Azərbaycanı dünyaya tanıdacaq növbəti film – “Hörmət”

post-img

Türkiyənin “Alfeka” və Azərbaycanın “Navis Film” şirkətinin birgə istehsalı olan “Hörmət” filminin çəkilişləri başa çatıb. Bu barədə “Alfeka” şirkəti sosial medya hesablarında paylaşım edib. 

Film Bakıda tək yaşayan və maddi ehtiyaclarını qarşılamaq üçün özünə iş axtaran gənc adamdan bəhs edir. Bu gəncin həyatını və başına gələnləri özünəməxsus şəkildə göstərən ekran işi təsvir və səs effektlərini mükəmməl tərzdə izləyicilərə çatdırır. 

Filmin quruluşçu rejissoru Emil Əli, prodüseri Ali Araz, ko-prodüseri Rəhim Abbasov, təsvir rejissoru isə Elçin Quliyevdir. 

Ekran əsərində əsas rolları Amid Qasımov,  Ləman Mərrih və digərləri canlandırıb. Psixoloji-dram janrında olan film Ali Araz və Turap Başelin “Barınak” ssenarisinin motivləri əsasında çəkilib.

Çəkilişləri Bakıda tamamlanan filmin, post-prodakşn işləri isə Türkiyənin İstanbul şəhərində gerçəkləşdirilib. 

Qeyd edək ki, film dünyanın bir çox nüfuzlu kino festivallarına tədqim olunacaq. 

Fidan HÜQUQQIZI,

 “Xalq qəzeti”

Mədəniyyət