Həftə sonu Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq artisti Şahmar Ələkbərovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Gecədə sənətkarın sənət dostları – aktyor və rejissorlar, tələbələri, kino və teatr ictimaiyyəti iştirak ediblər.
Mərasimdə Əməkdar incəsənət xadimi Cəmil Quliyev Xalq artisti Şahmar Ələkbərovun kinoda və ümumilikdə, Azərbaycan mədəniyyətində rolundan bəhs edib. Bildirib ki, Şahmar Ələkbərov istər aktyor, istərsə də rejissor kimi öz dəst-xətti ilə yadda qalan sənətkarlardandır.
Rejissor Elxan Cəfərov isə yaradıcılığına sevgisindən danışıb. Deyib ki, hələ uşaqkən Şahmar Ələkbərovun rollarını maraqla izləyib.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Tariyel Qasımov, Həmidə Ömərova, Fəxrəddin Manafov, Əməkdar artist Loğman Kərimov və Əməkdar incəsənət xadimi Ayaz Salayev Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüblər.
Sənət dostları aktyorun ömür və sənət yolundan, Azərbaycan mədəniyyətində, kino sənəti tarixində yerindən, aktyorluq, rejissorluq və müəllimlik fəaliyyətindən bəhs ediblər.
Əbdül Mahmudov Şahmar Ələkbərovun aktyor və rejissor kimi hər zaman işinə məsuliyyətlə yanaşmasından və onun uğurundan söhbət açıb: “O, vətənpərvər insan, ölkə kinosuna yeni nəfəs verən bir şəxs olub”.
Gecəyə Xalq artisti Mənsum İbrahimovun və Əməkdar artist Ceyla Seyidovanın ifaları xoş əhval gətirib.
QURBANLI.R
XQ