Ermənistan hərbi eskalasiyalardan çəkinməlidir
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.
Bu fikir son hərbi təxribatlarla bağlı Ermənistan XİN-in bəyanatına dair Azərbaycan XİN-in şərhində yer alıb.
Şərhdə qeyd edilib ki, Azərbaycanın hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.
“Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, – deyə XİN-in şərhində vurğulanıb.
Sülhməramlıların müddəti 2025-ci ildə yekunlaşır
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualını cavablandırıb.
Ayxan Hacızadə deyib: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.
Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranmışdır.
Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”.
Qeyd edək ki, Rusiyanın ölkəmizdəki səfirinin “İzvestiya” qəzetinə müsahibəsi zamanı Rusiyanın sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan XİN ilə razılaşdırılma mərhələsində olduğunu bildirib.
XQ

