Üzeyir Hacıbəylinin görkəmli yetirməsi

post-img

Süleyman Ələsgərov – 100

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də tanınmış bəstəkar, dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi haqqında sərəncam imzalayıb. Bu, mədəni irsə, görkəmli sənət adamlarına diqqətin daha bir təzahürüdür.

…Səhər “Sumqayıt–Bakı” qatarı ilə işə gələndə mobil telefonuma baxırdım. Saytlardan birində filarmoniyada bəstəkar Süleyman Ələsgərovun 100 illiyi ilə bağlı konsert veriləcəyi xəbərinə rast gəldim. Elə qatardan düşüb üzü Milli Konserva­toriyaya tərəf – Bülbül prospektində yer­ləşən redaksiyamıza gedirdim ki, musiqi məbədinin sağındakı küçənin Süleyman Ələsgərovun adını daşıdığını bildirən löv­hə diqqətimi çəkdi. Təsadüf idimi? – bil­mədim. 

Bildiyim odur ki, bir anlıq özümü kon­sertdə sandım, sənətkarın musiqilərindən parçalar qulaqlarımda səsləndi. Süley­man Ələsgərov küçəsindən ötə-ötə xatır­ladım ki, bəstəkarın ilk mahnısı mühari­bəyə həsr olunmuş “Gözlə məni” olub və bu mahnını Azərbaycan vokal məktəbinin banisi, adı artıq gəlib çatdığım prospektə verilmiş və burada abidəsi qoyulmuş Bül­bül oxuyub. 

İş yerimdəki kompüterdə Süleyman Ələsgərovu aradım. Tapdığım məlumatlar onun tərcümeyi-halı, yaradıcılığı barədə bilgilərimi zənginləşdirdi. 1924-cü il fev­ralın 22-də musiqi beşiyi Şuşada anadan olmuş bəstəkarın sənətə orada tar sinfinə getməklə, texnikumun bədii özfəaliyyət kollektivlərində fəal iştirak etməklə başla­dığını öyrəndim. 

Süleyman Ələsgərov 1948-ci ildə fərqlənmə ilə bitirdiyi Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfində oxuyub. Həmin ildə konservatoriyanın yaradıcısı dahi Üzeyir bəy dünyasını dəyişsə də, məhz Süleyman Ələsgərov kimi ardıcılla­rı onun ruhunu yaşadıblar. Gənc məzun əvvəlcə Bakı Orta İxtisas Musiqi Məktə­binə rəhbərlik edib. 1956-cı ildən isə kon­servatoriyada xalq musiqisi kafedrasında fəaliyyət göstərib və 1971-ci ildən həmin kafedranın müdiri olub. 

Yaradıcılığı Azərbaycan professional musiqi tarixinin ən parlaq səhifələri sı­rasında olan Süleyman Ələsgərov daim xalq yaradıcılığından bəhrələnib, fərdi sənət üslubunu bu yolla zənginləşdirib. 

Respublika radiosunda, Musiqili Komediya Teatrında, Kinematoqrafiya Komitəsində, filarmoniyada müxtəlif və­zifələrdə çalışıb. Üzeyir ruhlu bəstəkarın musiqili komediyaları rəngarəng möv­zuları, dolğun obrazlar aləmi ilə yadda qalıb. “Məhəbbət gülü”, “Ulduz” “Olmadı elə, oldu belə”, “Özümüz bilərik”, “Sevin­dik qız axtarır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət” bu qəbildəndir. 1967-ci ildə “Milyonçunun dilənçi oğlu” komediyasına görə Ü.Ha­cıbəyli adına Respublika mükafatına la­yiq görülüb. 1992-ci ildə “Subaylarınızdan görəsiniz”,1995-ci ildə “Hərənin bir uldu­zu” musiqili komediyalarını yazıb.

Dövrünün qabaqcıl fikirli vətənpərvər mütəfəkkirlərinin irəli sürdüyü ideyaların sədaqətli davamçısı olan Süleyman Ələs­gərov musiqinin bir çox janrında öz yara­dıcılıq imkanlarını sınayıb, zövq oxşayan əsərlər yaradıb. Mahnılar onun yaradı­cılıq irsində xüsusi yer tutur. Təbi bulaq kimi çağlayan bəstəkar Azərbaycanda zəhmət mövzüsuna və əmək qəhrəman­larına həsr olunan mahnı janrının əsasını qoyub və bu janrı məharətlə inkişaf etdi­rib. Neftçi İsrafil Hüseynova “Hünər nəğ­məsi”, pambıqçı Şamama Həsənovaya “Şamama”, çoban Süleyman Bağırova “Qəhrəman çoban”, inşaatçı Məmməd Hüseynova “Usta Məmməd”, manqa baş­çısı Bahar Talıbovaya “Bahar” mahnılarını həsr edib. 

Bəstəkarın romansları bir ayrı aləm­dir. Nizami Gəncəvinin “Sərvi xuramanım mənim”, Məhəmməd Fizulinin “Vətənim­dir”, Cəfər Cabbarlının “Yada düşdü”, M.Muşfiqin “Küsmərəm” və s. şeirlərə yazdığı romanslar müəllifə böyük şöhrət gətirib.

Ömrünün müdriklik çağında dogma Qarabağda erməni nankorlarının sepa­ratçı hərəkətləri Süleyman Ələsgərovun Vətənə məhəbbət, düşmənə nifrət aşı­layan əsərlər yaratmaq əzmini daha da gücləndirib. “Yürüş mahnısı”, “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura vətəndir” mah­nıları, “Gənclik marşı”, “Azərbaycan poli­si”, “Əsgər marşı”, “Güllələnən abidələr” balladası və sair nümunələrlə ürəkləri riqqətə gətirib. 

Nəsiminin sözlərinə Süleyman Ələs­gərovun yazdığı “Neylərəm” romansı bu misra ilə başlayır: “Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?”. Elə təndə canı musiqi ilə yoğrulmuş bəstəkarın özü də ömrünün bir gününü belə könlünün dil­bəri saydığı nəğmələrdən ayrı yaşama­yıb. Odur ki, ötən əsrin sonuna 1 il qalmış dünyasını dəyişsə də, yaddaşlarda “Təx­ti-Süleyman” abidəsi ucaldıb. 

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət