Aşıq sənətinə ehtiram: Aşıq Şənlik və Aşıq Ələsgər möhtəşəm proqramlarla yad edildi

post-img

Türk dünyasının görkəmli söz ustadları – Aşıq Şənlik və Aşıq Ələsgər – iki genişmiqyaslı mərasim çərçivəsində anılaraq, onların yaradıcılığı və ideya dünyası yenidən diqqət mərkəzinə gətirildi.

Anım proqramının ilk mərhələsi Xəzər Universitetinin Mərmər salonunda keçirildi. Məqasimdə Universitet Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, rektor Raziyyə İsayevə, Türkiyədən gəlmiş  Ərzincan Universitetinin professoru Ali Kafkasyalı, Dünya Qarapapaqlar Fondunun prezidenti Erkan Koçali, eləcə də çoxsaylı alimlər, sənət adamları və aşıqlar iştirak edirdilər. 

Açılış nitqi ilə çıxış edən Hamlet İsaxanlı aşıq sənətinin milli kimliyin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, bu sahədə aparılan tədqiqatların əhəmiyyətindən danışdı, aşıq sənətinin yaşadılmasına verdiyi töhfələrə görə Ali Kafkasyalıya təşəkkürünü bildirdi və onun qələmə aldığı əsərlərin bu sahədə mövcud olan mühüm boşluğu doldurduğunu vurğuladı.  O, xüsusilə folklorun tədris prosesində yer almasının gənc nəslin mənəvi dünyasına müsbət təsir etdiyini qeyd etdi.

Ərzincan Universitetinin professoru Ali Kafkasyalı çıxışında türk dünyasının ortaq mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini ön plana çəkdi. O, aşıq sənətinin yalnız milli çərçivədə deyil, qlobal səviyyədə dəyərləndirilməsinin zəruriliyini qeyd edərək, bu istiqamətdə görülən işlərin genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Proqram çərçivəsində “Aşıq Şənlik və dövrünün tarixi siması” və “Göyçənin müdrik ozanı Aşıq Ələsgər” adlı kitabların təqdimatı da keçirildi. Bu nəşrlər aşıq sənətinin elmi şəkildə araşdırılması və təbliği baxımından mühüm hadisə kimi qiymətləndirildi.

Tədbirlərin ikinci mərhələsi isə Milli Muğam Mərkəzində təşkil olundu. Burada keçirilən gecədə elm adamları, şairlər, aşıqlar və müxtəlif mədəniyyət nümayəndələri bir araya gəldi. Gecədə  çıxış edən Ali Kafkasyalı sənət və ədəbiyyatın sərhəd tanımayan gücündən bəhs edərək, Aşıq Şənlik və Aşıq Ələsgərin yalnız öz dövrlərinin deyil, bütün zamanların söz ustadları olduğunu qeyd etdi. O, bu böyük ozanların fərqli inanc və mədəniyyətlərə hörmətlə yanaşan, geniş və əhatəli düşüncə tərzini təmsil etdiklərini vurğuladı. 

Kafkasyalının çıxışı zalda böyük maraqla qarşılandı və iştirakçılar tərəfindən uzun müddət ayaqüstə alqışlandı. Mərasim çərçivəsində “Aşıq Şənlik və dövrün tarixi siması” adlı əsərin Azərbaycan Tarix İnstitutunun qərarı ilə İsmayıl Umudlu tərəfindən Azərbaycan türkcəsinə, Məcid Teymurifer tərəfindən isə İranda Təbriz türkcəsinə tərcümə olunduğu bildirildi. Qeyd edildi ki, bu addım əsərlərin daha geniş coğrafiyada yayılmasına və oxucular tərəfindən daha yaxşı anlaşılmasına mühüm töhfə verəcək.

Hər iki proqramın sonunda Azərbaycanın tanınmış aşıqları – müəllim-aşıq Ramin Qarayevin rəhbərliyi ilə səhnəyə çıxaraq tamaşaçılara yaddaqalan musiqi proqramı təqdim etdilər. Proqramların aparıcılığını AMEA Folklor İnstitutunun dosenti İlhamə Qəsəbova həyata keçirirdi,  musiqili proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.

Bu layihələr bir daha sübut etdi ki, aşıq sənəti yalnız keçmişin yadigarı deyil, bu gün də yaşayan, inkişaf edən və türk dünyasının ortaq mədəni kimliyini formalaşdıran güclü mənəvi sərvətdir. Bu cür təşəbbüslər isə milli-mədəni dəyərlərin qorunması və dünya miqyasında tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Namiq Qədimoğlu

XQ

 

 

 

 



Mədəniyyət