Prezident bəşəriyyət üçün təhlükə yaradanlara humanizm və siyasi əxlaq dərsi keçdi

post-img

Müasir çağırışların cavablandırılması, beynəlxalq terrorizmə qarşı mübarizə, sülh, təhlükəsizlik məsələləri və digər bəşəri problemlərin çözülməsi, münaqişələrin araşdırılması üçün nüfuzlu təsisat olan Qoşulmama Hərəkatı Azərbaycanın bu quruma sədrliyi dönəmində çevikliyi, ədalətli mövqeyi ilə dünya siyasətinə təsirini  xeyli  gücləndirib.

Belə ki, Hərəkata üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələr son dövrdə xeyli artaraq ümumi məqsədlər uğrunda mübarizəyə yeni töhfələr verir. Çox da uzaq olmayan keçmişə nəzər saldıqda məlum olur ki, bəşəriyyət üçün kabus sayılan COVID-19 pandemiyasından əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problemin aradan qaldırılması istiqamətində Qoşulmama Hərəkatının, onun indiki sədri, Azərbaycan Prezidenti  İlham Əliyevin təşəbbüskar, səmərəli fəaliyyəti bütün dünyada rəğbətlə qarşılanıb.

Ölkəmizin başçısının “peyvənd millətçiliyi” ilə bağlı təklifinin BMT-də sənəd kimi qəbul olunması bu ədalətsizliyin aradan qaldırılması, kasıb ölkələrin pandemiya təhlükəsindən xilas edilməsi üçün imkanları xeyli genişləndirib.

Hərəkatın Azərbaycan paytaxtından bəyan edilən təşəbbüsləri onun BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum olaraq nüfuz və gücünü artırmaqla yanaşı, ölkəmizin də dünyada mövqeyini xeyli möhkəmləndirir.

Bugünlərdə Bakı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etməklə yenidən dünyanın diqqət mərkəzindədir. 

Ümumiyyətlə, paytaxtımız Bakı dünyada  narahatlıq doğuran və  bəşəriyyət üçün təhlükələrin aradan qaldırılması ilə bağlı bir sıra nüfuzlu beynəlxalq mövzuların müzakirə edildiyi mərkəz kimi məşhurlaşıb.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin görüşün açılışında çıxışı dünyanı qütblərə bölən, ədalətsiz qərarları, məsuliyyətsiz bəyanatları ilə bəşəriyyəti məhvə sürükləmək iddiasını ortaya qoyanlara növbəti sərt təpki, eyni zamanda, siyasi dərs oldu. Azərbaycan rəhbəri Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından dərin narahatlığını ifadə etdi.  Prezident qeyd etdi ki, Fransa neokolonializmi hələ də davam etdirən, müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışan ölkə olaraq ənənəvi vərdişindən əl çəkməyib.

 Rəsmi Parisin Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirən Prezident İlham Əliyev Fransanı Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, Yeni Kaledoniya xalqının, eləcə də digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırdı. Azərbaycan lideri Fransanın yaxın keçmişdə Afrikada törətdiyi dəhşətli soyqırımı vəhşiliyindən söhbət açaraq təkcə Əlcəzairdə 1,5 milyon dinc insanın qətlə yetirildiyini vurğuladı. 
 Prezident İlham Əliyev Fransanın insanlıq adına utanc olan əməllərinə toxunaraq bildirdi ki, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri fəxrlə müharibə qənimətləri kimi saxlanılır. Dövlətimizin başçısı bu ölkənin prezidenti, Emmanuel Makrondan həmin mübarizə qurbanlarının qalıqlarını Əlcəzairə təhvil verməsini tələb etməklə humanizm prinsiplərinə sədaqətini nümayiş etdirdi. Bu sərt açıqlamanın nişan verdiyi həqiqət budur: Özünü dünyaya “insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi” kimi təqdim edən Fransa, əslində, bəşəri ədaləti ayaqlar altına salmaqdan çəkinmir. 

Afrikada amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu anlamayan Fransa iyrənc siyasi təcrübəsini Cənubi Qafqazda da tətbiq etməyə çalışır, Azərbaycanın daxili işlərinə qarışmaq, Qarabağda  erməni separatizmini dəstəkləmək kimi bədnam addımlardan çəkinmir. Prezident Makronun timsalında bu ölkənin rəhbərliyi qəbul etmək istəmir ki, regionda söz və güc sahibi, o cümlədən sülh və təhlükəsizliyin təminatçısı Azərbaycan və onun lideridir!

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının rəhbəri kimi bu qurumun  məram və prinsipləri baxımından dünyada vüsət alan islamofobiya və ksenofobiya hallarından, eləcə də  ümumbəşəri dəyər olan İslam dininin məqsədli şəkildə terrorla və digər qeyri-insani rəftarla eyniləşdirilməsi kimi uğursuz cəhdlərdən də narahatlığını ifadə etdi, bu meyilləri kəskin pislədi. Prezident Danimarka, Niderland və İsveçdə müqəddəs Quranın yandırılmasını, təhqir olunmasını və buna ifadə azadlığı adı altında bəraət verilməsinin qəbuledilməz olduğunu bildirdi.

Beləliklə, Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransa liderinə, onun kimi düşünən, dünyanı ədalətsiz qərarları ilə məhvə sürükləmək iddiasında olan siyasətçilərə humanizm və  siyasi əxlaq dərsi keçdi.

Azərbaycan lideri qətiyyətlə bəyan etdiyi və dünya ictimaiyyətini dərindən narahat edən qlobal problemləri yenidən gündəmə gətirməklə əsl həqiqətlərə  növbəti dəfə gur işıq saldı. Mümkündür ki, bu qınayıcı həqiqətlər məlum imperialist dairələr üçün qıcıq yaratsın, əlahəzrət həqiqəti eşitmək həmin qüvvələr üçün xoş olmasın. Əlbəttə, dünya bu gerçəyin tərəfindədir və Azərbaycan lideri İlham Əliyevin qlobal  problemlərin həlli istiqamətindəki siyasətini, bu yöndə müdrik və qətiyyətli fəaliyyətini dəstəkləyir.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Son xəbərlər