Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İlqar Fəhminin pyesi əsasında Nicat Kazımovun quruluş verdiyi “Balaca kişilər” tamaşasının premyerası olub. Teatr 27 Sentyabr Anım gününə həsr etdiyi bu tamaşa ilə həm də yeni mövsümü açıb.
“Balaca kişilər” poeması 44 günlük “Zəfər Yürüşü” dövründə ərsəyə gəlib. Əsər Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi müsabiqədə qalib olub. Quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımov bildirib ki, poemanı səhnələşdirmək üçün müəlliflə əlbir çalışıblar: “Uzun müzakirələrdən sonra ortaya çox maraqlı bir əsər qoyuldu. Tamaşada dərsini oxumayan bütün günü telefonla oynayan, uşaqlar bizə böyük qalibiyyət dərsi verdilər. Bu əsər məhz həmin uşaqlar haqqındadır”.
Gənc Tamaşaçılar Teatrının 96-cı mövsümünün ilk premyerasında dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları, şəhid ailələri və ictimaiyyət nümayəndələri, əsasən gənclər iştirak ediblər.
Teatrla yaradıcı əməkdaşlıq edən “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun tarixi qələbəsindən, xalqımızın göstərdiyi birlik və həmrəylikdən söhbət açıb.
Tamaşa İlqar Fəhminin poemasından bir parçanın Nicat Kazımovun ifasında səslənməsi ilə başlayır. Səhnə arxasından eşidilən misralar sanki hadisələrə giriş verməklə bərabər tamaşaçını səhnədə cərəyan edəcək hadisələrə kökləyir.
Azərbaycan hərbiçilərinin libasında olan aktyorlar əvvəlcə tamaşaçıya balaca uşaqlar kimi görünür, hadisələr irəlilədikcə onlar gözümüzdə böyüyürlər.
Gənclərin Vətən sevgisi sonda qələbə ilə nəticələnir. “Balaca kişilər” şəhadəti, qaziliyi mərdi-mərdanə qəbul edirlər.
Vətən müharibəsinin acısını və qələbənin şirinliyini tamaşaçıya yaşada bilən tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşunu İsa Əsədov, musiqi tərtibatını Zaur Rəşidov verib.
Tamaşada əsas rollarda Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev oynayırlar. Əməkdar artist Şövqi Hüseynov düşmən əsgərinin obrazını məharətlə yaradır. Düşmənin bütün hiyləgərliyini, məkrini aktyor yalnız dili ilə deyil, həm də jestləri, baxışları ilə ifadə edir.
Sonda tamaşaçıların qarşısına baş əyməyə gəlmədiyini isə Əməkdar artist belə əsaslandırdı: “Səhnədə Azərbaycan əsgərlərinin sırasında düşmən obrazının görünməsini istəmədim”.
Tamaşa axşamının ən təsirli səhnəsi isə sonda şəhid ailələrinin üzvləri, şəhid analarının və qazilərin səhnəyə dəvət olunmaları oldu. Aktyorlar obrazlarını yaratdıqları qəhrəmanların yaxınları ilə əl-ələ tutaraq alqışlandılar.
R. QURBANLI
XQ