Dünən nüfuzlu media xadimi, Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov 83 illik ömrünün 70 ilə yaxın bir dövrünü əhatə edən “Əzəldən sözə bağlıyam” adlı sənədli-xronikal, bədii-publisistik beşcildliyinin yenicə işıq üzü görmüş ilk 2 kitabını “Xalq qəzeti”nin kollektivinə təqdim etdi.
Qocaman poliqrafçı və yazıçını salamalayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov redaksiyamızın çoxillik dostunun yaşının ahıl vaxtında da naşirlik fəaliyyətini davam etdirməklə yanaşı, fəal bədii-sənədli yaradıcılıqla da məşğul olmasını nadir bir nümunə kimi dəyərləndirdi. O bildirdi ki, Şəddat müəllim uzun illər ölkənin bir sıra iri poliqrafiya müəssisələrinə peşəkar rəhbərliyi ilə milli mediamızın və kitab mədəniyyətinin inkişafına samballı töhfələr verib. Baş redaktor orijinal media salnaməsinin müəllifini yaradıcılıq uğuru münasibətilə səmimi təbrik etdi, ona möhkəm cansağlığı, yeni uğurlar arzuladı.
Qəzetimizin keçmiş əməkdaşı, veteran jurnalist Hacı Mehman Fərzullayev qeyd etdi ki, müstəqilliyin ilk illərində qəzet-jurnalların çətinliklə işıq üzü gördüyü bir vaxtda Şəddat Cəfərov keçmiş ittifaqın poliqrafiya və kağız sənayesi sistemindəki nüfuzundan istifadə edərək mətbəələrin tələbatının ödənilməsinə çalışıb. O dövri nəşrlərin, eləcə də qəzetimizin texniki təchizatına və davamlı olaraq işıq üzü görməsinə öz təsirli köməyini göstərib. Digər əməkdaşlar da Şəddat Cəfərovun yüksək ziyalı və peşəkarlıq keyfiyyətlərini vurğuladılar, onun bədii-sənədli yaradıcılığının davamı olan yeni çoxcildliyin çağdaş media tariximiz üçün önəmli bir qaynağa çevriləcəyini söylədilər.
Qəzet-kitab nəşrini həyatının mənası bilən ustad poliqrafçı Şəddat Cəfərov həmişə sözə yüksək dəyər verdiyini, özü də fəal yaradıcılıqla məşğul olduğunu söylədi. Qonaq bildirdi ki, çoxillik müşahidələri və sistemli qeydlərinə əsaslanaraq, mediamızın 7 onillik tarixinin bir çox önəmli fakt və hadisələri barədə son illər qələmə aldığı yazılar artıq 5 cildə çatıb. Yazıçı-alim bu sənədli materialların indiki və gələcək nəsil üçün gərəkli olduğunu nəzərə alıb onları kitab şəklində nəşr etməyi qərara alıb. O, ilk 2 kitabı ən sevimli qəzetinin redaksiyasına – “Xalq qəzeti”nin kollektivinə təqdim etməkdə məqsədini belə açıqladı: “Həyatımın çox qiymətli bir məhsulunu – iştirakçısı və şahidi olduğum çoxillik jurnalistika təəssüratımın toplusununu “Xalq qəzeti”nə hədiyyə etmək elə xalqa ərməğan etmək anlamı daşıyır”.
Sonra Şəddat Cəfərov yeni kitabının nüsxələrini redaksiya əməkdaşlarına hədiyyə etdi.
Tahir AYDINOĞLU
XQ

