27 sentyabr - yeni tarixin başlandığı gündür

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşmüş, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 27 sentyabr 2020-ci il Azərbaycan təqvimində, Azərbaycan xalqının qəlbində və şüurunda xüsusi yer tutan əlamətdar tarixi gündür. Ermənilərin cəzasızlığına və vandalizminə yekun zərbənin başlanğıcı olan bu tarix, parlaq qələbəmizin əsası kimi 30 illik faciəyə son qoydu. 

Azərbaycan hər zaman, münaqişələrin beynəlxalq hüquq və sülh yolu ilə həlli prinsipinə sadiq qalaraq, bütün danışıqlar prosesində maksimum diplomatik etika nümayiş etdirirdi və etdirir də. Buna baxmayaraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesi, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, habelə ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərinin, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarları icra olunmadı. Dünya birliyi Azərbaycanın beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olduğunu mütəmadi olaraq qəbul edərək, münaqişənin həlli istiqamətində ciddi addımlar atmadı və bütün bunlar Ermənistan tərəfinin davamlı təxribatları fonunda baş verib. 

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də çoxistiqamətli təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun əksər hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi sayılan Şuşa şəhərini işğaldan azad etdi. Bundan əlavə, Ermənistanın tam kapitulyasiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli Bəyanatına uyğun olaraq, noyabrın 20-dək Ağdam rayonu, 25-dək Kəlbəcər rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarıldı. 

44 günlük Vətən müharibəsi ən müasir texnologiya və silahlardan, eləcə də hərb sənətinin ən son nailiyyətlərindən istifadə etməklə, yeni əsrin ilk müharibəsi kimi tarixə düşdü. Müharibənin ağır dövründə Prezident İlham Əliyevlə çiyin-çiyinə onun sadiq yoldaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Həlak olanların ailələrinə qayğının ağır yükünü üzərinə götürən birinci xanım, yaralı hərbçilərə və mülki şəxslərə, döyüşlər zamanı zərərçəkmişlərə lazım olan hər cür dəstək göstərirdi. 

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, cəsur Ali Baş Komandan, istedadlı diplomat cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda antiterror tədbirləri də uğurla başa çatdı. Bununla da, dinamik və sürətlə inkişaf edən xalqımızın qürur və mərdliyinə, ölkəmizin birliyinə və parlaq gələcəyinə bütün dünya əmin oldu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız və ümumilikdə bütün xalqımız əzm və iradə, birlik nümayiş etdirirək, düşmənə sarsıdıcı zərbələr vuran vahid yumruq kimi gələcək nəsil üçün fəxarətli tarix yazdıq. 

Masil DƏMİROV,

Beynəlxalq münasibətlər üzrə analitik

Siyasət