Fevralın 13-də Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
Məktubda deyilir: “Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviqində əhəmiyyətli rol oynayır”.
Məktubda diqqətə çatdırılır ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.
XQ

