Naxçıvanın hidroloji turizm abidələri

post-img

Ölkəmizdə turizmin inkişafı ilə bağlı qazandığı uğurlar Naxçıvanı da geniş əhatə edir. Qədim diyarın nadir tarixi və təbiət abidələri daxi­li və xarici turizm üçün cəldedici ünvanlardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosi­al-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında muxtar respublikada turizmin inkişafı da prioritet istiqamət olaraq qəbul edilmişdir. Proq­ramda turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin im­kanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikasının turizm potensialı zəngindir. Bölgənin tu­rizm ehtiyatlarından bəhs edərkən ilk ağıla gələn bu regionun təbiət və tarixi abidələridir. Buradakı tarixi abidələrin hər biri turizm üçün potensial mənbə sayılmaqla yanaşı, qədim diyarın təbiəti də özünəməxsusluğu ilə seçilir. Nəzərə alaq ki, zəngin ekoloji sistemə malik Nax­çıvanda ekoturizmin onlarla növü var ki, onlardan hər biri turizm üçün maraqlı ob­yekt rolunda çıxış edə bilər. Belə obyekt­lərdən biri də muxtar respublikamızda mövcud olan hidroloji abidələrdir. 

Hidroloji abidələr ekoturizmdə, əsasən, təbiət abidələri sisteminə daxil olan abidələrdir. Lakin müasir dövrdə dünyada turizmin inkişafı yönündə atılan addımlar elə bir səviyyəyə çatıb ki, “təbii yoxdursa, oxşarını yarat” məntiqi ekotu­rizmi də öz ağuşuna alıb. Məsələn, hazır­da bir çox ölkələrdə ada turizmində süni adalardan istifadə daha çoxluq təşkil edir və yaxud isti ölkələrdə turistlərə “qış fəsli kompleksləri” yaratmaq yeni ideya deyil. 

Turistlər üçün mövcud şəraitin yara­dılması heç də həmişə təbiilik tələb etmir. Əsas odur ki, turist onun istifadəsinə ve­rilmiş şəraitdən yararlana bilir və ondan razıdır. Bu nöqteyi-nəzərdən muxtar res­publikada mövcud olan təbii su ehtiyat­larının əksəriyyətinin turizm sektoruna hidroloji abidə kimi təqdim olunmasını daha düzgün hesab etmək mümkündür. Ölkəmizin digər bölgələri ilə müqayisədə Naxçıvanın su ehtiyatları az olsa da, bu ehtiyatların maraqlı coğrafi məkanlarda yerləşməsi onların gözəlliyini daha da ar­tırır. Bunlardan bir neçəsinə nəzər salaq. 

Şərur rayonu ərazisində yerləşən Ar­paçay Su Anbarı Azərbaycanda iri irriqa­siya qurğularından sayılır. Bu su anbarı 1977-ci ildə istifadəyə verilib. Su anbarı­nın sahəsi 6,30 kvadratkilometrdir. Araz çayının sol qolu hesab edilən çayın üs­tündə 68 metr hündürlükdə tikilmiş bənd anbara 150 milyon kubmetr suyun yığıl­masına imkan verir. Bu su ehtiyatından Sədərək, Şərur və Kəngərli rayonunun ərazilərində yerləşən əkin sahələrinin su­varılmasında istifadə olunur. 

Bu hidroloji abidə yerləşdiyi mövqeyə görə (su anbarının qərb hissəsi dağ ya­macları ilə sərhəddir, əks tərəfdən isə Arpaçay boyunca yerləşən kəndlərə av­tomobil yolu uzanır) çox cəlbedici mən­zərəyə sahibdir və burada müxtəlif turizm növlərinin inkişafı üçün əla imkanlar var. Ən əsası isə su anbarının qərb hissəsi boyunca uzanan yüksək dağ yamacla­rı günün müəyyən hissəsindən sonra Günəş şüalarının qarşısını kəsərək qız­mar yay günlərində ətrafa təbii sərinlik bəxş edir.

Batabat Su Anbarı isə Şahbuz rayo­nunun ərazisində, Naxçıvançayın hövzə­sində yerləşir. Bu hidroloji abidə eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur “Üzən ada” da burada yerləşir. “Üzən ada” sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən forma­laşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir. Göldə yaşayan qiy­mətli qızıl və gümüşü ilişkən balıq növü bu ərazidə balıq ovu idmanına şərait ya­radır. Eyni zamanda, ada göldəki suyun tam axıdılmasına mane olduğundan ba­lıqlar burada qışda da qala bilirlər. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir. 

Muxtar respublikada əhəmiyyətli su ehtiyatına malik hidroloji qurğulardan biri də Heydər Əliyev Su Anbarıdır. Babək rayonunun Vayxır kəndi yaxınlığında, Şahbuz rayonu ərazisində yerləşən su anbarı dəniz səviyyəsindən 1059 metr hündürlükdə yerləşir. Ümumi həcmi 100 milyon kubmetrə malik su anbarı 2005-ci ildə istifadəyə verildikdən sonra Şah­buz, Culfa, Babək rayonlarının suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb, ümumilikdə, anbar vasitəsilə bu gün 17 min hektara yaxın əkin sahəsi suvarılır. Son illərdə burada müxtəlif balıq növləri­nin çoxaldılmasına diqqət artırılıb.

Babək rayonu ərazisində yerləşən Uzunoba Su Anbarı isə son dövrlərdə burada aparılan quruculuq tədbirləri çərçivəsində daha böyük imkanlar əldə edib. Belə ki, bu ərazidə əhalinin istirahə­ti üçün çimərlik kompleksi yaradılıb, ma­ğaza, kafe, yeməkxana fəaliyyət göstərir. Muxtar respublikada balıq ehtiyatlarının zənginləşdirilməsinə öz töhfəsini verən bu su anbarının ətrafında əhalinin isti­rahəti üçün yeni infrastrukturun yaradıl­ması bu hidroqurğunun imkanlarını daha da artırıb. 

Qədim diyarın hidroloji abidələrinə Ordubad rayonu ərazisində də rast gəl­mək mümkündür. Belə ki, Zəngəzur dağ silsiləsinin cənub yamacında, dəniz sə­viyyəsindən 3065 metr yüksəklikdə yer­ləşən Göygöl həm qədimliyinə, həm də yerləşdiyi coğrafi əraziyə görə digərlə­rindən fərqlənir. “Kitabi Dədə-Qorqud”da adıçəkilən Göygölün, deyilənlərə görə, əvvəllər həcmi böyük olub, ancaq zaman keçdikcə onu əhatə edən dağların aşın­ması nəticəsində gölün sahəsi kiçilib.

Naxçıvan Muxtar Respublikasının ən hündür dağ gölü sayılan Göygölün uzun­luğu, təxminən, 211, eni 103, dərinliyi isə 7 metrdir. Su tutumu 145 kubmetrdir. Buzlaq mənşəli olan bu gölü bəzən “dörd fəsil” gölü də adlandırırlar. Çünki yay ay­larında, xüsusən də avqust ayında gölün bir tərəfində qar olanda digər tərəfində çiçək açır, digər tərəfdə isə çiçəklərin ləçəkləri tökülür. Yaradanın Naxçıvana bəxş etdiyi bu gözəl təbiət nümunəsi dağ və piyada turizminin inkişafında əvəzo­lunmaz imkanlara malikdir.

Ordubad torpağında digər əsrarən­giz hidroloji abidə Pəzməri kəndi yaxın­lığında yerləşən eyniadlı şəlalədir. Şəlalə Zəngəzur silsiləsinin Ordubad rayonu ərazisində yerləşən Ayıçınqılı aşırımın­dan 3707 metr hündürlükdən başlayan eyniadlı Pəzməri çayının üzərində yer­ləşən təbiət abidəsidir. Yuxarı axarlar­da kanyonvarı dar, kaskadlı dərələrdən keçən, əsasən, bulaq və qar suları ilə qidalanan və Pəzməri çayının qolu olan Ayıçınqılı çayının Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2 min 161 metr hündürlükdə gur şəlalə yaradır. 

Pəzməri şəlaləsi su sərfi, axının sürə­ti, enerji ehtiyatı ilə fərqlənir. Karbonatlı süxurlar üzərində şəlalənin nisbi hün­dürlüyü, təxminən, 30 metrdir. Pəzməri kəndindən 4–5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün Naxçıvanın bütün bölgələrindən hər il buraya xeyli insan gəlir. Pəzməri şəlaləsi zəngin enerji ehtiyatına malikdir. Şəlalə­nin ortaillik su sərfi 1,34 kubmetr saniyə­dir. Yayın əvvəllərində su sərfi 25 kub­metr saniyəni ötür. Onu da qeyd edək ki, Pəzməri çayının üzərindəki eyniadlı bö­yük şəlalədən başqa, bir neçə xırda şə­lalə də mövcuddur. Bu şəlalələr ərazidə olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də burada turizm potensialı­nın olmasından xəbər verir.

Ümumiyyətlə, muxtar respublikada ekoturizmin inkişafına imkan verən xeyli sayda hidroloji abidələr vardır. Hələ biz bura regionda mövcud olan mineral su yataqlarını, tarixi abidələrimiz sayılan kəhrizləri aid etmirik. Bu sadaladıqlarımı­zın hər biri turizmin inkişafında bu və ya digər istiqamətlər üzrə mühüm rol oyna­yacaq obyektlərdir. İnanırıq ki, yuxarıda adıçəkilən Dövlət Proqramının uğurlu icrası yaxın gələcəkdə bu hidroloji abi­dələrin də turizmə faydasını ön plana çıxaracaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Naxçıvan



Sosial həyat