Əfsanəvi telejurnalist Ənvər Məmmədov vəfat edib

post-img

O, 23 il SSRİ Dövlət Televiziya və Radio Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb

Sovet Məlumat Bürosunun keçmiş baş redaktoru, Nürnberq prosesinin tərcüməçisi Ənvər Məmmədov 100 yaşında vəfat edib. TASS xəbər verir ki, bu barədə sovet və Rusiya televiziyası və radiosu xadimi, jurnalist, Rusiya Jurnalistlər İttifaqının üzvü Yevgeni Şirokov bildirib. 

O deyib: “Bəli, həqiqətən belə­dir, Ənvər artıq yoxdur”. Y.Şirokov Ə.Məmmədovla 15 il birgə işləyib, onun 8 ilini isə bilavasitə onun rəh­bərliyi altında çalışıb. O qeyd edib: “Mən Mərkəzi televiziyada gənclər üçün proqramlar şöbəsinin baş re­daktoru idim. Biz hər gün ünsiyyətdə idik, gündə bir neçə dəfə danışırdıq. Onun kimi ağlasığmaz dərəcədə iş bacarığına malik ikinci bir insana rast gəlməmişəm. Ənvərin heyrəta­miz qavrama qabiliyyəti var idi, bu isə televiziya üçün son dərəcə vacib­dir. Demək olar ki, bir neçə saniyə­də əsas mənanı tuta və qeyri-dəqiq məqamları görə bilirdi. Çiynində hiss etdiyi ağır məsuliyyət yükünə bax­mayaraq, inanılmaz dərəcədə yumor hissini hər zaman qoruyub saxlaya bilirdi, hər bir həmkarı ilə dil tapma­ğı bacarırdı. Ciddi idi, lakin heç vaxt peşəkar etikadan kənara çıxmırdı. Ondan nümunə götürməyə dəyərdi, indiki zəmanədə belə insanlara rast gəlmək mümkün deyil”.

Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyov əfsanəvi həmkarının ailəsinə və silahdaşla­rına dərin hüznlə başsağlığı verib. “Ənvər Məmmədov həqiqətən sovet jurnalistikasının və diplomatiyasının əsl əfsanəsi idi. O, tərcüməçi kimi Nürnberq prosesində iştirak edib, müharibədə olub, informasiya agent­liklərinə və televiziyaya rəhbərlik edib”, – deyə o qeyd edib.

Qeyd edək ki, Ənvər Məmmədov sözügedən prosesdə iştirak edən iki azərbaycanlıdan biri olub. SSRİ Xa­rici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabrından 1946-cı ilin fevralına qədər Nürnberq beynəlxalq hərbi tri­bunalında alman dili tərcüməçisi qis­mində digər bir azərbaycanlı – o vaxt 26 yaşı olan Ələsgər Məmmədov da iştirak edirdi. Ə.Məmmədov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra uzun onillər boyu Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyya­tı kafedrasına rəhbərlik edib.

Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. İkinci Dünya Müharibəsində iştirak edib, daha sonra Nürnberq prose­sində beynəlxalq tribunalın Sovet İttifaqı hissəsinin tərkibində tərcümə bürosunun rəis müavini vəzifəsində çalışıb. O, həmçinin Xalq Komissar­lığında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1956-cı ilədək SSRİ Radio Komitəsinin baş redaksiyasında baş redaktor və­zifəsini tutub. 1959–1960-cı illərdə Ə.Məmmədov Sovet Məlumat Bü­rosunda baş redaktor, rəisin birinci müavini, 1961-ci ildən “Novosti” Mət­buat Agentliyi (APN) sədrinin birinci müavini olub. O, 1962-ci ildən 1985-ci ilədək SSRİ Dövlət Televiziya və Radio Komitəsi sədrinin birinci müa­vini vəzifəsini tutub.

Ənvər Məmmədov 1970-1980-cı illərdə respublikamızın bütün sahələrdə əldə etdiyi parlaq uğurların ümumittifaq televiziyası ilə işıqlandı­rılmasında fəal iştirak etməyi özünə borc bilirdi. Xalqımızın zəngin mədə­niyyəti barədə Mərkəzi Televiziyada dəyərli telematerialların hazırlanma­sına xüsusi həssaslıqla yanaşardı. 

Sonda qeyd edək ki, görkəmli telejurnalist Ənvər Məmmədov Mos­kvada yüksək vəzifələrdə çalışdığı illərdə doğma Bakı ilə daim əlaqə saxlayar, həmvətənlərinin, bütöv­lükdə xalqımızın uğurlarına hədsiz dərəcədə sevinərdi. Xəzəri xüsusilə çox sevirdi. Ruhu şad olsun! 

Məsaim ABDULLAYEV
XQ



Sosial həyat