Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi oktyabr ayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib olan “Kəlağayı, əlvan qıyğacı” layihəsi üzrə silsilə tədbirlər keçirib. Qazax, İsmayıllı və Şəkidə, eləcə də Bakıda Xəzər Universitetində kələğayı məclisləri yaddaqalan olub.
Xatırladaq ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
İctimai birliyin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair Güllü Eldar Tomarlı layihə barədə XQ-yə məlumat verdi.
– Ənənəvi qadın baş örtüyü kəlağayı Azərbaycanın milli dəyəri olsa da, onun dünyada tannması və qəbul olunması zəruri idi. Bu yöndə səylərin yüksək səviyyədə dəstəklənməsi fərəh doğurur. Elə ictimai birliyin fəalları da bu qayğıdan ruhlanaraq, Azərbaycan xanımlarının baş tacı, ismət örtüyü, yaraşığı, gözəlliyinə gözəllik qatan kəlağayını ölkəmizin ayrı-ayrı bölgələrində geniş təbliğ etməyə çalışırlar. İndiyədək rayonlarda çoxsaylı ədəbi-bədii gecələr keçirilib və ayrıca “Kəlağayı, əlvan qıyğacı” kitabı nəşr olunub. Həmin kitabda 73 müəllifin kəlağayıya həsr olunmuş şeiri toplanıb.
Güllü xanım özü ilk dəfə kəlağayını Qazaxda, Cahan nənəsində və onun rəfiqələrində, kəndin ağbirçəklərində, qız-gəlinlərində gördüyünü bildirdi. “Nənəm sandığında saxladığı iki kəlağayıdan birini – soğanı kəlağayısını mənə əmanət verərək, urvat kimi saxlamağı məsləhət biləndə məktəbli idim. O gün–bu gün kəlağayıya könül vermişəm. Evimdə muzey yaratmışam, keçirilən tədbirlərdən zövq almışam. Oktyabr ayında təşkil olunan ədəbi-bədii gecələri növbəti uğurlarımız saya bilərik” – deyə o əlavə etdi.
Öyrəndik ki, noyabr ayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda “Sazlı-sözlü kəlağayı günləri” keçiriləcək. Tədbirlər Naxçıvanda start götürüb, Qazax, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki və Bakını əhatə edəcək. Sonda Beynəlxalq Muğam Mərkəzində ‘’Anam kəlağaylı bir muğamıydı’’ adlı final konserti veriləcək və eyni adlı kitabın təqdimatı olacaq.
Onu da qeyd edək ki, hər il olduğu kimi, bu il də noyabrin 26-da “Azərbaycan kəlağayısı Günü” münasibətilə Beynəlxalq Muğam Mərkəzində kəlağayı sərgisi keçiriləcək, ardınca isə geniş konsert proqramı təqdim ediləcək. Konsertdə tanınmış aşıq, şair, qiraətçi və müğənnilərin, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin “Şuşam” xor qrupunun maraqlı çıxışları olacaq.
Əli NƏCƏFXANLI
XQ

