Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!
Şuşa haqqında oxuduğum şeirlər içərisindən bu misraları seçməyim təsadüfi deyil. Çünki bu il TÜRKSOY-un qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa dünən – sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən mötəbər tədbirdə ISESCO tərəfindən 2024-cü il üçün İslam dünyasının da paytaxtı elan olunub.
Nadir şəhərsalma və memarlıq sənətinin açıq səma altında möhtəşəm muzeyi olan 270 yaşlı Şuşa Qarabağın tacıdır, 3 il əvvəl onun azad edilməsi ilk növbədə mənəvi qələbəmiz sayılır. Burada “Zəfər Yürüşü” zamanı bizim Şuşaya nə üçün qırıcı təyyarələrsiz, PUA-larsız, tank-topsuz hücum etdiyimizin əsas səbəbini bir daha xatırlatmaq yerinə düşər. Ona görə belə etdik ki, milli namus dərgahımız, ana qucağımız sayılan Şuşaya qıya bilməzdik. Əgər oraya tam arsenalla hücuma keçsəydik, köksü yaralanardı, daşları çatlayardı, ulu babaların ruhu bizdən inciyərdi. Şuşanı az qala əliyalın alan igidlərimiz bu yolda itkilər də verdilər, amma tac-şəhəri dağıntılardan qoruya bildilər. Onun qoynunda şəhadətə qovuşmağı İlahinin böyük lütfü kimi qəbul etdilər. Yenicə alınan Şuşada səslənən ilk azan sədaları dağlarda əks-səda verdikcə rəhmətliklərin hamısının ruhu şad oldu.
Vaxtilə Şuşada xeyli dini ziyarətgah vardı. 17 məscid – Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı, Malıbəyli, Qaybalı, Şırlan məscidləri, 3 türbə, “Həzrət Əli” kahası, 2 mədrəsə, Saqqaxana və Pirgah pirləri bu qəbildəndir. Mirzə Həsən və Mirfəseh qəbiristanlıqları, məzarüstü abidələr, Seyid Məcidin mülkü, Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”, İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində), Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi, tarixin yaddaşı olan Daş Kitabələr və sair Şuşanın simvolları idi. Şuşanın din xadimləri, seyidləri bütün Qarabağda məşhur idi.
Prezident İlham Əliyevin dediyi kimi, 30 illik işğal zamanı ermənilər dini abidələrimizə daha qəddar yanaşaraq, məscidlərimizi təhqir etmişdilər, sökmüş, qalanlarında donuz otarmış, saraylarımızı sökmüşdülər ki, müsəlman izi qalmasın. Kafirlər qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Amma nə sovet dönəmindəki beynəlmiləlləşdirmə cəhdləri, nə də işğal dövrünün erməniləşdirmə səyləri, vandallıq əməlləri Şuşanın əsl müsəlman şəhəri kimi simasını dəyişdirə bilmədi.
Qarşıdakı ildə “İslam dünyasının paytaxtı” elan edilmiş Şuşada Zəfər Yürüşündən sonra aparılan bərpa işləri məhz dövlət nəzarəti ilə həyata keçirilir. Şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Bir sözlə, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun həyatına qovuşmaq yolundadır.
Heydər Əliyev Fondu tərəfindən Şuşanın bərpa kontekstində ilk olaraq Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərinə aparılması bütün imanlı soydaşlarımızın ürəyindən xəbər verir. Onu da minnətdarlıqla xatırlayırıq ki, 2021-ci ilin yanvarında Şuşaya gələrək, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı, məscidlərini ziyarət edən Azərbaycan Prezidenti bu müqəddəs inanc yerlərimizə Məkkədən gətirdiyi "Qurani-Şərif"i bağışlamışdır. Şuşanın qədimliklə müasirliyin vəhdətində yenidən tikilməsi, onun əsl simasının bərpası baxımından önəmlidir. Ruhumuz pərvaz eləyir özgə bir lətafəti olan Şuşamızın göylərində!
Ötən il Ağdama səfəri zamanı Prezident İlham Əliyev Cümə məscidində aparılan işlərlə tanışlıq zamanı vurğulayıb ki, Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir: “Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk”.
Onu da deyək ki, Şuşadakı bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsi də bərpa edilir, onun XIX əsrdəki ilkin bədii-estetik görkəminə uyğun bərpa edilməsi reallaşdırılır. Bu həm də bizim tolerantlığımızı bir daha dünyaya göstərir.
İnanırıq ki, ISESCO-nun qərarı bütün müsəlman dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevriləcək, möhkəm inanclı dindaş ölkələr arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə sanballı töhfələr verəcək.
Əli NƏCƏFXANLI
XQ