Məhəlli sulardan okeanlara...

post-img

Xalqımız Heydər Əliyev siyasi kursunun 30 illik təntənəsini yaşayır

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlə­rinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplə­ri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bər­pası üçün səfərbər edilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azər­baycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu­ğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Prezident İlham Əliyevin Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamından 

Bakı, 29 sentyabr 2022-ci il

Bu sərlövhə bəlkə də iqtisadçı oxucularımızda və ya iqtisadiyyatdan yazan həmkarlarımızda elə fikir yaradacaq ki, sanki biz dəniz, naviqasiya, gəmiçilik məsələlərindən söhbət açmaq istəyirik. Amma elə deyil. Məqsədimiz ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyi itirilməkdə olan, ancaq “məhəlli sularda üzməyi” bacaran, səsini heç kəsin eşitmədiyi, üzləşdiyi müsibətlərə görə etdiyi fəryadlara kiminsə cavab vermədiyi Azərbaycanın artıq dünya okeanlarının ənginliklərində üzə bilməsindən gedir. 

O zaman səsimizi ancaq özümüz eşidirdik, indi dünya bizə qulaq asır. O zaman dost deyəndə ancaq Türkiyəni düşünürdük. İndi Avropa İttifaqının 9 üzvü Azərbaycanın strateji tərəfdaşı­dır. O zaman BMT sessiyalarında bizə dəstək verənləri saymaq üçün bir əlin barmaqlarının hamısı bükülmürdü. İndı sırasında 120 dövlət olan Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın işti­rak etmədiyi tədbirlərdə də onun haqlı mövqeyini dəstəkləyirlər. O zaman li­derimiz “sərhədləri bağlayaraq” ölkəni inkişaf etdirmək istəyirdi. Ozamankı Azərbaycan siyasətçilərinin “Türkün türkdən başqa dostu yoxdur” ifadəsinə görə qonşularımız və digər ölkələr bi­zimlə əməkdaşlıqdan imtina edirdilər. İndi isə Azərbaycanın qapıları hamının üzünə açıq olduğu kimi, bütün dövlət­lərin qapısı da bizim üzümüzə açıqdır.

Bu reallıqları Heydər Əliyev siya­si kursunun icra edilməsi nəticəsində qazanmışıq. Məmnunuq ki, xalqımız Heydər Əliyev siyasi kursunun otuz illik nəticələrinin təntənəsini yaşayır. Hə­min nəticələr arasında dövlət müstəqil­liyimizin əbədiləşdirilməsi də var, xalq-iqtidar birliyinin sarsılmaz qalaya çevrilməsi də, torpaqlarımızın otuz illik işğalına son qoyulması da, Şuşa Bə­yannaməsinin imzalanması da, Laçın – Xankəndi yolunda nəzarət – buraxı­lış məntəqəsinin yaradılması da. Xatır­ladaq ki, Prezident İlham Əliyev həmin keçid məntəqəsinin yaradılmasını və oradan keçən hər kəsin sənədlərinin yoxlanılmasını bizim ən böyük uğurla­rımızdan biri kimi qəbul edir. 

... Son günlər rəsmi Bakının ünva­nına gələn çoxsaylı telefon zəngləri, bəzi tanınmış mətbuat vasitələrinin Azərbaycanın uğurlarını qəbul edə bilməyən siyasi qüvvələrin ruporuna çevrilməsi, guya, kimlərisə mühasirə­də saxlamağımız haqqında yayılan uydurma və cəfəngiyyatlar Odlar yurdu qayasından bir toz da qopara bilmir. 

Amerika Birləşmiş Ştatlarında ya­şayan erməni diasporunun, Ağ evdə, Dövlət Departamentində və Pentaqon­da kök salmış erməni lobbiçilərinin, eləcə də, həmin ölkədəki ikili standart­dan əl çəkə bilməyən bəzi siyasətçilə­rin təzyiqlərinə dözməyən Ağ ev rəs­miləri Azərbaycandan xahiş edirlər ki, regiondakı problemlərin həlli zamanı ermənilərin maraqları da nəzərə alın­sın. Otuz il zərərdidə kimi yaşamış və dünyanın gözü qarşısında olan erməni vəhşilklərinə bir neçə dost ölkə istis­na olmaqla, hamıdan biganəlik görmüş Azərbaycan okeanın o tayından gələn çağırışlara olduqca aydın və konkret cavab verir: “Bizim Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsindən, dövlətimizin mənafelərini, xalqımızın maraqlarını təmin etməkdən başqa heç bir məqsədimiz yoxdur. Ermənilər özləri öz başlarını bəlaya salıblar!” ABŞ kimi qüdrətli dövlətin rəsmilərinə bü­tün bunları aydın şəkildə demək üçün dövlətçilikdə Heydər Əliyev ənənəsi, idarəçilikdə isə İlham Əliyev qətiyyəti olmalıdır. 

