“Əsərlərim övladlarımdır”
“Arşın mal alan” filmi çəkiləndə operettanın musiqisini orkestrlə səsləndirmək lazım idi. Musiqi müasir orkestrin müxtəlif alətlərinin dilində əlvan rənglərlə səslənməli idi. Bir dəfə Üzeyir bəyi kinostudiyaya dəvət edir, “Arşın mal alan”da orkestrə edilmiş parçaları çalırlar. Musiqini dinlədikcə, Üzeyir bəyin qaşları çatılır, əli ilə bığlarını didişdirir. Əsəbiləşmiş bəstəkar dərin bir sükutdan sonra heç kəsə baxmadan deyir:
– Mənim övladım yoxdur. Əsərlərim mənim balalarımdır. Nə üçün onu bu kökə salmışınız?!
Üzeyir bəy haqlı bir qısqanclıqla əsərlərini – balalarını hər cür müdaxilədən, “yenilikdən”, “müasirləşməkdən” qoruyurdu.
Ananın bəstəkar “uşağı”
Bəstəkar “Koroğlu” operası üzərində çalışdığı vaxt bəzən gecələr evə gec gələrmiş. Bir axşam Üzeyir bəyin anası Şirinbəyim xanım narahat halda üzünü Məleykə xanıma tutur:
– Gəlin, ay gəlin, saat 12-yə işləyir, uşaq axı gəlib çıxmadı.
Məleykə xanım təəccüblə:
– Hansı uşaq?– deyə bir az sözünə ara verib, sonra əlavə edir:
– Üzeyiri deyirsən?
– Hə də, bəs kimi deyirəm?
Hamı gülür. Üzeyir bəy bəstəkar kimi artıq şöhrətlənmişdi, amma anası üçün yenə də uşaq olaraq qalırdı.
“Saat yaxşı oldu ki, itdi”
Bir gün Üzeyir Hacıbəyli cib saatını yadından çıxarıb, haradasa qoyur. Evdə, iş yerində saatı ha axtarırsa da tapmır. Dostları ondan nə axtardığını soruşanda sakitcə deyir:
– Saatımı axtarırdım. Yaxşı oldu ki, itdi. Qayışı çox köhnəlmişdi.
Xatırladaq ki, Üzeyir bəy çox əliaçıq, xeyirxah insan olub. Çox sayda tələbələrinə maddi yardımlar göstərib, gənc, istedadlı bəstəkarları himayə edib. Ümumiyyətlə, bu dahi insanın xalqımızın mədəni-mənəvi inkişafında son dərəcə yüksək xidmətləri olub. Azərbaycan xalqı Üzeyir Hacıbəylini özünün ən milli dəyərlərindən sayır.
Z.HÜSEYNLİ
XQ