“Aşıq, bağrına bas sədəfli sazı”

post-img

Azərbaycan aşıq sənəti ilə bağlı yeni kitab çap olunub. Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” antoloji nəşrində aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına, aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

Yeni nəşrdə aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin saza və aşıq sənətinə, eləcə də bu sənətin azman nümayəndələri olan ustad aşıqlara həsr etdikləri şeir və poemaları ilə tanış ola biləcəklər.

Aşıqlar Birliyindən bildirilib ki, toplu əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzü bəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanıb.

Kitabın özəlliklərindən biri də, ustad aşıqlara ithaf olunmuş şeirlərin yer almasıdır.  Bu sırada Dədə Qorquda, Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Ədalət Nəsibova, Hüseyn Saraçlı və Kamandar Əfəndiyevi misal göstərmək olar. 

Qeyd edək ki, toplunun elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Antoloji nəşr geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, folklor araşdırıcıları üçün nəzərdə tutulub.

Anar ƏLİ,

XQ

Mədəniyyət