Fransa prezidentinin və onun siyasi komandasına daxil olanların Azərbay­cana qarşı apardığı məkrli təbliğatın və iyrənc ssenarilərinin heç bir nəticə vermədiyini və ya verməyəcəyini ar­tıq hamı bilir və görür. Rəsmi Parisin Avropanın o biri başından bizim ərazi­mizə – Laçın dəhlizinə “humanitar yük” adı ilə yürüş təşkil etməsi də bir nəticə vermədi, Paris merinin Ermənistanda tökdüyü göz yaşları da. Həmin riya­karlıq və qərəzçilik Azərbaycanı haqq yolundan döndərə bilmədi və döndərə bilməyəcək. Çünki bizim dövlətin si­yasi kursu Heydər Əliyev müdrikliyinin məhsuludur. 

Ötən il fevralın 22-də Moskvada im­zalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttə­fiqlik qarşılıqlı fəaliyyəti haqqında Bə­yannamə” bu şimal qonşumuzla mü­nasibətlərin normal məcrada davam etdirilməsinə zəmin yaratmışdır. Ancaq Rusiyada – hətta bəzi dövlət qurumla­rını təmsil edənlərin daxil olduğu ermə­nipərəst qüvvələr Azərbaycana qarşı açıq düşmənçilik mövqeyində dayanır­lar. Onların bu həyasızlığı İrəvana üç qara quruşluq da olsa, səmərə vermir. Bundan sonra da verməyəcək. Çünki həmin bədxah dairələr öz qarşılarında Heydər Əliyev siyasətini və diploma­tiyasını uğurla davam etdirən İlham Əliyevin qətiyyətini görürlər.

Azərbaycanın Pakistanla dostluq və tərəfdaşlıq etməsindən qıcıqlanan Hindistanın və Qarabağın erməni iş­ğalından azad edilməsini özü üçün olduqca böyük maddi itki hesab edən İranın davamlı şəkildə işğalçı ölkəni silahlandırması da Azərbaycana heç bir təsir edə bilmir və bilməyəcək də. Çünki Azərbaycan Ordusu artıq nəinki 1993-cü ildəki, hətta, 2020-ci ildəki or­dumuzdan da qat-qat üstündür. Silahlı qüvvələrimizin maddi-texniki bazası müasir və mükəmməl, şəxsi heyətimiz isə daha peşəkar və daha vətənpər­vərdir. Elə ona görə də Hindistan və İran mütəxəssisləri Ermənistana gön­dərdikləri silahları Bakıdakı Hərbi Qə­nimətlər Parkında görə bilərlər. 

Bəli, bu gün Azərbaycan dövləti qüdrətli, Silahlı Qüvvələrimiz güclü, li­derimiz qətiyyətli, xalqımız isə dövlət ilə həmrəydir. Cənab Prezidentin de­diyi kimi, bu gün heç kəs bizi öz yolu­muzdan döndərə bilməz. 

O ki qaldı, bu yazının sərlövhəsinə, xatırladaq ki, məhəlli sular , yəni hər bir suveren dövlətin ərazisindəki su hövzəsi sahilindən okeana (dənizə) doğru 12 dəniz mili – təxminən 25 kilo­metr – məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır. Çox təəssüf ki, müstəqilliyin ilk illərin­də Azərbaycan ancaq həmin lokal mə­kanda “üzə” bilirdi. İndi isə biz dünya­nın istənilən ünvanında “lövbər2 salır, lazım olan ünvanların hamısına doğru “üzə” bilirik. Bu xoşbəxtliyi bizə Heydər Əliyev siyasi kursu bəxş etmişdir. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il mayın 10-da – ulu öndər Heydər Əliyevin 100 illiyi münasibə­tilə Şuşadan Azərbaycan xalqına ün­vanladığı müraciətdə demişdir ki, ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun da­vamçıları onun yolu ilə gedirik: “2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qala­cağam. Azərbaycan xalqı mənə inan­dı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inki­şaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək”

Dövlət başçımız xatırladır ki, bi­zim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesabla­nıb. Azərbaycan ulu öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dün­yada çox məhduddur: “Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi və­ziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq”.

İttifaq MİRZƏBƏYLİ 
XQ

Siyasət