Görkəmli kinooperator Cavanşir Məmmədovla görüşün təəssüratı
Tanınmış kinorejissor və kinooperator, Azərbaycanın Xalq artisti, Türkmənistanın və Azərbaycanın Əməkdar incəsənət xadimi, Lenin mükafatı laureatı Cavanşir Musa oğlu Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda dünyaya göz açmışdır. O, 1937-ci ildə Aşqabad Kino Texnikumunu, sonralar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş, əmək fəaliyyətinə Aşqabad kinostudiyasında başlamışdır. Aşqabadda işləyərkən ilk dəfə “Baba və nəvə” sənədli filminin çəkilişində iştirak etmişdir.
Görkəmli ekran ustası ilə görüşümüz 1985-ci il yanvar günlərindən birində olmuşdur. Təbiətdə qış olsa da, hava mülayim idi. Söhbətə özü körpü saldı:
– Kinorejissor kimi Lənkərana ilk dəfə 1969-cu ilin avqust plenumundan sonra gəlmişəm, – dedi.– Onda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təzəcə seçilmişdi. Heydər Əliyevin tapşırığı ilə Azərbaycanın iqtisadi və sosial həyatını əks etdirən sənədli filmlər çəkirdik. “Bakı”, “Lənkəran”, “Axtaran tapar”, “Səma altında şəhər”, “Azərbaycan dağlarında”, “Lahıc” və s. sənədli filmlər o günlərdən yadigardır.
Cavanşir Məmmədov azca sözünə ara verdi, sonra stəkandakı çaydan bir neçə qurtum aldı. Fikir verirdik, əlində stəkan xəyala qapılmışdı. Onu öz aləmindən ayırmamaq üçün bir az əvvəl bizə verdiyi jurnalı vərəqləyirdik. Orada görkəmli ekran ustası haqqında geniş bir yazı verilmişdi. Məqalədə “Xəzər neftçiləri haqqında dastan” və “Dəniz fatehləri” sənədli filmlərdən söhbət gedirdi. Bu filmlərə görə Cavanşir Məmmədov 1960-cı ildə sovet kinosu tarixində Azərbaycan üzrə ilk dəfə, Lenin mükafatına layiq görülmüşdü.
Həmin filmlərə baxmaq bizə də nəsib olmuşdu. Filmlərdəki operator işi olduqca diqqətimizi cəlb etmişdi. Ona baxanlar mədəndə baş verən qəzanı heyrət və dəhşət içində izləyirlər. Hadisə belə təsvir olunmuşdur: buruq yıxılır. Tamaşaçılara bir anlıq elə gəlir ki, buruq ekranqarışıq üstlərinə aşacaq.
Həmin filmlər barədə söhbət açanda Cavanşir Məmmədovun üzünə xoş bir təbəssüm yayıldı:
– Hər iki filmi sənədli ekran ustası R.Karmen və S. Medinski ilə birgə çəkmişdik, – dedi. – Ssenarist belə bir anı gözləmədiyindən onu əsərə daxil etməmişdi. Burada hər şey təsadüfən baş verdi. Yadımdadır, çəkiliş zamanı gözlənilmədən qazma buruğu yana əyildi. Nəticədə, qəza baş verdi. Neftçilər dərhal oranı tərk etdilər. Mən isə hadisə yerindən çəkilmədim və həmin anı çətinliklə də olsa lentə aldım.
Cavanşir Məmmədov o dövrdə Moskvada “Elmi-kütləvi filmlər” kinostudiyasında işləyirdi. Söhbət zamanı dedi ki, “Lənkəran” adlı sənədli film çəkmək fikrindədir. Çəkilişdən sonra Bakıya gedəcəyini, orada “Povestin davamı” sənədli film üzərində işləyəcəyini bildirdi. Doğrudan da, bir neçə il sonra Moskvada “Kino səyahətlər klubu”da həmin filmlərə baxmaq imkanı qazandıq. “Povestin davamı” 1972-ci ildə çəkilmiş “Vahid ailədə” sənədli filmin davamıdır. Sonrakı filmdə Neft Daşlarında yaşlı nəsli əvəz etmiş gənclərin həyatına daha geniş yer ayrılmışdı.
“Lənkəran” sənədli filmində isə Azərbaycanın bu əsrarəngiz guşəsinin florası və faunası ekran vasitəsilə canlandırılır. Ssenari müəllifi və operator Cavanşir Məmmədov tamaşaçıları Qızılağac və Hirkan qoruqlarına, eləcə də Xanbulançay dəryaçasına səyahətə aparır. Həmyerlimizin vaxtilə çəkdiyi “Dənizdə şəhər”, “Abşeron işıqları”, “Qobustan”, “Xınalıq”, “Naxçıvan”, “Yesenin Bakıda”, “Şuşa”, “Nizaminin Vətənində” və s. sənədli filmlər ovaxtkı mərkəzi televiziya ekranlarında dəfələrlə göstərilmişdir.
Yadımdadır, tanınmış ekran ustası Cavanşir Məmmədov söhbətində Böyük Vətən müharibəsində lentə aldığı filmlərə də toxundu. Müharibə illərində o, Mərkəzi Sənədli Filmlər Studiyasında operator qrupunda fəaliyyət göstərib. Deyirdi ki, o qanlı-qadalı illərdə kino kamerası onun silahına çevrilmişdi. Qafqaz, Budapeşt, Vena uğrunda döyüşlərin iştirakçısı olmuşdu. Müharibədəki fəaliyyətinə görə “Birinci dərəcəli Böyük Vətən müharibəsi”, “Qırmızı ulduz” ordenləri və medallarla təltif edilmişdi.
20 hissəli “Böyük Vətən müharibəsi” sənədli filmlərinin çəkilişində Cavanşir Məmmədov xüsusi fəallıq göstərmişdir. Bu filmlər 252 kinooperator-döyüşçünün məhsuludur. O, müharibədən 42 kinooperatorun qayıtmadığını təəssüf hissi ilə bildirirdi.
Cavanşir Məmmədov 2 il Birmada çalışıb və orada “Birmada 100 gün” sənədli televiziya filmi yaradıb.
Kino sənətimizin görkəmli ustalarından biri Cavanşir Məmmədov 1997-ci il sentyabrın 9-da Moskvada vəfat edib. İllər arxasından boylananda çox şey xatırlanır. Ciddilik yağan sifətində işıltılar oynaşır, üz-gözünə yayılan xoş təbəssüm qəlbinə axır, adama yaxın, doğma hisslər aşılayırdı. O, Lənkəranda çoxdan olmamışdı. Doğmaları, dostları həyatda olmasa da onları unutmamışdı.
Lənkəranda olduğu günlərdə Xəzərin sahilinə çıxdıq. Çiskin yağış ara vermirdi. O, gözlərini dənizdən ayırmadan, nədənsə, fikrə dalmışdı. Şübhəsiz, uşaqlıq illəri, keçmişdə qalan xatirələr gözlərinin önündə canlanırdı…
Hacı Etibar ƏHƏDOV,
“Aşkarlıq” qəzetinin baş redaktoru
Lənkəran


