Milli baletin əfsanəsi

post-img

Xalq artisti olan böyük balerina, pedaqoq, professor Leyla Vəkilovanın xatirəsi daim onu sevənlərin ürəyində yaşayır. Nə qədər ki, Azərbaycan mədəniyyəti və incəsənəti var, neçə ki, onun ifalarını canlı olaraq görənlər yaşayır, Leyla xanım unudulmayacaq.

O, səhnəyə çıxanda sanki döşəmə pəmbə buluda dönürdü və Leyla ayağı­nın ucunda gəzə-gəzə o buludu əzmək istəməyən, qanad çala-çala yerə-göyə “naz satan” qu quşuna çevrilirdi. İlahi, hardandı onda bu qədər plastika, ahəng­darlıq, romantik vüsət?! Onun seyri adama sehirli yuxu kimi gəlirdi, Cənnə­tin ecazkar guşəsinə 1 saatlıq güzardı sanki. Yerə enmiş mələk öz rəqsləri ilə qəribə bir ovsun yaradırdı – hayıl-mayıl olmamaq mümkün deyildi. O gedəndən sonra yaranan təəssürat isə mələk qana­dından qopmuş ağ lələk kimi xəyallarda yellənirdi... 

Xatırlayırıq ki, 2018-ci ildə YARAT Müasir İncəsənət Mərkəzində “Qanadlı xatirələr. Leyla Vəkilova” adlı ilk sənədli film hazırlanıb göstərilmişdi. Dörd dildə – Azərbaycan, rus, ingilis və ispan dillə­rində səsləndirilən həmin film seyrçiləri yetərincə heyrətləndirmişdi. İndi isə Niza­mi Kino Mərkəzində “Vəkilova” filmi təq­dim olundu. Hər iki adda “Vəkilova” soya­dının olması, bəlkə də, onun Azərbaycan baletinin əsl vəkili olmasına işarədir.

Sənətinin Leylası 8 yaşında balet məktəbinə gedib, Ədilə və Qəmər Almas­zadələrdən peşənin incəliklərini öyrənib. Moskva Xoreoqrafiya Məktəbini də biti­rib və sonra Bakıya qayıdaraq Opera və Balet Teatrında çalışıb. Adının keçmiş SSRİ-nin ən məşhur balerinaları sayı­lan Marina Semyonova, Qalina Ulanova, Mayya Plisetskaya, Natalya Dudinskaya və Olqa Lepesinskaya ilə bir siyahıda, yanaşı çəkilməsinə nail olub. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. O, həmçinin 1976–1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri olub.

Sayca 2-ci filmin təqdimatında Mədə­niyyət Nazirliyi və Azərbaycan Respub­likası Kino Agentliyinin (ARKA) məsul əməkdaşları, kino xadimləri, digər qo­naqlar iştirak edirdilər.

ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu rəqs sənəti­mizin görkəmli nümayəndəsi haqqında filmin əhəmiyyətindən danışdı. O digər sənət fədailəri haqqında da filmlərin lentə alınacağını diqqətə çatdırdı.

Filmin ssenari müəllifi və rejissoru, Əməkdar artist Samir Səmədov, ekran əsərinin prodüseri isə Gülnarə Lütfəliqı­zıdır. İki ay ərzində ərsəyə gələn ekran işi Azərbaycan dilindən savayı, ingilis və rus dillərində də səsləndirilib. Filmdə Leyla Vəkilovaya aid arxiv materiallarından is­tifadə olunub.

Qeyd edək ki, Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmı­zı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fontanı”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gül­şən” və digər baletlərdə yaddaqalan ob­razlar yaradıb.

Filmin nümayişi bir daha gözlər önün­də Leyla Vəkilovanın heyrətamiz sənəti haqqında təsəvvürləri canlandırdı, ona rəhmət oxutdurdu.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət