Buna görə də təzminat ödəməkdən yaxa qurtara bilməz
Qərbi Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş ermənilər, bu azmış kimi, Qarabağ iddiası ilə 30 il ərzində ölkəmizin 20 faizlik bir ərazisini də işğal altında saxlamışdır. Nəticədə ölkəmizə milyardlarla dollar həcmində zərər vurmuşdur. Buna görə Ermənistan təzminat ödəməlidir və Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlərin dəyən zərərin hesablanması ilə bağlı fəaliyyəti də olmuşdur. Ermənistanın işğalçı dövlət olması və 30 il ərzində Azərbaycan dövlətinə vurduğu zərərə görə təzminat ödəməsi məsələsi artıq gündəmə daşınmaqdadır.
Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen səfərində Almaniyadakı erməni icması ilə görüşündə maraqlı etirafları olmuşdur.
Ermənistanda belə hesab edirlər ki, Paşinyan Ermənistanın son 30 illik siyasətində Azərbaycan torpaqlarını işğal etməsi faktını açıq şəkildə dilə gətirməklə Ermənistanı çətin duruma salmışdır. Görüşdə iştirak edənlərdən birinin Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə haqqı İlə bağlı sualına Paşinyan demişdir ki, Azərbaycanla sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin məsələsi yoxdur. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin məsələsi artıq gündəmdə deyil, bu məsələ bağlanmışdır. Maraqlı məqam ondan ibarətdir ki, Paşinyan cavabında deyir ki, biz həmin “öz müqəddaratını təyin etmə haqqı” anlayışını götürməklə və Dağlıq Qarabağın müstəqilliyini tələb etməklə elə hesab etmişik ki, Azərbaycana qarşı siyasi həmlə edirik. Əslində, bu beynəlxalq normanı yaradan Qərbə qarşı mübarizə aparmışıq. Bu isə ağıllı yanaşma deyildi...
Bu sözləri ilə Paşinyan Ermənistanın beynəlxalq birliyin prinsiplərinə qarşı çıxdıqlarını etiraf edir. Yaradılan Minsk qrupu da, işə müdaxilə edən ölkələr də bu məsələnin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etmişlər və bu prinsip heç vaxt dəyişməmişdir. Qarabağın Azərbaycan ərazisi olması heç vaxt heç kim tərəfindən şübhə altına alınmamışdır və faktiki olaraq bu prinsiplərdən yanaşıldıqda Ermənistan Azərbaycanın bu ərazisini işğal etdiyi faktı dünya birliyi və beynəlxalq qurumlar tərəfindən qəbul edilmişdir. Bəli, BMT tərəfindən 1966-cı ildə millətlərin öz müqəddaratını təyin etmə normaları qəbul edilmişdir və bu normalar heç cür Qarabağda yaşayan erməni əhaliyə şamil oluna bilməzdi, çünki erməni xalqı Ermənistan Respublikasının timsalında bir dəfə bu haqqı almışdır. Bu normanın ikinci dəfə başqa bir ölkənin ərazisində hansısa topluma verilməsi BMT-nin prinsiplərinə zidd idi. Və faktiki olaraq Ermənistanın belə tələblərdə bulunması başqa bir ölkənin ərazisinə iddia hesab olunmuşdur və 44 günlük müharibə zamanı bu işğal sona çatdırılmışdır.
Paşinyan bu görüşdəki çıxışında faktiki olaraq demək istəyir ki, biz münaqişənin müzakirə olunduğu bütün beynəlxalq dairələrdə “dünyanı aldatmağa çalışmışıq”, amma, nəhayət, ortaya çıxmışdır ki, Ermənistan başqa bir ölkənin ərazisini işğal etmişdir. Belə məlum olur ki, 30 il ərzində Ermənistan işğalçı olmuşdur ki, bunun arxasında isə Ermənistan üçün çox ciddi məhrumiyyətlər gəlməlidir.
Paşinyanın bu çıxışını şərh edən politoloqlardan biri, David Qriqoryan öz “Youtube” kanalında deyir ki, Paşinyan bu çıxışı ilə Ermənistanı çətin duruma salmışdır. “Əgər sən etiraf edirsənsə hansısa ölkənin ərazisini işğal etmisən, buna görə cavab verməlisən. Ərazini işğal etdiyinə, 30 il onu işğal altında saxladığına görə, bu ölkəyə vurduğun zərərə görə cavab verməlisən. Söhbət milyardlarla dollardan gedir. Vəsait olaraq Ermənistan bu məbləği ödəmək gücündə olmayacaq. Bu zaman iki variant ortaya çıxır: Birincisi, Azərbaycana 30 ildə vurduğun zərərə görə vəsait ödəməlisən, ikincisi, pulun yoxdursa əvəzinə torpaq verməlisən”.
Erməni şərhçilər bu çıxışın Ermənistanın dövlət başçısına məxsus olmasının təhlükəli nəticələr verə biləcəyi ehtimalından bəhs edirlər. Bu fikirlər beynəlxalq məhkəmələrin qərar verməsində əsas kimi qəbul edilə bilər və edilməlidir. Ermənistan Azərbaycan ərazilərini uzun illər işğalda saxladığına və ölkəmizə maddi zərər vurduğuna görə məhkum edilməlidir.
Qafar MEHDİYEV,
XQ-nin Türkiyə müxbiri