ANİMAFİLM altıncı dəfə görüşümüzə gəlib

post-img

Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı öz işinə başlayıb. Sentyabrın 6-da Nizami Kino Mərkəzində festivalın açılışına həsr olunmuş tədbir keçirilib.

Açılış mərasimində iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək animasiya film­lərinin cəmiyyətdəki rolundan danışdı. Bildirdi ki, bu sahənin inkişaf etdirilmə­si və gələcək nəsillərə çatdırılması çox vacibdir: “Hər kəsin uşaqlıq xatirəsi olan bir animasiya filmi var. Animasiya filminin adı gələndə və ya ona baxmaq imkanı olanda böyük nəsil sanki öz keçmişinə qayıdır. Animasiya sahəsi­nin digər özəlliyi ondan ibarətdir ki, ən kiçik yaşlı uşağı və ən böyük yaşlı in­sanı bir araya gətirə bilir. Bu baxımdan animasiyanın cəmiyyətdə rolu vacibdir. Bugünkü festivala ümumilikdə 46 ölkə­dən 174 film daxil olub. Hər il olduğu kimi, bu il də tamaşaçılar dünyanın müxtəlif ölkələrindən təqdim edilən on­larla müasir animasiya filmi ilə tanış ol­maqla yanaşı, bu sahənin peşəkarları ilə fikir mübadiləsi apararaq, eləcə də müxtəlif ustad dərslərində iştirak etmək hüququ qazanıblar”.

Sonra müsabiqədənkənar proqra­ma uyğun olaraq “Qadınların qadınlar üçün çəkdiyi filmlər” adlı animasiyalar təqdim olundu. Tədbirdə İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüv­vələri tərəfindən qətlə yetirilmiş Azər­baycan türkü Hədis Nəcəfi haqqında çəkilmiş “Hədis” filmi, müsəlman alə­mində demokratik yolla seçilmiş ilk qadın millət vəkili Pərixanım Sofiyeva haqqında gürcü filmi də nümayiş etdi­rildi. 

Daha sonra Isveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Alberto Hernandez və festivalın xüsusi qonağı “Oskar” mü­kafatçısı niderlandlı rejissor Mixael Du­dok de Wit VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında fikirlərini bölüşərək burada iştiraklarından məm­nunluqlarını bildirdilər.

Sonda niderlandlı rejissor Mixael Dudok de Witin “Ata və qız” filmi nüma­yiş olundu. 

“Qadın hüquqları” adlı animasiya festivalı müsabiqədənkənar, müsa­biqə və peşəkarlar adlı proqramlardan ibarətdir. 

Müsabiqədənkənar proqramda te­matik nümayişlərin – festivalın möv­zusuna uyğun filmlərin və retrospek­tivlərin – dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulur. Festivalın növbəti gün­lərində isə bu proqrama daxil olan Ya­poniyanın “Ghibli” studiyasının “Oscar” mükafatına namizəd “Qırmızı tısbağa” (“The Red Turtle”) və “Oscar” mükafatı qazanmış “Ruhlarla sovrulanlar” (“Spi­rited Away”) tammetrajlı filmləri, eləcə də mükafata layiq görülmüş Hindistan animasiya filmləri nümayiş etdiriləcək. 

Münsiflər heyəti 46 ölkədən daxil olmuş 174 film arasından müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu film­lər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq. Seçilmiş filmlər bey­nəlxalq münsiflər və uşaq tamaşaçıları tərəfindən qiymətləndiriləcək. 

Peşəkarlar üçün nəzərdə tutulmuş proqramda isə yerli animasiya film la­yihələri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qo­naqlarla görüşlər, masterklaslar və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində “Oscar” mükafatı laureatlı rejissor Maykl Dudok de Vit-in, kana­dalı animator Matthe Mattheu Lyon-un masterklasları təşkil olunacaq. Gür­cüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana isə uşaq­lar üçün animasiya vörkşopları keçirə­cəklər. 

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı da təşkil olunacaq. Layihədə seçilmiş 5 qadın rejissor üçün avropalı mentorlar - is­veçrəli rejissor İsabelle Favez və fran­salı prodüser Olivier Catherin tərə­findən təlimlər və fərdi görüşlər təşkil olunacaq. 

Azərbaycan kinosunun 125 və Cəfər Cabbarlı adına “Azərbaycan­film” kinostudiyasının yaradılmasının 100 illiyi münasibətilə “Klassik Azər­baycan animasiya filmləri” tədbirin­də milli animasiyamızın inciləri olan filmlərin nümayişi keçiriləcək. Qeyd edək ki,müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

ANİMAFİLM festivalı Azərbayca­nın ilk və tək animasiya festivalıdır. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, onları peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürüb yüz­lərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

Qeyd edək ki, festival çərçivəsində 13 ölkədən 39 filmin nümayiş olunaca­ğı, “təxminən” 20 tədbir keçiriləcəyi və 60-dan çox animasiya filminin nümayiş olunacağı gözlənilir. Bu il festivaldan əldə olunacaq bütün gəlirlər qadın re­jissorlarımıza dəstək məqsədilə ianə ediləcək.

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto)
XQ



















Mədəniyyət