Beynəlxalq Bayburt Sənətçilər Dərnəyi tərəfindən həyata keçirilən “İstanbul Beynəlxalq 7-ci Nizaməddin Kutlu Mədəniyyət və İncəsənət Mükafatları” mərasimi keçirilib.
Maltepe Prof.Dr. Türkan Saylan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə azərbaycanlı araşdırmaçı yazar Xalidə Xalid ədəbiyyat üzrə xüsusi mükafata layiq görülüb.
Bu gecədə çoxlu sayda incəsənət, ədəbiyyat və mətbuatdan tanınmış simalar bir araya gəliblər. Gecə boyu duyğulu anlar yaşanıb.
İştirakçılar mədəniyyət və incəsənətin cəmiyyət üzərində birləşdirici gücünü vurğulayaraq, maraqlı fikirlər səsləndiriblər.
Ədəbiyyat üzrə Xüsusi Mükafata layiq görülən araşdırmaçı yazar Xalidə Xalidin ədəbiyyat sahəsindəki fəaliyyəti, apardığı araşdırmalar və mədəni irsə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Mükafatını qəbul edən Xalidə Xalid çıxışında böyük qürur və sevinç hissi ilə bu fikirləri səsləndirib:
“Dəyərli qonaqlar, hörmətli siyasətçilər, sənətçilər, ziyalılar, mətbuat nümayəndələri və könül dostları…
Beynəlxalq Bayburt Sənətçilər Dərnəyi tərəfindən təşkil edilən “İstanbul 7-ci Beynəlxalq Nizaməddin Kutlu Mədəniyyət və İncəsənət Mükafatları”nın təqdimat mərasimi yalnız bir mükafat mərasimi deyil, əməyin, sədaqətin və mədəniyyətə həsr olunmuş bir ömrün taclandırıldığı xüsusi bir görüşdür.
Bu gün mükafat alan hər bir isim yalnız öz uğurunu deyil, həm də ümidi, mübarizəni və cəmiyyətə miras qalan dəyərləri təmsil edir.
Mən də xüsusilə şəhidlərimizin əziz xatirəsini yaşatmağa yönəlmiş işlər görən, ədəbiyyat sahəsində qələminin sülh və gözəl duyğulara xidmət etməsinə ürəkdən bağlı olan bir yazar olaraq mədəniyyət və incəsənətin yalnız estetika deyil, həm də bir yaddaş, bir vicdan və bir vətən məsələsi olduğuna inanıram.
Bu önəmli gecənin təıkil edilməsində əməyi olan, başda Beynəlxalq Bayburt Sənətçilər Dərnəyinin qurucusu və idarə heyətinin sədri Ülkü Koçana, dəyərli münsiflərə və fəaliyyətimin tanınmasına və siz tərəfdən dəyərləndirilməsinə vasitəçi olan yazıçı Betül xanım Fırata təşəkkür edirəm.
Bu gözəl gecənin birlik, ilham və unudulmaz xatirələrlə dolu olmasını arzulayıram. Mükafat alan bütün dəyərli isimləri ürəkdən təbrik edirəm. Qardaşlığımız və qəlblərimiz hər zaman bir olsun.”


