Çexovanın boyunbağısı Gəncədə

post-img

Bu günlərdə 110 yaşı tamam olan Xalq artisti Rəmziyyə Veysəlova uzun illər Gəncə Dövlət Dram Teatrında çalışıb, bir-birindən sanballı obrazları ilə yadda qalıb. Təbii ki, görkəmli aktrisanın həyatında bir çox maraqlı hadisələr də olub. Bunlardan biri boyunbağı əhvalatıdır.

Həmin əhvalatı Rəmziyyə Vey­səlovanın gəlini, onun oğlu Çingiz Yusifzadənin ömür-gün yoldaşı, yazı­çı-dramaturq Nüşabə Əsəd Məmmədli danışıb. Teatrşünas Anar Ərtoğrul Bur­cəliyev Nüşabə xanıma istinadla yazır ki, 1941-ci ildə alman faşistləri Moskva­ya yaxınlaşanda Moskva Bədaye Teatrı Gəncəyə köçürülüb. Rusiyanın böyük sənətkarları – SSRİ Xalq artistləri Va­sili Kaçalov, Faina Ranevskaya, yazıçı Anton Pavloviç Çexovun həyat yoldaşı Olqa Knipper-Çexova və başqaları o zaman Gəncədə yaşayıblar, azərbay­canlı həmkarları ilə çiyin-çiyinə işləyib­lər.

Qayınanası haqqında danışan Nüşabə xanım daha sonra bildirir: 

– Uzun illər evimizin divarından Əş­rəf Yusifzadə ilə birgə Rəmziyyə xanımın da portreti asılmışdı. Bu şəkildə onun boynundan Anna Axmatovanın boyun­bağısından var idi (Anna Axmatovanın şəkillərində görmüşdüm). Mən heç vaxt Rəmziyyə xanımdan bu boyunbağı ilə bağlı heç nə soruşmurdum. Ancaq ölü­mündən bir neçə ay qabaq Rəmziyyə xanım məndən xahiş etdi ki, ona kömək edib qonaq otağına aparım. O, içəri girəndə öz şəklinin qarşısında dayanıb baxdı və üzünü mənə tutub soruşdu:

– Nuşa, sən bilirsən bu boyunbağını mənə kim verib?

– Yox, – dedim.

O, söylədi ki, bir dəfə Gəncə Teatrın­da, deyəsən, Lermontovun “İki qardaş” pyesi oynanılırdı. Həmin tamaşada bö­yük sənətkarımız Məmmədrza Şeyxza­manovla tərəf-müqabil olan Rəmziyyə xanım səhnədə elə parlaq çıxış edib ki, zalda həmkarları ilə əyləşən Olqa Knip­per-Çexova öz boyunbağısını onun boy­nuna taxıb.

– Mən bu boyunbağını düz 17 il sax­ladım, – dedi Rəmziyyə xanım. – Ancaq 1958-ci ildə “Nəsrəddin şah” tamaşasın­da həmkarım Sədayə Mustafayeva elə gözəl oynadı ki, mən boyunbağını ona bağışladım. Bu rolu vaxtı ilə mən də oy­namışdım, lakin Sədayənin ifası məni elə titrətdi ki, bəlkə də, böyük yazıçı Çexo­vun əli toxunmuş boyunbağını onun boy­nundan asdım.

Daha sonra Nüşabə xanım nəql edir ki, düz 42 ildən sonra, yəni 2000-ci ildə qızım Aysel universiteti bitirib Gəncəyə qayıdanda, çox sevdiyim sənətkar, Xalq artisti Sədayə Mustafayeva bizə gəldi. “Məni və uşaqlarımı öpdü. – Qızıcan, – dedi, – məndə Rəmziyyə xanımın Knipper-Çexovanın ona bağışladığı bir yadigarı var. İstəyirəm onu Rəmziyyə xa­nımın öz nəvəsinə bağışlayım”. O həmin boyunbağını qızıma bağışladı.

Beləliklə, Aysel üçün bu, artıq 3 ko­rifey sənətkarın – Olqa Knipper-Çexova­nın, Rəmziyyə Veysəlovanın və Sədayə Mustafayevanın əziz yadigarı oldu.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət