“Qala” milli yaddaş yuvasıdır

post-img

Kino təkcə kadrlar və filmlər məcmusu deyil. O, özü ilə milli yaddaşı təmsil edir. Lentdən yaddaşımıza köçənlər illər uzunu bizi düşündürə bilər. Müstəqillik illərində çəkilən belə ekran işlərindən biri də Ramiz Rövşənin ssenari müəllifi, Şamil Nəcəfzadənin rejissoru olduğu “Qala” filmidir. Film 2008-ci ildə ekranlaşdırılıb.

Əfqanıstan savaşının bitib, Qa­rabağ müharibəsinin başlanması ərəfəsində Qarğalar kəndinə çəkiliş qrupu gəlir . Şərti adı “Qeyrət dasta­nı” olan filmin rejissoru Rafiq müəl­lim kənddəki qalaya həqarətli müna­sibət göstərir. Tarixi yaddaşı təmsil edən qarğaya daş atır. Kənddəki ta­rixi şüurun daşıyıcısı isə Əbil müəl­limdir. (Vidadi Həsənov) Düşmən təcavüzü ərəfəsində Əbil müəllimin qalanın daşlarının aparılmasından danışması düşündürücüdür. Çünki qala bu anlamda, bütövlükdə, vətəni təmsil edir. 

Övladı Qərbi Azərbaycanda inci­dilən Soltan kişi (Rasim Balayev) onun yolunu gözləyir. Onunla bənzər taleyi olan Əsli arvaddır (Sona Mikayılova). Onun övladı Əfqanıstan savaşında həlak olsa da, buna inana bilmir. Sol­tan kişinin “Allah Əfqanıstanda dava salanın evini yıxsın” deməsi sovet si­yasətininin bəlalalarını ifadə edir. İndi onun özü də bu bəlanın içərisindədir. Lakin onların ikisinin də övladlarının qayıdcağına ümidi var. 

Əbil müəllim dərsdə Qarğalar kən­dinin tarixindən danışır. O qədim yə­hudi torpağının Adameya olduğunu deyib, bu sözün insan toplusu məna­sında olduğunu bildirir. Kəndə gəldik­də bir şagird bunun qarğalar yığnağı olduğunu soruşmasına bütün sinif gülür. Lakin Əbil müəllim ustalıqla bu suala da cavab verir. Kəndin adının Qarğalar olmasının səbəbini tarix boyu onun üzərinə düşmən hücumla­rının olması ilə əlaqələndirir. 

Bu versiyanı Soltan kişi daha dəqiq izah edir. Bakıdan kino çəkmək üçün gələn Seyiddən (Elman Rəfi­yev) adının mənasını soruşur. Deyir ki, heç kəs övladına boş yerə belə ad qoymaz. Soltan kişi bir seyidin 300 il bundan qabaq qalada düşmənlərlə vuruşub şəhid olduğunu xatırladır. Bu­nunla da kəndin adı mötəbər məqam qazanır. 

Yaddaşa mənfi münasibət bəs­ləyən Rafiq müəllimin filmi yarımçıq qalır. Buna səbəb baş rol ifaçısının at­dan yıxılması olur. Əslində, bunu tə­sadüf hesab etmək olmaz. Dolayısı ilə bildirilir ki, milli ruhdan məhrum Rafiq müəllim kimi adamlar tarixi film çəkə bilməzlər. Bununla da Bakıdan gəti­rilən ağ at qalada qalmalı olur. Onu bu məkanda qoruyan isə Xanbaladır. O Qala adlı rus qızına uşaq məhəbbəti bəsləyir. Onu Kepkalı oğlan kimi bir avaradan qorumağa çalışır. Bununla Əbil müəllimin atalıq etdiyi Xanbala­nın kişi xarakteri ortaya çıxır. Filmin sonunda biz bunu aydın görürük. Yıxı­lan aktyora yardım üçün gələn həki­min mesajı da diqqətçəkicidir. Onun “İndi at vaxtı deyil, tank vaxtıdır, tank!” deməsi düşmən qarşısında aciz olma­mağın mesajını verir. 

Ötən əsrin 20–30-cu illərində kino kütlələri dindən uzaqlaşdırmaq məqsədi daşıyırdı. “Qala” filmində buna qarşı çıxılır. Soltan kişi Osma­nın (Pərviz Məmmədrzayev) qayıt­ması ilə bağlı duaları müstəcəb olsun deyə kəndin köhnə məscidini bərpa etmək istəyir. İnanır ki, övladı bununla sağ-salamat qalacaq. Lakin bu zaman köhnə daş-divar yox, film üçün düzəl­dilmiş dekorasiya dada çatır. Onlar bu məkanda ibadətlərini bərpa edir­lər. Soltan kişinin dekorativ gümbəzə çıxıb azan verməsi mənəvi dəyərlərə qayıdışı simvolizə edir. 

Soltan kişinin arzusu gerçəkləşsə də, faciə baş verir. Düşmənlərin törət­diyi fəlakətlər Osmanın ürəyini ağrıdır. Ona görə də atası ilə ayaqüstü görüş­dən sonra anasını görmədən həlak olur. Osmanın dəfnində Soltan kişi bir əhdini də yerinə yetirir. Onun məzarı üstündə toyundaymış kimi rəqs edir. Soltan kişinin faciəsi təkcə şəxsi deyil, həm də millidir. Çünki övladı kəndin ilk şəhidi hesab edilir. 

Azərbaycanın adət-ənənəsi “Dədə Qorqud” dastanlarından baş­layır. Filmdə adların xüsusi mənası var. Kəndə düşmən hücumu zamanı Xanbalanın balaca olsa da, qaçma­ması Kepkalı oğlanın isə tez özünü qadınlar olan maşına dürtməsi bunu təsdiq edir. Həmçinin Seyidin 300 il öncəki şəhiddən nümunə götürərək, şəhərli ola-ola kənddə qalıb düşmənə müqavimət göstərməsi bu ənənənin təzahürü kimi görünür. Deməli, “Qala” filmində Dədə Qorqud yaddaşı da iş­tirak edir. 

Əbil müəllimin fikri bu olur: “Nə qədər qaçacağıqsa, o qədər qova­caqlar”. Geri durmamaqla bağlı bu deviz düşmənin növbəti hücumu za­manı özünü doğruldur. Soltan kişi, Əsli arvad, Seyid və digərləri birləşib düşmənə müqavimət göstərməyə ha­zırlaşırlar. Kino çəkilişindən qalan top da köməklərinə çatır. Onlar düşmənə görk olsun deyə onu qalanın başına qaldırırlar. Tarixi yaddaş bu dəfə prak­tiki əhəmiyyət daşıyır... 

“Qala” filmi müstəqil Azərbaycan kinosunun ciddi əsərlərindən biri he­sab olunur. Çünki kinomuzda milli yaddaşın əksi elə də çox deyil. 2020-ci ilin “Zəfər Yürüşü” ilə əzəli torpaqla­rımızın düşməndən azad olunmasın­dan sonra bu ekran işi daha da ciddi önəm qazanıb. 

Ceyhun MİRZƏLİ
sənətşünas



Mədəniyyət