Nəğmələrində yaşayan sənətkar

post-img

Şəfiqə Axundova – 100

Onun adı musiqi mədəniyyətimizin tarixinə belə yazılıb. Çünki o, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə həmin titulu qazanıb. Operada klassik musiqi ilə muğam janrlarını bacarıqla sintez edib ki, bu da bəstəkarın xalq musiqisini dərindən bilməsinə dəlalət edir. Təsadüfi deyil ki, bu opera hələ də Azərbaycan Opera və Balet Teatrının səhnəsində müvəffəqiyyətlə oynanılır.

Şəfiqə Axundova 1924-cü il, yanva­rın 21-də Şəki şəhərində dünyaya gəlib. Musiqiyə marağı çox kiçik yaşlarından hiss olunub. Balaca qızcığazın ürəyi nəğ­mə ilə dolu idi. Nəğmələrin könül sığalı iliyinə, qanına işləyirdi. Bədahətən nəğ­mələr bəstələyir, mahnılar qoşurdu. La­kin gələcəkdə görkəmli bəstəkar olacağı heç ağlına da gəlməzdi. 

…Bakıdakı 173 saylı orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində də təhsil alırdı. Müəllimləri Şəfiqənin isteda­dına heyran qalır və gələcəkdə musiqi sahəsində böyük uğurlar qazanacağına ümid bəsləyirdilər. Onun həyatında mu­siqi istedadı ilə bağlı sevincli hadisələr baş verirdi. Amma atası Şəfiqənin bö­yüyəndə musiqiçi olacağını qəbul etmir­di. Böyük bacısı Zümrüd xanım isə ona həmişə dəstək olurdu. Onun musiqi iste­dadının daha da parlaması üçün əlindən gələni əsirgəmirdi.

Akademik Məmməd Arif Dadaşzadə­nin həyat yoldaşı olan Zümrüd xanım öz evlərində bacısı Şəfiqə üçün münbit bir mühit yaratmışdı. Belə ki, dövrün böyük ziyalıları bu evə qonaq gələndə Şəfiqə onlar üçün pianoda öz musiqi incilərini ərmağan edərdi. Artıq bu istedadlı qızı Səməd Vurğun, Həmid Araslı, Mirzə İbra­himov, Cəfər Xəndan kimi görkəmli şəx­siyyətlər tanımağa başlayır, istedadına yüksək qiymət verirdilər. Çox keçmir ki, Xalq yazıçısı Mirzə İbrahimov onu Üzeyir Hacıbəyli ilə tanış edir. Dahi bəstəkarla tanışlıq Şəfiqənin sənət zirvəsinə ucal­masında böyük rol oynayr. Buna görə də o, həyatda qarşısına çıxan belə xeyirxah insanlardan çox razılıq edirdi. 

Şəfiqə Axundova 1943–1944-cü illər­də Asəf Zeynallı adına Bakı Musiqi Mək­təbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb. Daha sonra Azərbaycan Döv­lət Konservatoriyasına daxil olub. Orada bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 

Onun sənətə gəldiyi illər İkinci Dün­ya müharibəsinə təsadüf etdiyinə görə, əsgərlərə mənəvi dayaq olan mübariz ruhlu nəğmələr yazırdı. O dövrün “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” kimi populyar mahnıları bu qəbildəndir.

1943-cü ildə o, ilk dəfə Əyyub Abba­sovun "Adil və Sərvinaz" tamaşasına mu­siqi bəstələdi. Bəstəkar bu janra sonralar daha çox müraciət edib. “Son məktub”, “Qaynana”, “Böyük ürək”, “Vicdan”, “Sən nə üçün yaşayırsan”, “Qızıl Əjdaha”, “Natəvan”, “Yaşar”, “Aydın” kimi tamaşa­ları öz nəğmələri ilə bəzəyib. 

Şəfiqə Axundovanın çox mahnıla­rı dillər əzbəridir. O, “Həyat, sən nə şi­rinsən”, “Gözlərimin işığı sənsən”, “Tap­mayacaqsan məni”, “Mehriban olaq”, “Hardasan sevgilim, gəl”, “Gəl, ey səhər” kimi 500-dən çox mahnının, romansın da müəllifidir. Şəfiqə Axundova Səməd Vur­ğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mirvarid Dilbazi kimi böyük şairlərin şe­irlərinə nəğmələr bəstələyib. Müasirlərin­dən də bir çox şairlərin – Bəxtiyar Vahab­zadənin, Nəbi Xəzrinin, Fikrət Qocanın, Hüseyn Arifin və başqalarının yaradıcılı­ğına müraciət edib. Korifey sənətkarları­mız Şövkət Ələkbərova, Zeynəb Xanla­rova, Sara Qədimova, İslam Rzayev, Arif Babayev və digərləri onun mahnılarını sevə-sevə ifa edib və dinləyicilərə sevdi­riblər. Əsərləri, demək olar ki, hər gün efirlərdə səslənir. 

O, Vətən, vətənpərvərlik haqqında da çox mahnılar yazıb. “Bakı haqqında mah­nı”sını, “Şəki”, “Sahil çıraqları”, “Nəğməli Lənkəran”, “Mənim respublikam”, “Ana torpaq”, “Doğma diyar”, “Bu torpağa borcluyam” və s. mahnılarını xüsusilə qeyd etmək lazımdır. Bu nəğmələrdə yurd sevgisi, Vətən eşqi kimi motivlər çox güclüdür.

Bəstəkarın əsərləri sırasında “Ley­la”, “Bəxtiyar ellər”, "Ev bizim, sirr bizim” operettasının, simli kvartet üçün pyeslə­rin, dramatik teatr üçün “Aydın”, “Əlvida, Hindistan!” və s. tamaşalara, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” kimi uşaq tamaşalarına yazdığı musiqiləri radionun qızıl fondunda saxlanılır. Çoxsaylı teatr tamaşalarında – “Ev bizim, sirr bizim” operettasında simfonik orkestr üçün yaz­dığı süitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələr onun bir bəstəkar kimi hərtərəfli istedada malik olmasını təs­diqləyir. 

O, həm də peşəkar pedaqoq və müəl­lim kimi uzun illər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbələrə dərs deyib. Əməkdar incəsənət xadi­mi Şəfiqə Axundova 1998-ci ildə Xalq artisti adına layiq görülüb və 2004-cüildə isə “Şöhrət” ordeni ilə təltif olunub. 2013-cü ildə, 89 yaşında vəfat etsə də, nəğmələrində yaşayır. 

Həzi HƏSƏNLİ,
şair - publisist

Mədəniyyət