Milli mətbuatımızın fədakar tədqiqatçısı

post-img

Bugünlərdə şəxsi arxivimi araşdırarkən, tanınmış mətnşünas və mətbuat tarixçisi, professor Nazim Axundovun 20 yanvar 1991-ci ildə mənim “Xallı gürzə” tarixi romanım barədə yazdığı məqalənin əlyazmasına rast gəldim. Yazını bir daha oxudum. Yaddaşımda Nazim müəllimin səsi canlandı, onun nurlu çöhrəsi, bəylik ədası xəyalımda cilvələndi. 

O vaxt çalışdığım “Yazıçı” nəşriyya­tının 1989-cu ilin tematik planında 15 müəllif vərəqi həcmində kitabım plana salınmışdı. Lakin məlum 1988-ci il ha­disələri bu kitabı çap etdirmək həvəsi­mi öldürdü. Qarabağ xanlığının, Şuşa qalasının banisi Pənahəli xan Cavanşir haqqında roman yazmaq fikrinə düşdüm. Bu da təsadüfi deyildi. Mən hələ 1982-ci ildə Pənahəli xanın nəvəsi Ağabəyim ağa haqqında “Təbəssüm çiçəyi” adlı povest yazmışdım, lakin onun İran həyatını əks etdirən mənbələri əldə edə bilmədiyim­dən bu əsəri çap etdirməyə tələsmirdim. Bu mövzu ətrafında işləyərkən Pənahəli xan haqqında da müəyyən məlumat əldə etmişdim. 

Nə isə, mən roman üzərində çox həvəslə işləməyə başladım. Baş verən ictimai-siyasi hadisələr də işimə təkan verdi. 1990-cı ildə romanın böyük bir his­səsini yazıb, o zaman 45 min tirajla nəşr olunan “Karvan” jurnalına verdim. Əlyaz­manı redaksiyanın bütün əməkdaşları – baş redaktor Oqtay Salamzadə, məsul katib Əmir Mustafayev, şair Ağasəfa, Di­larə Vəkilova, Mahmud Abbasov oxuyub, çap üçün qəbul etdilər. Romanın böyük bir hissəsi elə həmin il jurnalın 11–12-ci saylarında çap olundu. Mən bundan ruh­lanıb romanı bitirdim. Lakin tarixi mövzu­da ilk qələm təcrübəm olduğundan çox nigarançılıq hissi keçirirdim. Nigarançılı­ğıma son qoymaq üçün romanı Qarabağ xanlığının tarixini yaxşı bilən bir adama oxutmaq istəyirdim. Bu niyyətlə soraqla­şanda dostlar romanı professor Nazim Axundova oxutdurmağı məsləhət bildilər.

Doğrusu, mənim o vaxta qədər Na­zim Axundovla tanışlığım yox idi. Amma onun mətbuatımızın tarixinə aid yazıla­rına yaxşı bələd idim. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”, “Azərbaycan sa­tira jurnalları”, “Mətbuat: biblioqrafiya – 1875–1920” kitablarını oxumuşdum.

Nazim Fərrux oğlu Axundov Xankən­didə Dövlət İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işlədiyi üçün Bakıda yaşamırdı. Mən romanımın əlyazmasını Nazim müəllimə göndərmə­yin yolunu aradığım bir gündə rəhmətlik Namiq Babayev (“Xarıbülbül əfsanəsi”­ni də “Azərbaycan təbiəti” jurnalında ilk dəfə bu istedadlı gənc alim yazıb çap etdirmişdi) “Yazıçı” nəşriyyatına, mənim müdiri olduğum nəsr şöbəsinə gəlmişdi. Hal-əhvaldan sonra ondan xahiş etdim ki, romanımın əlyazmasını Şuşaya aparsın, əvvəl özü oxusun, sonra Nazim müəllimə mənim xahişimi yetirsin. Beləcə, Namiq Babayev əlyazmamı götürüb apardı. Bir müddət sonra zəng edib məni romanın yaxşı yazılması münasibəti ilə təbrik etdi və əlyazmasını Nazim müəllimə verdiyini söylədi.

Nazim Axundov isə romanı nəinki oxuyur, hətta institutda onunla birgə ça­lışan şair Ənvər Əhmədə, tarixçi-yazıçı Şahlar Həsənoğluna və başqalarına da oxutdurduqdan sonra müzakirəsini keçi­rir. Bununla da rahatlıq tapmayıb əsər­dən müəyyən parçaları müəllif haqqında kiçik bir tanıtdırma ilə “Şuşa” qəzetinə təqdim edir. O, şuşalı oxuculara məni belə təqdim eləmişdi: “Mustafa Çəmənli müasir Azərbaycan nasirlərindən biri­dir. Onun hekayə və povestləri oxucular tərəfindən rəğbətlə qarşılanır. Hazırda “Yazıçı” nəşriyyatında nəsr bölməsinə rəhbərlik edir.

Mustafa Çəmənli Pənahəli xanın hə­yat yolunu, Qarabağ xanlığının əsasını qoymasını, Bayat, Şahbulaq və Şuşa qa­lalarını tikdirməsini, xarici və daxili düş­mənlərə qarşı qalibiyyətli mübarizəsini əks etdirən “Xallı gürzə” romanını bitir­mişdir. Romandan bəzi fəsilləri oxuculara təqdim edirik”.

Beləliklə, “Şuşa” qəzetinin 1991-ci il 12 yanvar tarixli nömrəsindən başlaya­raq romandan parçalar hissə-hissə dərc olunur. Bu ərəfədə mən çox narahat idim. Həm erməni separatçılarının üzündən, həm də qış fəsli olduğundan Şuşaya gediş-gəliş xeyli çətinləşmişdi. Ölkədə xaos hökm sürürdü. Mən romanın vax­tında nəşr olunmasını istəyirdim. Əsərin əlyazması isə Şuşada, Nazim müəllimdə qalmışdı. Mən çox çətinliklə onunla əlaqə yaradıb əlyazmanı Bakıya – mənə gön­dərməsini xahiş elədim.

Bir neçə gündən sonra nəşriyyatın baş redaktoru Cəmil Əlibəyov daxili te­lefonla məni yanına çağırdı. Onun ka­binetinə girəndə ağsaçlı, nurlu sifətli bir kişinin Cəmil müəllimlə üz-üzə oturub, söhbət etdiyini gördüm. O məni tanımır­dı, mən isə onu kitabındakı şəklindən, bir də qarşısındakı qovluğumdan tanı­mışdım. Qəlbi təmiz Cəmil müəllimin üzü nurlanmışdı:

– Nazim müəllim, – dedi, – bayaqdan romanını təriflədiyin cavan oğlan budur.

Nazim müəllim qalxıb mənimlə meh­ribancasına görüşdü:

– Təbrik edirəm! Cəmil müəllimə də demişəm, sənin romanın bu gün 100 min tirajla çap olunsa, satılar.

– Belə yüksək fikirdə olduğunuza görə sizə təşəkkür edirəm! – dedim.

O, romanın əlyazmasını və bir topa qəzeti mənə uzadaraq:

– “Şuşa” qəzeti 12 nömrəsində ro­manından fəsillər çap edib. Darıxdın, re­daksiya istəyirdi ilboyu əsərini çap etsin, – dedi.

– Nazim müəllim, buna görə də təşək­kür edirəm. Görürsünüz də hadisələr necə cərəyan edir. İstəyirəm əsərim kitab halında çıxsın, qorxuram sonra gec ola.

– Doğrudur, – dedi, – romanın haqqında ürək sözlərimi də yazmışam. Xoşun gəlsə, çap etdirərsən.

– Çox məmnunam, – dedim. Sağol­laşıb əlyazmamı götürmək istəyəndə Cə­mil Əlibəyov gülə-gülə:

– Qoy qalsın, aparım oxuyum. Görüm nə yazmısan belə, Nazim müəllim bərk tərifləyir.

– Nə olar, Cəmil müəllim, çox şad olaram ki, bu əsəri siz də oxuyasınız, – dedim və qəzetləri, Nazim müəllimin məqaləsini götürüb çıxdım.

Bir həftədən sonra Cəmil müəllim əsərimi çapa imzaladı və “ürəyində daha bir şey qoymamısan qala, təbrik elə­yirəm” deməyi də unutmadı.

1991-ci ilin mart ayında “Qızıl Şərq” mətbəəsinə göndərilən romanım, xeyli gec, 1992-ci ilin fevral ayının 17-də 30 min tirajla işıq üzü gördü. Mən Nazim müəllimin məqaləsini makinada yazdırıb “Ədəbiyyat qəzeti”nə təqdim etdim. Na­zim Axundovun romanım haqqında yaz­dığı “Tarixin yaddaşı – yazıçının romanti­kası” məqaləsi “Tarixi yaddaşın bərpası” adı ilə həmin qəzetin 6 mart 1992-ci il tarixli nömrəsində dərc olundu.

Professor Nazim Axundov çox işıq­lı, xeyirxah şəxsiyyət idi. İlk tanışlıqdan sonra aramızda səmimi ünsiyyət yaran­mışdı. O, “Yazıçı” nəşriyyatında 2 cilddə çapa hazırlanan “Qarabağnamələr”in tərtibçisi, “Qarabağ salnamələri” kitabı­nın müəllifi kimi və fars dilindən tərcümə etdiyi Nasir Nəcminin “Abbas Mirzə: XIX əsr Rusiya–İran–Azərbaycan münasibət­ləri” (bu kitabın redaktoru olmuşam) əsə­rinə görə nəşriyyatla müntəzəm əlaqə saxlayırdı və buna görə də vaxtaşırı gö­rüşürdük. Şuşa işğal olunduqda sonra o, Bakıda yaşayırdı (indi təəssüflənirəm ki, Nazim müəllim 44 günlük İkinci Qarabağ savaşında çox sevdiyi doğma Şuşasının işğaldan azad edildiyi günü görmədi).

Bir dəfə eşitdim ki, xəstə yatır. Cər­rah dostum Çingiz Baxşəliyevlə onu yo­luxmağa getdik. Yataqda olsa da, nikbin ruhdaydı. Çingiz həkim ona bəzi məs­ləhətlər verdi. Gəlişimizdən çox məmnun olmuşdu. Bu mənim onunla son görüşüm idi.

Professor Nazim Fərrux oğlu Axun­dov 20 iyun 1924-cü ildə Şuşada dünya­ya göz açmışdı, 10 mart 1994-cü ildə isə Bakıda dünyasını dəyişdi. Bu gün möh­tərəm professorun vəfatından 30 il keçir. Allah ona rəhmət eləsin. Onun işıqlı xa­tirəsi həmişə mənimlədir.

Mustafa ÇƏMƏNLİ

Mədəniyyət