“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü

post-img

Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Günü keçirilib. 

2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisi “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə apar­maqdır. “Doha Ekspo”da fəaliyyət göstərən pavilyonlar sırasında Heydər Əliyev Mərkə­zinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi­nin birgə təşkilatçılığı ilə yaradılan Azərbay­can pavilyonu da yer alıb. 

“Doha Ekspo”da təşkil olunan Milli Gün çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik et­diyi nümayəndə heyəti Qətərin dövlət naziri Həməd bin Abdulaziz Al-Kuvari, bu ölkənin mədəniyyət naziri Şeyx Abdülrəhman bin Həməd Al Tani, bələdiyyə naziri Abdullah bin Həməd bin Abdullah Al Atiyya, “Doha Ekspo 2023”ün Baş komissarı Bader bin Omar Al Dafa ilə görüşdə ölkəmizin Ekspo sərgilərin­dəki təcrübəsi, eləcə də “Doha Ekspo 2023”də uğurlu iştirakı barədə müzakirələr aparıb. 

Daha sonra Milli Günün açılışı olub, Azərbaycanın Dövlət Himni səsləndirilib və Dövlət Bayrağı qaldırılıb. 

Tədbirdə Azərbaycanın və Qətər Dövlə­tinin rəsmiləri, bu ölkədə akkreditasiya olun­muş 60-a yaxın ölkənin səfiri iştirak edib. 

Milli Günün açılış tədbirində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan–Qətər münasibətlərinin qarşılıq­lı hörmətə və əməkdaşlığa əsaslandığını, sıx təmasların iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirib. “Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü­nün keçirilməsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayan Anar Ələkbərov Bey­nəlxalq Bağçılıq Sərgisinin dünyanın gündə­mindəki ən vacib məsələlərdən birinə - iqlim dəyişmələri ilə bağlı məsələlərə töhfə verəcə­yinə ümidvar olduğunu deyib. 

Ölkəmizin dünyanı narahat edən iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həl­linə böyük önəm verdiyini və bu istiqamətdə əməli işlər görməkdə davam etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi bu baxımdan Azərbaycanın noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini xüsusi vur­ğulayıb. 

Dohada belə uğurlu və vacib platformanı təşkil etdiyi üçün Qətər Dövlətinə təşəkkürü­nü bildirən Anar Ələkbərov deyib: “Ölkələrin bir araya gəlməsi humanitar əlaqələrin və əməkdaşlığın inkişafı üçün çox önəmlidir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan xalqlarımız tarixən dini və mədəni əlaqələrlə bir-birinə bağlı olub. Hazırda iki ölkə arasında münasibətlər qarşılıqlı dostluq prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə dinamik inkişaf edir. Hesab edirəm ki, dostluq münasibətlə­rinə əsaslanan əməkdaşlıq münasibətlərimiz bundan sonra da uğurla davam edəcək”.

Sonra “Doha Ekspo 2023”ün Baş ko­missarı Bader bin Omar Al Dafanın çıxışı olub. O bildirib ki, “Doha Ekspo” bizi dünya ölkələrinə maraqlı “səyahət”ə aparır. Bu gün isə qardaş Azərbaycan Respublikasının Milli Gününü qeyd etmək üçün bir araya gətirib. 

Ölkəmizin bu il COP29-a ev sahibli­yi edəcəyini xatırladan Bader bin Omar Al Dafa deyib ki, Azərbaycan iqlim dəyişikliyi məsələləri ilə bağlı beynəlxalq müzakirələrdə davamlılığı və əməkdaşlığı yaxşılaşdırmaq üçün COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-u qəbul edəcək Braziliya ilə fəal tərəfdaşlıq edir.

Füsunkar təbiətə malik Azərbaycanın iqlim məsələləri ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verdiyini vurğulayan “Doha Ekspo 2023”ün Baş ko­missarı deyib: “Azərbaycanda investisiya si­yasəti innovasiyaya və texnologiyaya əsasla­nır. Azərbaycan neft-qaz sektorundan başqa, digər sahələri də sürətlə inkişaf etdirərək iqtisadiyyatının şaxələndirilməsini uğurla hə­yata keçirir. Bütün bunlar ölkədə bərpaolunan enerji, kənd təsərrüfatı sənayesi və turizm kimi inkişaf edən sahələrdə investorlar üçün geniş fürsətlər yaradır. 

Daha sonra Xalq artisti Azər Zeynalovun ifasında “Azərbaycan” mahnısı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında isə qədim xalq rəqslərimizdən olan “Uzun­dərə” rəqsi təqdim edilib. Mərasim çərçivə­sində, həmçinin Azərbaycanın təbiəti və tarixi abidələrini əhatə edən fotosərgi təşkil olunub. 

Açılışdan sonra tədbir iştirakçıları “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində­ki Qətər pavilyonuna baxış keçiriblər. 

Qeyd edək ki, ərazisi 1,7 milyon kvadrat­metr olan “Doha Ekspo 2023” Qətər paytaxtı­nın ən böyük parklarından biri olan Al Bidda parkında keçirilir. 

Qonaqlar daha sonra Azərbaycan pavilyo­nunu ziyarət ediblər. 

Pavilyonda, həmçinin Azərbaycan mə­dəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunur. 

Qonaqların pavilyona ziyarəti zamanı muğam triosunun ifası olub, kvartetin ifasın­da Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr, milli mətbəximiz təqdim edilib. 

“Doha Ekspo 2023”də Azərbaycanın Mil­li Günü axşam saatlarında Azərbaycan Mədə­niyyət Nazirliyi ilə birgə təşkil olunan konsert proqramı ilə davam edib. 

XQ



Mədəniyyət