Dahi bəstəkar ana dilimizin də himayədarı idi

post-img

Üzeyir bəy Hacıbəyli – 140

Zaman-zaman Azərbaycanın dahi şəxsiyyətləri, böyük söz, sənət xadimlərimiz müqəddəs ana dilimizin qorunması yolunda böyük işlər görüb, mübarizə aparıblar. Belə şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq, alim, akademik, ictimai xadim, xeyirxah insan Üzeyir Hacıbəylidir.

Üzeyir bəy bütün həyatı boyu ana dili məsələlərinə xüsusi diqqət yetirmiş, yorulmadan mübarizə aparmış və silsilə məqalələr yazmışdır. Böyük dühanın əqidəsincə, bir millətin varlığının əsas amili onun dilidir. Ona görə də bütün xalq və ilk növbədə də ziyalılar, alimlər doğma dilini qorumağı bacarmalı, inkişafına nail olmalı, onu yad ünsürlərdən hifz etməlidirlər.

Böyük ziyalı öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışıb. Bu xüsusda onun “Bir xanım əfəndinin bizlərə hüsni - təvəccöhi” məqaləsi maraqlıdır. 20 yaşlı mühərrir bu məqaləni 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında “Üzeyir” imzası ilə dərc etdirib. Burada gənc jurnalist “Peterburqskiye vedemosti” qəzetində Maqda Neyman adlı bir yazarın ana dilimiz əleyhinə böhtanına öz nifrətini bildirib, ona kəskin cavab verib.

Növbəti ildə ana dilinin tədrisi zərurətini irəli sürən Üzeyir bəy Hacıbəyli bir-birinin ardınca 3 məqalə yazıb. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16, və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilib. Həmin yazılarında Üzeyir bəy ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərib. Və bir daha xüsusi olaraq vurğulayıb ki, “...Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər”.

Təbii ki, Üzeyir bəy heç vaxt çox dil bilməyin əleyhinə olmayıb. Lakin öz doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” istehza ilə gülüb, buna qarşı barışmaz olub. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə – ərəb, fars, türk, tatar, gürcü, ləzgi, fransız dillərinə də bələd olub, bu dillərdə sərbəst danışıb. Ona görə də dil məsələsinə tez-tez müraciət edib, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər verib.

Üzeyir bəy özünün “Üsuli-təbii” (Müəllim Əli cənablarına müxtəsər cavab) yazısında qeyd edirdi: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır”.

Qəribədir ki, qeyd etdiyimiz bu fikirlərin üstündən bir əsrdən çox zaman keçməsinə baxmayaraq, bu gün də həmin ifadələr işlənir. “Belə deyək” kəlməsi də o qəbildən olan bir ifadədir. Belə çıxır ki, söz sərrafları olan ustadlarımızın bizim üçün örnək ola biləcək fikirlərini qulaqardına vurmuşuq.

Üzeyir bəy Hacıbəyli “Tərəqqi”, “Həqiqət” və “İqbal” qəzetlərindəki məqalələrində bu məsələlərdən geniş bəhs edib. Məsələn, “Dilimizi korlayanlar” məqaləsində dili xətalı axundla artisti bərabər qoyaraq yazırdı:

“Axund belə danışır : –Zamani ki, mən burada əklətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!

Axund belə demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...

Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: “Bu gün Tağıyevin teatrında oynanılacaqdır suznaq bir faciə “ Gaveyi - ahəngər ”. Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist”...

Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, “Ana, bazardan qoz aldım”. Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər: “– Ana , bazardan aldım qoz”. Teatrlar üçün yazılan elanları savadlı bir adama həvalə etsəydilər, çox əcəb olardı”.

Üzeyir bəy Hacıbəyli fəaliyyəti boyu dilimizin təmizliyi, səlistliyi, sadəliyi, yad sözlərdən qorunması yolunda mübarizə aparmış, müxtəlif üsullardan istifadə edərək onu xalqa çatdırmışdır. Böyük mütəfəkkir yazırdı: “Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk – Azərbaycan dili ilə danışmağa məcbur olduğunu (Yevropaya və müttəfiq dövlətlərə ) isbat etməliyik. (“Azərbaycan” qəzeti, 1 dekabr 1918-ci il).

