Nazim Kazımov,
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar insəsənət xadimi, professor:
– Olduqca qürurverici və fərəhli haldır ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqımız yenidən hər bir vətəndaşın Prezidenti olan cənab İlham Əliyevə səs verdi. Bu, xalq iradəsinin, xalq yekdilliyinin əsl ifadəsi idi.
Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji prinsiplərini dəqiq müəyyənləşdirib və hər zaman milli mədəniyyət və incəsənətin inkişafını prioritet istiqamətlərdən sayıb. Son dərəcə fərəhli haldır ki, Ümummilli liderin ən layiqli davamçısı, “Mən ona özüm qədər inanıram” – dediyi İlham Əliyev də həmin kursu uğurla davam etdirir.
Yeni əsrin əvvəllərindən dövlətimizə başçılıq edən İlham Heydər oğlu Azərbaycanın tərəqqisi, xalqın rifahı naminə nələr etmədi?! Mötəbər beynəlxalq tribunalardan haqq səsimizi ucaltdı. Ordu quruculuğunu ən ideal səviyyəyə qaldırdı. Nəhayət, 44 günlük möhtəşəm “Zəfər Yürüşü” sayəsində Qarabağı və Şərqi Zəngəzuru düşmən tapdağından azad etdi. Azərbaycanı qalib dövlət, millətimizi qalib millət edən böyük sərkərdə kimi şöhrət qazandı. Bu gün məhz onun uzaqgörən siyasətinin, prinsipial məqamlarda qətiyyətli mövqeyinin, cəsarətli addımlarının hesabına bir millət kimi qəddimizi düzəltmişik və daha uca zirvələrə, daha böyük qələbələrə doğru gedirik. Qazanılan uğurlar Prezidentin “Sözümüz imzamızdır” fikrinin təsdiqi olub.
Ötən il dekabrin 30-da təsdiq edilmiş Bakının Baş Planında mədəni tərəqqiyə də geniş yer verilib, paytaxtın memarlıq simasına qayğıkeş münasibət sərgilənib, mədəniyyət ocaqlarının artırılması nəzərdə tutulub və s. Artıq azad edilmiş tac şəhərimiz Şuşaya ilk səfərində cənab İlham Əliyev Bülbülün dağıdılmış ev-muzeyinin, Şuşa Realnı Məktəbinin və bütün digər mədəni obyektlərin ən yüksək səviyyədə bərpa olunacağını söyləyərək deyib ki, Cıdır düzündə yenidən böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq, muğam səsi eşidiləcək. Doğrudan da, tezliklə orada ənənəvi “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri bərpa olunub. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilib. Sənət beşiyi olan bu şəhər ötən il Azərbaycanın, bu il isə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Bu il isə Şuşa İslam Dünyasının paytaxtı statusunda dünyaya mədəniyyət yayır. Əlbəttə, bütün bunlar sevimli Prezidentimizin uzaqgörən səylərinin fərəhli nəticələridir.
Azərbaycanın bugünkü uğurlarında məhz milli-mənəvi dəyərlərimizin rolu danılmazdır. Ölkəmizin dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq və tolerantlıq məkanı kimi tanınması, sözsüz ki, Prezident İlham Əliyevin məxsusi xidmətidir. Prezident İlham Əliyev mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərimizi Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsi, elitası hesab edir və sənət adamlarından qayğısını əsirgəmir. Təbii ki, onlar da dövlət başçımızın siyasi kursunu dəstəkləyir, Azərbaycanın parlaq gələcəyi, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.
Bu gün artıq Azərbaycan əsl festivallar diyarına çevrilib. Hər il dövlətin dəstəyi ilə kino, musiqi, teatr və digər sahələr üzrə neçə-neçə mötəbər beynəlxalq tədbir keçirilir, xarici qonaqlar yurdumuzun gözəllikləri ilə bərabər, mədəniyyətimizin tərəqqisinin də canlı şahidi olurlar. Özü də mədəni yüksəliş ab-havası ölkənin hər yerində– Naxçıvanda, Gəncədə, Sumqayıtda, Lənkəranda, Şəkidə, Şamaxıda da aşkar duyulur.
Bir qismini sadaladığımız faktlar dövlət başçısı səviyyəsində mədəniyyətə diqqət və qayğının təzahürləridir. İnanırıq ki, şair demişkən, “gözəl günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır”.
XQ

