Kukla Teatrı yeni mövsümdə “Melisa” ilə görüşümüzə gəldi

post-img

Sentyabrın 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Melisa” tamaşasının premyerası keçirildi. 

   Sevinc Nuruqızının “Melisa” nağılının motivləri əsasında hazırlanan tamaşanın  quruluşçu rejisoru “Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyevadır. Rejissor bu barədə Xalq qəzetinə danışıb: “Buna qadınlar tamaşası desək daha doğru olar. Çünki, bu dörd qadının ərsəyə gətirdiyi işdir. Tamaşa üzərində altı aydan çoxdur ki, məşq edirik. Yeni mövsümdə göstərdiyimiz bu tamaşanı dram əsəri adlandırmaq daha doğru olar. Səhnə əsəri altı yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Düşündük ki, bu azyaşlı uşaqlar üçün daha maraqsız və təsirli ola bilər. Melisa öz rahat və rəngli dünyasından çıxmış, həyatın hər üzünü görmüş gəlincik kukladır. Yaşadığı çətinliklərə baxmayaraq ümidini itirmir. Tamaşa vasitəsilə uşaqlara istənilən çətinliyə düşsələr belə ümidlərini itirməməyi, düşdükləri hər vəziyyətdən çıxış yolu tapmağı bacarmağı aşılayırıq”. 

   Rejissor yeni mövsümdə oynanılacaq tamaşalar haqqında da məlumat verdi: “Teatrımızın rejissoru Anar Məmmədovun quruluşunda “Ələddin” tamaşasının nümayişi gözlənilir. Həmçinin, teatrda məşqləri gedən növbəti səhnə işi – böyüklər üçün nəzərdə tutulan və əsasən də festivallarda nümayiş üçün hazırlanan “İtki” adlı kukla tamaşasıdır. Uzun illər səhnədə oynanılan “Cik-cik” tamaşasını da yeni quruluşda təqdim etməyi düşünürük”. 

   Hazırda teatrda iki yeni tamaşanın son məşqlərinin getdiyini deyən teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu barədə məlumat verdi: “Bildiyiniz kimi, biz milli kukla sənətimizi, müasir uşaqların teatrdan, səhnədən istəklərini onların anlayacaqları formada təqdimata məsuluq. Bu gün uşaqlar, ələlxüsus da, kiçik yaş qrupu üçün bədii nümunələr tapmaq və kukla estetikasında səhnəyə qoymaq elə də asan deyil. Çünki o yaş qrupu daha çox animasiya dilini – özü də valideynlərinin çox vaxt başları qarışsın deyə əllərinə verdikləri “ağıllı” telefonlardakı effektli oyun və animasiyaları gördükləri üçün – daha asan qavrayırlar. Amma bütün bunlara rəğmən biz bacardığımız kimi işimizin öhdəsindən gəlməyə çalışırıq. Fürsətdən istifadə edib bir daha uşaq yazıçı və dramaturqlarına müraciət edərək, əsərlərini bizə göndərmələrini xahiş edirəm”.

Teatr rəhbəri deyir ki, biz mütəmadi olaraq çağdaş yazıçıların da uşaqlar üçün yazılan əsərlərinə yer verməyə çalışırıq. Onlardan da biri balacalar arasında sevilən və tanınan uçaq yazarı Sevinc Nuruqızıdır. Elə səhnədə də müəllifin son illər xüsusi populyarlıq qazanan “Melisa” nağıl-povesti əsasında səhnələşdirilən eyniadlı tamaşası əminəm ki, balaca teatrsevərlərimizin də xoşuna gəldi”.

   Aktrisa Ülviyyə Əliyeva “Melisa” tamaşanın ilk məşqlərinə başlayanda çox kövrəldiyini dedi: “Tamaşa o qədər təsirli idi, öz rolumu oynayanda belə çox kədərlənmişdim. Səhnə əsərində dörd obraz canlandırıram. Bunların hər biri mənə doğmadır. Düşünürəm ki, bu tamaşa bir aktrisanın bütün potensialını ortaya çıxarır. Tamaşa dəfələrlə oynanıldıqca daha da gözəl olacaq. Hər kəsi tamaşaya baxmağa dəvət edirəm”. 

   Yeni mövsümün ilk tamaşasına balaca doslarımız da təşrif buyurmuşdular. Onların tamaşadan sonar üzlərindəki sevinc hissini görməmək, duymamaq mümkün deyildi. Məktəbli dostumuz Firuz İbrahimov tamaşanı çox bəyəndiyini və teatrın açılışı üçün hədsiz darıxdığını dedi. İradə Allahverdiyeva da Kukla Teatrını sevdiyini, tez-tez tamaşalara gəldiyini və zövq aldığını bildirdi. 

   Birhissəli uşaq tamaşasında fərqli texnikalı kuklalardan, işıq həlli və tərtibatdan istifadə olunub. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. 6 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan tamaşada musiqi həlli ideyanı tamamlayır, mövzunun ifadəsini daha da asanlaşdırır.

   Qeyd edək ki, Kukla Teatrının kollektivi Ümumilli lider Heydər Əliyevin 100, Peşəkar Azərbaycan Teatrının 150 illik yubileyi münasibətilə sentyabrın sonlarında “Melisa” tamaşası ilə Gəncə şəhərinə qastrol səfərinə yollanacaq. 

 

   Fidan HÜQUQQIZI,

   Elşən AĞALAROV (foto)

     XQ

 



































Mədəniyyət