Azərbaycanda Belarus günləri

post-img

Xəbər verildiyi kimi, aprelin 1-dən 3-dək Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçirilir. Bu çərçivədə bir sıra maraqlı görüşlər, kinofilm nümayişi, sərgi və konsertlər təşkil olunub. 

Tədbirlərlə bağlı Belarus Respubli­kasının mədəniyyət naziri Anatoli Mar­keviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizdə səfərdədir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı ilə görüşüb. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bu əlaqələrin mühüm tərkib his­səsi humanitar əməkdaşlıqdır. Nazirlər ölkəmizdə keçirilən növbəti Belarus Mə­dəniyyəti Günlərini əlaqələrimizin inkişa­fına mühüm töhfə kimi səciyyələndiriblər. Qeyd olunub ki, hər iki tərəf film sənaye­si, kitabxana, musiqi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində ma­raqlıdır. Bunun üçün ikitərəfli işçi qrupu­nun yaradılması əhəmiyyətli olacaq. 

Belarus Mədəniyyəti Günləri çərçivə­sində Azərbaycan Milli İncəsənət Muze­yi ilə dost ölkənin Milli Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalanıb və Belarus rəssamların gözü ilə” sərgisi açılıb. Bura­da belaruslu rəssamlar Anton Vırvo, Anna Kononova, Qleb Oçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri sərgilənir. Rəsmlər əsasən mənzərə janrındadır, bu­nunla bərabər, Belarusun nasist işğalçıla­rından azad edilməsinin 80 illiyinə həsr olunmuş rəngkarlıq əsərləri, maraqla qar­şılanıb. Azərbaycan Milli İncəsənət Mu­zeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Belarus Mədəniyyəti Günlərinin ölkəmizdə keçirilməsini alqış­layaraq, belə bir tədbirin artıq 4-cü dəfədir keçirildiyini xatırladıb. 

Heydər Əliyev Sarayının foyesində banner sərgisi olub, Belarus xalq sənət­karlıq nümunələri də təqdim edilib. Niza­mi Kino Mərkəzində isə Belarus kinosu günlərinin açılışı keçirilib. Əvvəlcə Azər­baycan Respublikasının Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək, sözügedən tədbi­ri mədəniyyət hadisəsi adlandırıb. Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusiyada bu formada təqdimi nəzər­də tutulur. "Belarusfilm" Milli Kinostudi­yasının baş direktoru Yuri Aleksey dördgünlük mədəniyyət hadisəsi ilə bağlı təəssüratlarını bölüşüb. Bakı kinosevər­ləri “Gözləmə vərəqəsi”, “Digər sahildə”, “Kinoçular” komediyasını, “Təkrar zəng”, “İflas” və bir sıra digər filmləri seyr etmək imkanı qazanıblar. Ekran əsərləri tarixi dram, komediya, tammetrajlı və sənədli filmlərdən ibarətdir. 

Dünən həmçinin incəsənət ustalarının ifasında Mədəniyyət günlərinin açılışına həsr olunmuş qala-konsert təşkil olunub. Bu gün isə M.F.Axundzadə adına Azər­baycan Milli Kitabxanasında ölkələrimizin mədəniyyət xadimlərinin iştirakı ilə də­yirmi masa təşkil olunacaq. Mədəniyyət həftəsinə “Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filminin nümayişi ilə yekun vuru­lacaq.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət