Qocaman həmkarımız ata yurdunu vəsf edir

post-img

Altmış ilə yaxın ölkə miqyasında tanınmış jurnalist kimi ad-san qazanmış, bu müddətin hamısını “Xalq qəzeti” ( “Kommunist”)  redaksiyasında çalışmış, mənim də orta təhsil aldığım məktəbin məzunları arasında fəxri ada layiq görülmüş ilk həmkalarımızdan biri olan Telman Heydərovu lap çoxdan tanıyıram. Hətta iyirmi ilə qədər eyni kollektivdə çalışmışıq. Dəfələrlə qeyd etmişəm ki, mən Telman Heydərovun  atası, rəhmətlik  Əziz müəllimin on illər boyu direktoru olduğu məktəbdə oxumuşam. 

Ustad həmkarımızın ata yurdumuz Qəbələni vəsf edən dörd bəndlik şeirini təqim etmək üçün qələmə aldığım sətirlərdə onu çoxdan tanıdığımı xatırlatmağım təsadüfi deyil. Çünki onun həmkarlarının hamısı  kimi mən də bilirəm ki, Telman müəllim ömrü boyu siyasi məzmunlu qəzetin  ictimai-siyasi şöbələrində çalışmış, sonralar uzun illər ona rəhbərlik etmişdir. O,  ədəbiyyata, şeirə, sənətə ürəkdən bağlı olsa da (ən çox sevdiyi şair Rəsul Rzadır və istənilən məclicimizdə Rəsul Rzanın hansısa mütləq şeirini oxuyur), nə zamansa şeir yazdığını mən də eşitməmişdim, köhnə iş yoldaşları da, hətta övladları da.  

Ancaq yaş gəlib 85-i haqlayanda ürək elə kövrəlir ki, heç zaman poetik hisslərini dilə gətirməmiş adam da ata yurdunu vəsf etməyə çalışır. Adətən, kiminsə ilk və ya yeni şeirini oxuculara təqdim edənlər müəllifə yeni-yeni uğurlar arzulayırlar. Mən isə onu dəyərli sətirlərə görə, sadəcə, təbrik  edir və 90 yaşında da hansısa bir şeirini ictimailəşdirməyə söz verirəm. 

Xatırladım ki, şeirdə adı çəkilən “Yeddi gözəl” rayondakı şəlalələrdən birinin adıdır. “Yatmış gözəl” isə Qafqaz sıra dağlarının cənub yamacında təbiətin on kilometrlərlə uzunluğu olan qayalardan “yaratdığı” yatmış qadın heykəlinə bənzəyən  möcüzəli təsvirdir. O təsvir Oğuza və ya İsmayıllıya nisbətən Qəbələdən daha yaxşı görünür. 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”,

Əməkdar jurnalist,
Qəbələ rayonundakı
Hacallı kənd orta məktəbinin məzunu. 
        

 Qəbələ 

Təvəllüdün eramızdan qocadır, 

Şan-şörətin Şahdağından ucadır, 

Tarixində hər daşın öz  izi var – 

Görən deyir, bir lövhədir bu diyar, 

Dildə gəzən şux nəğməsən, Qəbələ!

                    ***

Polad kimi igidlərin var sənin, 

Sınanıblar dar günündə Vətənin. 

Hər övladın üzügülər, bəxtəvər –

Qonağını övlad kimi çox sevər, 

Çox məqamda ilk,  əzəlsən, Qəbələ!

                                ***

“Yeddi gözəl” möcüzədir, möcüzə, 

“Yatmış gözəl” “baxır” bizə gizlicə. 

Nohur gölü mavi gözlü gəlindir, 

Bulaqların “dağdan gəlir”, sərindir –

Bir şeirsən, bir qəzəlsən, Qəbələ. 

                     ***

Meşələrin heyran edir görəni,  

Hər çölün bir göz oxşayan səməni. 

Ağ buludlar başın üstdə çətirdir, 

Dörd bir yanın gül-çiçəkdir, ətirdir...

Telman bilir, çox gözəlsən, Qəbələ!

Telman HEYDƏROV    

Mədəniyyət