Böyük ziyalı olan Üzeyir bəy 1920-ci ildə “Azərbaycan” qəzetində “Çı” imzası ilə dərc etdirdiyi “Zurna” adlı felyetonunda ana dili məsələsinə belə toxunurdu: “Anama dedim ki, gəl səni aparım parlamana. Dedi: Parlaman nədir? Dedim: Parlaman, yəni məclisi-məbusan. Dedi: Məclisi-məbusan nədir? Dedim: O bir məclisdir ki, orada məmləkətimiz üçün qanunlar düzəldirlər və ondan başqa hər nə böyük və kiçik qulluqçularımız var, hamısının əməllərinə baxırlar. Dedi: Ona bizdə divanxana deyirlər. Dedim: Sən deyən olsun, getdik və arvadlara məxsus olan lojalardan tamaşaya başladıq”.

Dialoq bu qaydada xeyli davam edir və suallarının cavabından heç nə anlamayan ana eşitdiyi qəliz söz və ifadələrin öz doğma dilində sadə və daha anlaşıqlı qarşılığını misal gətirir. Müəllif sonda yazır: “Gördüm ki, anam çox bilicidir, dedim, ay ana, kaş ki, sən mənimlə bütün idarələrimizin hamısını gəzib, hər kəsə özünə görə ad qoyaydın və bizə ana dili öyrədə idin...”

Üzeyir bəy öz bədii əsərlərində – istər “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarında, istər operalarına yazdığı librettolarda, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, məsələn “Heç hənanın yeridir!”, “Tarixi-Nadiri yarıya qədər oxumuşam”, “O olmasın, bu olsun”, “Bir nəfər molla, üç manat pul, bir kəllə qənd”, “Pulun var, gələrəm”, “Bəs mənim bir abbasım?”, “Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”, “Mən dul, sən dul” və sair bu kimi zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirib.

1977-ci ildə Almaniyada yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Eldost tərəfindən Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən kitab işıq üzü görüb. Orada Eldost yazır ki, “Məşədi İbad” əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir.

Ümumiyyətlə, böyük sənətkarımız, eyni zamanda, Azərbaycan dilinin sərrafı olan qüdrətli bir dilçi idi. Sankt-Peterburq İncəsənət Tarixi İnstitutunun professoru Yevgeni Braudo Üzeyir bəy Hacıbəylini “xalq musiqisinin böyük dilçisi” adlandırıb.

Üzeyir bəy həm də ədəbiyyatımızın azman dilçisi idi. Ana dilimizi müqəddəs bilərək onun keşiyində ayıq-sayıq dururdu. Dilimizlə bağlı bütün yazıları oxuyurdu. Ona xələl gətirə biləcək mətləblərin qarşısını vaxtında alırdı.

Bu barədə akademik Məmməd Arif Dadaşzadənin dediklərindən: “Bir dəfə S. Rəhimovun dilini tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. Görəsən, Üzeyir bəy məni nə üçün axtarır? – deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir. S.Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi. Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil, xoşuma gəldi. Amma S. Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs az işlənən və işlənilməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm” (Ələkbər Məmmədov, “Nur karvanı” kitabı, Bakı - 2003, səh. 138).

Bəzən Üzeyir bəy Hacıbəylinin həyat fəlsəfəsi insanı yaxşı mənada heyrətləndirir. 63 il yaşamış bir şəxs bu qədər işin öhdəsindən necə gəlmişdir? –deyə düşünürsən. Və belə qənaətə gəlirsən ki, doğrudan da, onda peyğəmbər qüdrəti varmış. Əks halda adi insan onların öhdəsindən gələ bilməzdi. Dahi insan dahiyanə işlər görmüş, məşğul olduğu bütün sahələrə olduğu kimi, dilçilik elmimizə də öz əvəzsiz töhfələrini vermişdir.

Səadət QARABAĞLI,
üzeyirşünas

Mədəniyyət