bədii təfəkkür süzgəcindən keçirib. Faktiki tarixi hadisələrə əsaslanan romanın əsas mövzusu “xalq düşməni”nin qardaşı, İrəvanın ən zəngin və nüfuzlu adamlarından sayılan Mir Kərim ağanın nəvəsi İsmətin ömür hekayəsidir.
İsmət tarixi ictimai şəraitin yetişdirdiyi bir insandır. O, haqsızlığın girdabında çox məhrumiyyətlər yaşayan və çətinliklərlə üzləşən, tək-tənha qalsa da, mətinləşən, zəhmət və zəkası ilə yaşamağın yollarını seçə-seçə ayaqda qalan qüvvətli bir şəxsiyyətdir. Bu bədii obrazın özünün sərrast məntiqi və düşüncəsi var. Əslində, İsmət müəllifin özüdür. İsmət erməni daşnaklarının alçaq sifətlərini – yaltaqlıq və ikiüzlülüklərini cəsarətlə söyləyən, qorxmadan açıb göstərən, mübariz bir surətdir. Bir şəxsiyyət kimi, professor İsmayıl Feyzullabəylinin bütün həyatı, arzu və idealları, erməni məkrinə nifrəti romanda cəmlənmişdir.
Üç kitabdan ibarət olan “İgidin ürəyi haçalı olar” romanının ilk kitabı 1997-ci ildə nəşr olunmuş “Fani dünyanın laməzhəbləri”dir. Kitabın belə adlanması təsadüfi deyil. Müəllif əsərdə daşnakları, yediyi qaba tüpürən erməniləri lənətləyir. Müəllif sevdiyi adamları, milli şüura sahib olan ürəyi haçalı igidləri təsvir etməklə bərabər, başqasının halal malına, doğma torpağına göz dikən laməzhəbləri bədii dillə qamçılayır.
Kitabın müəllifi İrəvan xanlığını belə təsvir edir: “1920-ci ilin orta çağları idi. Köhnə İrəvan şəhərini yarıya bölən və qıjıltısı dağ çayını xatırladan Gedərçayın sahilində bir-birindən 2–3 mil aralı qarşı-qarşıya iki gözəl, yaraşıqlı imarət ucalırdı. Bunlardan biri körpünün həndəvərində – gediş-gəlişli yerdəki bina Hacı Mir Kərim ağaya, digəri – qarşı sahildəki imarət isə onun qudası Hacı Əsgər ağaya məxsus idi. Qudaların ikisi də İrəvanın ən və çox nüfuzlu zadəganlarından sayılırdı. Qədim Azərbaycan diyarı olan bu şəhərin həndəvərində gurhagurla səmt götürmüş nəhəng Zəngi çayının o tayında gözəlliyi, abı-havası və meyvəcatı ilə adamın zövqünü oxşayan geniş bağ-bağatın böyük bir hissəsi də həmin qudalara məxsus idi. Hər iki quda, xüsusən Hacı Mir Kərim ağa adlı-sanlı xeyriyyəçi idi”.
Bu parçada Azərbaycan toponiminə məxsus Gedərçayın, Zəngi çayının adları, İrəvanın əsilzadə sakinlərindən bir neçəsinin adları çəkilir. Əsərdə bu kimi adların siyahısı daha uzundur. Təsvir olunur ki, İrəvanda Mir Kərim ağanın şəxsi vəsaiti hesabına ucaltdığı məscid Azərbaycan türklərinin ziyarət yerinə çevrilmişdi. “Zəngəzur, Göyçə, Vedi və digər mahallardan bu məscidə saysız-hesabsız adamlar gəlirdi”. Romanda Mir Kərim ağanın tikdirdiyi, 1988-ci ilə qədər mövcud olmuş Göy Məscidin də adı çəkilir. 1988-ci ildə Azərbaycan türkləri Qərbi oradan zorla qovulandan sonra ermənilər onların mal-dövlətini mənimsəməklə bərabər, bütün tarixi abidələrini, hətta məzarlarını belə yerlə-yeksan ediblər. Azərbaycan türklərinin qovulduğu illərin birində İrəvandakı Körpüqulağı məscidini dağıdıb, yerinə Qriboyedovun heykəlini qoyublar.
İndi ermənilərin Masis rayonu adlandırdıqları keçmiş Zəngibasar mahalı xanlıq dövründə İrəvan quberniyasına daxil olan ən geniş ərazi idi. Mənbəyi ermənilərin “Sevan” adlandırdıqları “Göyçə” gölündən başlanan Zəngi çayının ta Araza qədər hər iki sahili boyunca Azərbaycan türkləri yaşayırdı.
“Yol ayrıcında” adlanan 2-ci əsərdəki hadisələr II Dünya Müharibəsi və sonrakı dövrü əhatə edir. İlk kitabın qəhrəmanı İsmətin daşlı-kəsəkli həyat yolundakı mətanət və cəsarəti romanın mövzusudur. Bu kitabda İrəvanın əsil sakinləri Mir Mahmud Ağa, Yusif bəy, Əliyulla bəy, Sədrəddin, Zeybə xanım, Asi, Mahirə kimi qadınlar, onların geyim-kecim və mətbəx mədəniyyəti, ətri ətrafa yayılan yeməkləri də məhəbbətlə təsvir olunur. Eyni zamanda, havadarlarının sayəsində gəlib Azərbaycanda da vəzifə sahibi olan laməzhəb ermənilər – Aram, Aykaz, Armo, Şaginyanın, cəbhə komandanı Baqramyanın bəd əməlləri, erməni qızı Jasminin saxta məhəbbəti də müəllifin qələminə tuş gəlib. Onlara münasibət Xalid, Yusif kimi surətlərin dili ilə nifrətlə ifadə olunur.
Maarifə HACIYEVA,
filologiya elmləri doktoru, professor