Belçikadan dünyaya yayımlanan “Atunis Galaxy Poetry” beynəlxalq onlayn poeziya antologiyası Avropanın ən nüfuzlu ədəbiyyat portalıdır. Bu günlərdə portalda həmyerlimiz Nəzakət Məmmədovanın şeirləri yayımlanıb. “Kədər”, “Payız” və “Darıxıram, ay ana” adlı bu şeirləri saytın oxucuları maraqla qarşılayıblar.
Nəzakət Salah qızı Məmmədova Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktorudur. Bakıda “Yurd dediyim bu torpaq” kitabı, Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunub. Prezident mükafatlarına, Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. Onun “Atunis Galaxy Poetry” portalında verilmiş şeirlərdən birini təqdim edirik.
XQ
DARIXIRAM, AY ANA
Həsrət çəkən gözlərim dikilir yollarına
Gülüşünü gəzirəm hər dodaqlar qaçanda,
Mən ətrini gəzirəm çöldə güllər açanda.
Toxunuram güllərə mən sənin əlin ilə,
Oxşayıram onları hey sənin dilin ilə.
Heç nə yetmir dadıma, sən düşəndə yadıma…
Darıxıram, ay ana.
Səsin gəldiyi yerdən gəldi çiçəkli yazım,
Səsinə qurban olum, hanı o xoş avazın?
Sənsiz dünyam qarışıb, bu ömür nəyə lazım?
Hara tələsdin belə, bu imiş qara yazın?
Zümzümə eləyərdin “Qaragilə” havasın
Mən də heyran qalardım o şirin avazına...
Darıxıram, ay ana.
Böyütdün, “od götürdün” kipriyinlə, gözünlə,
Mənə dünyanı verdin bircə kəlmə sözünlə.
Mehriban davranışı, dözümü, sədaqəti
Sən verdin, gözəl anam, ləyaqəti, qeyrəti.
Səndən aldığım dərslər hər an gəlir karıma,
Sənsiz qar yağıb, sanki, gül açan baharıma...
Darıxıram, ay ana.
Gördüyüm hər zərrədə səni axtarıram mən,
Gəl, gözümün işığı, sənsiz darıxıram mən.
Bu ayrılıq bənzəməz heç bir ayrılıqlara,
Gəl, aydınlıq gətir sən bütün qaranlıqlara.
Gəlmək sənə çətinsə, məni çağır yanına,
Darıxıram səninçün, darıxıram, ay ana...
Darıxıram, ay ana!
Nəzakət MƏMMƏDOVA


