Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanda Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında iştirak edib. Sənətçilərimiz orada məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşasını təqdim ediblər.
Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, eləcə də Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrı yanında Boris Şukin adına Teatr İnstitutunun diplomantı Nigar Güləhmədova, quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır. Azərbaycanın incəsənət ustalarının səhnə işi festivalın beynəlxalq münsiflər heyətinin qərarı ilə “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb.
Səhnə əsəri müharibədən qayıdan, çiynində küknar ağacı bitən yaralı əsgər Berinin cəmiyyətə uyğunlaşa bilməməsi haqqındadır. Ətrafındakıların onu cəmiyyətə uyğunlaşdırmaq cəhdləri boşa çıxır və yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir. Müəllifin mövqeyinə görə, ən ciddi qayıdış təbiətə olmalıdır. Beləcə, Beri təbiətlə ahəngdə yaşayır, yaradana qayıdış yolunu tapır. Yaşatmaq missiyalı insan müharibələrin vurduğu yaraları sağaltmaq istəyir.
Nigar Güləhmədovanın teatrın növbəti uğuru barədə dedikləri:
– Festival Gürcüstanın Quriya vilayətinin Ozurgeti şəhərində keçirilirdi. Bizimlə yanaşı, İspaniya, Portuqaliya, Ukrayna, Qazaxstan və Özbəkstanın teatr truppaları, həmçinin Gürcüstanın müxtəlif teatrlarını təmsil edən kollektivlər – ümumilikdə 700 nəfər iştirakçı 30 pyesin tamaşasını təqdim elədi.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala yollanan kollektivimizin çıxışı tamaşaçılar tərəfindən böyük çoşqu ilə qarşılandı. Tamaşanı yüksək dəyərləndirən beynəlxalq münsiflər heyəti isə bizi “Gürcü nəsrinin ən yaxşı interpretasiyası” mükafatına layiq gördü.
Tamaşanın əsas məzmunu bundan ibarətdir ki, öz övladı olmayan baş qəhrəman küknarı doğma balası kimi bəsləyib qoruyur. Bütün bu təzadlar insanla təbiətin və insanların bir-biri ilə qarşıdurmasının möhtəşəm alleqoriyasıdır.
Əsində, bu tamaşa mənim rejissor kimi diplom işimdir. Keçən il Boris Şukin adına Teatr İnstitutunda sınaqdan keçdiyim imtahanda da müəllimlər tərəfindən yüksək balla qiymətləndirilib. Bu il müdiriyyət tərəfindən festivalda iştirak etmək təklifini alandan sonra tamaşa üzərində yenidən iş başladı. Teatr aktyorlarımızın psixoloji tiplər palitrası genişdir. Gürcü xalqının dərdi də, sevinci də bizə yaxındır.
Buna görə də Əməkdar artistlər Elşən Rüstəmov (Beri), Almaz Amanova (Berinin arvadı), Ayşad Məmmədov (Coğrafiya müəllimi), aktyorlar Rüstəm Rüstəmov (Kolxoz sədri və meşəbəyi), Dilarə Nəzərova (Tibb bacısı), Firuzə Balayeva (Qonşu qadın) və digərləri yüksək ustalıq nümayiş etdirdilər.
Beynəlxalq festivalda fərqləndiyimizə görə sevinirik. Bundan sonra da Azərbaycan mədəniyyətinin uğurları naminə əlimizdən gələni edəcəyik.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”